BLOQ

Tarixi yaddaşın üstünə suvaq çəkdilər

1918-ci ildə dağıdılan İsmailiyyə sarayının gülləboran deşiklərini (Sovet dövründə də qalmışdı) sonradan bağladılar

Tarixi yaddaşın üstünə suvaq çəkdilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 105 il öncə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş vermis hadisələrdə, Bakıda erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda dağıntılara məruz qalmış binalardan biri Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunan İsmailiyyə sarayı (hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi bina) olmuşdur.

    Binanın daha çox interyeri və şərq fasadı dağılıbmış ki, sonradan bərpa edilib. İstiqlal küçəsindəki əsas fasadı isə nisbətən az zədələnibmiş.
    Sovet hakimiyyəti bu fasadın künclərinə həkk edilmiş Quran ayələrini qızılı ulduzlarla əvəzləmişdi.

    Yaxşı xatırlayıram, məktəbli və tələbə illərimdə hər gün bu binanın qarşısından keçərkən gözüm fasadda gülləboran dəliklərinə sataşırdı.

    İrili-xırdalı güllə dəlikləri o məşum qanlı hadisələrin xatiratı kimi qalırdı. Təəccüblü idi ki, sovet hakimiyyəti fasada sığal çəkib bu izləri itirməmişdi. Həmin dəlikləri yalnız yaxından aydın görmək olurdu deyə bunlar binanın ümumi gözəlliyinə heç də xələl gətirmirdi.
    Bunları tarixi yaddaşın əyani bəlirtilərinin muzey timsallı bir hissəsi kimi necə vardı, elə də saxlamaq lazım idi.

    Paradoksdur ki, müstəqillik illərində hansısa ağılsız məmur təmirinə məruz qalmış bu fasadın tozunu alıb ağardanda həmin gülləboran izlərinə suvaq çəkib üstünü malalamışlar. Çox təəssüf…