MÜSAHİBƏ

"Vardanyan" layihəsinin əsas məqsədi

Qarabağ separatçılarının "dövlət naziri" postundan getmiş Ruben Vardanyanın Xankəndidən çıxmaması nə ilə nəticələnə bilər?

"Vardanyan" layihəsinin əsas məqsədi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ruben Vardanyan Qarabağ separatçılarının "dövlət naziri" postundan getsə də, Xankəndidən çıxmaq fikrində deyil. O, özü bu barədə erməni mətbuatına bildirmişdi. Qeyd edək ki, Azərbaycanın şərtlərindən biri bu idi ki, Vardanyan qondarma dövlət naziri postundan getsin və Qarabağdan çıxsın. 

    Politoloq Fərhad Məmmədova görə, Vardanyan Rusiyanın layihəsi olduğu üçün istəyir ki, hələ onu Xankəndidə saxlasın.

    "Çünki bu layihənin əsas məqsədi Qarabağ ermənilərində müqavimət ruhunun möhkəmlənməsi idi. Və onun Qarabağdan getməsi Qarabağ ermənilərinin çıxıb getmələri ilə nəticələnəcək. Çünki o, bir simvoldur. Onun ritorikası, istifadə etdiyi kəskin fikirlər Qarabağda olan "rəhbərliy"in fikirlərindən fərqli idi və birbaşa Azərbaycana və onun rəhbərliyinə ünvanlanmışdı. Belə bir insanın Qarabağdan çıxması Qarabağ ermənilərinin təşvişinə səbəb olardı. Azərbaycanın əsas məqsədlərindən biri o idi ki, Vardanyan "post"undan getsin və Azərbaycanla danışıqlarda iştirak etməsin. İndidən belə də heç nəyə qarışa bilməyəcək, çünki nə "rəsmi" vəzifəsi var, nə də bir siyasi qüvvənin rəhbəridir".

    Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova görə, "faydalı səfeh", yəni Vardanyan guya ki, ermənilərə xidmət edir...

    "Amma o gələndən sonra Qarabağ ermənilərinin vəziyyəti qat-qat pisləşib. Onun orada qalması ilə kriminal qruplaşmalar arasında gərginlik daha da artacaq. Çünki Xankəndidəki qüvvələr arasında toqquşmalar siyasi yönümlü deyil. Onların kriminal maraqları toqquşub. Qoy orada qalsın, bir-birilərini qırsınlar". 

     Xarici işlər naziri Ceyhun Bayramov isə jurnalistlərə bildirib ki, Azərbaycan bundan əvvəl Qarabağ erməniləri ilə əlaqə saxladığını bəyan edib. 

    ““Kənardan gələn və ya göndərilən, kiminsə oyununu oynayan, Qarabağla heç bir əlaqəsi olmayan adamla heç vaxt danışmayacağıq. Vardanyan məhz belə mövqe tutub və bu, qəbuledilməzdir. Bu, cəmi bir neçə ay davam etdi. Vardanyanın arxasında duranlar da nəhayət anladılar ki, bu layihənin perspektivi yoxdur.

    Biz dəfələrlə bildirmişik ki, biz kənardan gələn və ya göndərilənlərlə deyil, Qarabağ erməniləri ilə danışacağıq. Gördüyümüz kimi, Azərbaycanın haqlı tələbləri nəticəyə gətirib çıxardı”.