Uill Smit Kino Sənəti və Elmləri Akademiyasını tərk etdi
Uill Smit 94-cü Akademiya Mükafatlarında həyat yoldaşını müdafiə edərək, aparıcı Kris Roku yumruqlamışdı

Amerikanın “Deadline” nəşri xəbər verir ki, aktyor Uill Smit "Oskar" mərasimində aparıcı Kris Roka yumruq vurduqdan sonra Kino Sənəti və Elmləri Akademiyasını tərk edib.
Uill Smit 94-cü Akademiya Mükafatlarında həyat yoldaşını müdafiə etmişdi. Hadisə aparıcı Kris Rokun Smitin həyat yoldaşı Jada Pinkett-Smitn saç düzümü ilə bağlı zarafat etməsindən sonra baş verib. Bir müddət əvvəl Pinkett-Smit saç tökülməsi problemindən danışmış və mərasimə başını qırxıb gəlmişdi. Bu sözlərdən sonra Uill Smit səhnəyə çıxaraq həmkarının üzünə zərbə endirib.
"94-cü mərasimdəki hərəkətlərim sarsıdıcı, ağrılı və bağışlanmaz idi... Kino Sənətləri və Elmləri Akademiyasının üzvlüyündən istefa verirəm", - Smit açıqlamasında deyib.
Smit Rokun özünü, eləcə də “ailəsini”, mərasimdə iştirak edən hər kəsi və dünyanın hər yerindən mükafatları izləyən tamaşaçıları incitdiyini bildirib. "Mən Akademiyanın etimadına xəyanət etdim. Digər nominantları və qalibləri əla işlərinə görə qeyd etmək və təbrik almaq imkanından məhrum etdim. Ürəyim parçalanır", - aktyor bildirib.
O, davranışının bütün nəticələrini qəbul etməyə hazır olduğunu bildirib.
Bundan əvvəl Kino Sənəti və Elmləri Akademiyası Smitə qarşı intizam işi açdığını bildirmişdi.
Uill Smitin 2022-ci il Oskar mükafatlandırma mərasimində təşkil etdiyi qalmaqal artıq onun peşəkar karyerasına təsir etməyə başlayıb. "The Wrap" nəşrinə məlum olduğu kimi, agentlər Smit və həyat yoldaşı Jada Pinkett Smit tərəfindən təşkil edilən "Westbrook" studiyası ilə əməkdaşlıqdan imtina etməyə başladılar.
"Mən "Westbrook"a heç bir layihə verməyəcəyəm. Məndə olan və hazırda danışıqlarda olan layihələri geri götürmək niyyətindəyəm", - adının çəkilməsini istəməyən tərəfdaşlardan biri şərh edib.
2019-cu ildə qurulan studiya Smitə 2022-ci il "Oskar"ını qazandıran "Kral Riçard" və "Netflix"dən "Cobra Kai", "Bel Air" və onun həyat yoldaşının "Qırmızı Masa Söhbətləri" adlı tok-şousu da daxil olmaqla, bir neçə teleserialın birgə istehsalı ilə məşğul olub. Uill Smitin özü və "Westbrook" bu hadisələrlə bağlı hələlik şərh verməyib.