BLOQ

Sağ qalanlar annələrə təsəlli

Şəhidlərin ruhu gülər, Bismillah

Sağ qalanlar annələrə təsəlli
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Əhməd Cavadın "Bismillah" şerindən bu sətirləri 104 il əvvəl bu gün - Bakının erməni-rüs-ingilis qoşunlarından azad edildiyi 15 sentyabrın səhər saatlarında "Müsavat" partiyasının üzvləri Bakının küçələrində qalibiyyət yürüşü edərkən oxuyurdular.
    Neçə aylardan bəri ölüm və talan təhlükəsi, qorxu və təlaş içində yaşayan Bakının müsəlman əhalisi gözlədikləri bu qurtuluş günündə küçələrə, evlərin damlarına, balkonlara axışaraq bu ilk qalibləri alqışlayırdı.

    Qafqaz İslam Ordusunun möhtəşəm qələbəsindən sonra "Qurd qapısı" məkanında dayanaraq şəhərə daxil olmadığı bir zamanda müsavatçıların bu ilk Qələbə yürüşünə çıxmağa tam haqqları vardı.

    Çünki İstanbulda misilsiz diplomatik fəaliyyəti ilə bu qələbəyə böyük töhfə vermiş Müsavat lideri Məhəmməd Əmin Rəsulzadədən başlayaraq partiyanın ən sıravi üzvlərinə qədər - bu günü reallaşdırmaq üçün mümkün olan hər işi görmüşdülər. Türk ordusu qərargahlarını xəritələrlə, ingilis qoşunlarının yerləşmə planları ilə, ən müxtəlif xarakterli məlumatlarla təmin etmək, gizli tapşırıqları yerinə yetirməklə yanaşı müsavatçılar silahlı milis dəstələri şəklində Bakı uğrunda döyüşlərdə iştirak etmişdilər. Bu faktı ingilis generalı Densrervil də öz xatirələrində təsdiq edirdi: "İngilis qoşunlarının qərargahı, yüksək rütbəli zabitlərin yaşadığı və keçdikləri yerlər türklər tərəfindən elə bir riyazi dəqiqliklə atəşə tutulurdu ki, müşahidəçinin ingilislərin cəmi yüz addımlığında olmasına şübhə qalmırdı"...

    Azərbaycanın müstəqil milli dövlətçiliyi tarixində 28 maydan sonra ən əlamətdar hadisə sayılan - Bakının azad olunmasının növbəti ildönümü münasibəti ilə yerli əhalinin və siyasi qurumların bu qələbədə yeri mövzusunda bir yazı yazmaq və xalqımızı bu təntənəli gün münasibəti ilə təbrik etmək istəyirdim, amma 3-cü gündür əlim heç bir işə yatmır...
    Tarixi də artıq 100 ildən çox olan "Şəhidlər" mövzusuna sanki artıq alışmalı olsaq da, bu son günlərin şəhidlərinin, bu nakam gənclərimizin surətləri göz önündən getmir, qarşılarında bir günahkarlıq sindromu keçirirəm, Səbuhinin o sakit, düşüncəli baxışları yəqin ki, hələ uzun müddət bu ağrını, əzabı yaşadacaq...
    104 ildir mütəmadi şəhid veririk.. Öz tarixi torpaqlarımızda, neçə nəsil şəhidlərin, igid, qəhrəman oğulların qanı və şücaəti, Böyük Kişilərin əzmi və müdrikləri ilə qurduğumuz dövlətimizdə bizi rahat yaşamağa qoymurlar...
    Özümüz bunun üçün daha nə edə bilərdik və etməmişik?
    Bu ayrı mövzudur.
    Amma qoy Bu gün, paytaxt Bakımızın tarixi Zəfər günündə bu hissi bizə yaşatmış şəhidlərimiz də daxil, bütün bu illər ərzində verdiyimiz qurbanların ruhu Əhməd Cavadın təbirincə deyilərsə "gülsün", çünki müqəddəs və tüksək Məqam - Ana Torpaq uğrunda şəhid olublar.
    Unutmayaq! Onların yaşanmayan həyatı, doğrulmayan ümidləri, yarımçıq qalmış arzuları qarşısında borc və məsuliyyətimizi anlayaq!
    Anlayaq ! Çünki hər şəhid adı, hər şəhid qanı ilə bizim hər yaşanan günümüzün qiyməti artır!
    Bu həqiqəti anlayaq. Hamımız. Ən yüksək məmurdan ən sıravi əməkçiyə, ən Ali Mənsəblidən bu gün ilk dəfə məktəbə gedən övladlarımıza qədər.
    Bu sonuncuların şəhid olmaq ehtimalı qarşısında da məsuliyyətimizi anlayaq.
    Anlayaq ! Və...