Tikintidə çalışan usta 5-ci mərtəbədən yıxılıb öldü
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam edir

Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadə mayın 30-u saat 12 radələrində hündürlükdən düşərək ölüb. Bu barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.