Zəngilanda “ASAN xidmət” fəaliyyətə başladı FOTO
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib
Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bu barədə məlumat verilib.
Mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.
Dövlət Agentliyi tərəfindən qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub.
Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub.
İlkin olaraq yerində otuz yeddi nəfərə məhkumluq arayışının verilməsi xidməti həyata keçirilib.
Həmçinin sorğu nəticəsində otuz nəfərə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, üç nəfərə ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, bir nəfərə sürücülük vəsiqəsinin dəyişdirilməsi, beş nəfərə isə məhkumluq arayışının verilməsi xidməti üzrə ehtiyac müəyyən edilib.
Səyyar ASAN xidmət tərəfindən 9 avqust 2022-ci il tarixdə müəyyən edilmiş ehtiyaclar üzrə müvafiq xidmətlərin göstərilməsi təmin ediləcəkdir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.