Şərq musiqisinin Peyğəmbəri VİDEO

Şuşa Dövlət Qoruğu İdarəsi Cabbar Qaryağdıoğlu barədə videoçarx hazırlayıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şuşa Dövlət Qoruğu İdarəsi "Şərq musiqisinin Peyğəmbəri" adlandırılan Cabbar Qaryağdıoğlu haqqında video hazırlayıb. 

    Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Onun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur.

    Azərbaycanda opera sənətinin meydana gəlməsində Cabbar Qaryağdıoğlunun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.

    1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib.

    1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib.

    Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 28-də vəfat edib.