XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti İrana Tağızadə vəfat edib

Bu barədə Akademik Rus Dram Teatrı məlumat yayıb

Xalq artisti  İrana Tağızadə vəfat edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanın Xalq artisti, Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə vəfat edib. Bu barədə Akademik Rus Dram Teatrı məlumat yayıb.

    Xalq artisti bu gün səhər dünyasını dəyişdiyi bildirilib.

    Qeyd edək ki, İrana Tağızadə əfsanəvi rejissor Tofiq Tağızadənin qızıdır, Əməkdar artist Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

    Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadənin ölümü ilə bağlı nekroloq yayıb.

    "Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü İranə Tağızadə 66 yaşında vəfat edib. İranə Tofiq qızı Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976-1981-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.

    Bu sənət ocağında çalışdığı müddətdə İ.Tağızadə F.Dostoyevskinin “Karamazov qardaşları”, U.Şekspirin “On ikinci gecə”, T.Uilyamsın “Arzu tramvayı”, Elçinin “Artistin taleyi”, “Teleskop, ya yuxuda və reallıqda uçuşlar”, M.Kamolettinin “Ah, bu Anna”, A.Puşkinin “Çar Saltanın nağılı”, R.Şartın “Mənim arvadımın adı Morisdir” və s. bu kimi tamaşalara quruluş verib.

    Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin “Sənətkarın taleyi” quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

    Allah rəhmət eləsin!".