XƏBƏRLƏR / Sağlamlıq

Ərdoğanın bütün görüşləri və səfərləri ləğv edildi

Bu barədə Türkiyə Prezidenti "Facebook" hesabında məlumat yayıb

Ərdoğanın bütün görüşləri və səfərləri ləğv edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Bu barədə Ərdoğan "Facebook" hesabında məlumat yayıb.

    O, dünənki canlı yayım zamanı yaşanan xırda narahatlığa görə arzu və dualarını çatdıran hər kəsə təşəkkür edib.

    "Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəyəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaş-bacılarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqqını halal etsinlər. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik", - Ərdoğan deyib.

    Bu arada Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş açıqlama verib.

    Onun sözlərinə görə, Ərdoğanın səhhəti yaxşıdır: “Bunların hamısı bu gün geridə qaldı. Prezidentimiz kifayət qədər sağlamdır. Öz günlük proqramına davam edəcək”.

    Qeyd edək ki, dünən Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.