XƏBƏRLƏR / İctimaiyyət

Saatlıda vətəndaşlarla polis arasında qarşıdurma

Yerli sakinlərin sözlərinə görə, uzun müddətdir ki, əkin sahələrinə su verilmir, bütün əkin sahələri yanıb

Saatlıda vətəndaşlarla polis arasında qarşıdurma
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinləri Bakı istiqamətində əsas yolu bağlamağa cəhd ediblər. Onlar suyun olmamasına etiraz ediblər.

    Yerli sakinlərin sözlərinə görə, uzun müddətdir ki, əkin sahələrinə su verilmir, bütün əkin sahələri yanıb.

    “İçməli su belə yoxdur, kanallar boşdur. Dəfələrlə müxtəlif orqanlara müraciət etmişik, ancaq yox”, - deyə yerli sakinlərdən biri bildirib.

    “Dövlət hətta çənlərlə içməli suyun verilməsini belə təmin etmir. 15 ton su 10-20 manata satılır, bu da 10 günə bəs edir”, – başqa bir etirazçı bildirib.

    Polis etirazçıları dağıtdı, zərər çəkənlər var. Yerli sakinlərin verdiyi məlumata görə, rezin güllələrdən xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib, 10-a yaxın adam saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu kəndlərin sakinləri su problemi ilə bağlı etiraz edərək magistral yolu bağlamağa cəhd ediblər.

    “Əraziyə gələn rayon polis şöbəsinin, rayon icra hakimiyyətinin əməkdaşları və Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri onlarla izahat xarakterli söhbətlər aparıblar. Bundan sonra insanların çoxu dağıldı. Lakin bir qrup şəxs tabe olmayıb və ictimai asayişi pozmaqda davam ediblər. Onlar saxlanılaraq rayon polis şöbəsinə aparılıb.Faktla bağlı araşdırma aparılır”, - deyə DİN-dən bildiriblər və aksiya iştirakçılarına atəş açılması ilə bağlı deyilənləri təkzib ediblər.

     Ərazi Bölmələrini İdarəetmə Birliyi öz növbəsində "Turan" agentliyinə bildirib ki, hadisə ilə bağlı Saatlı Mərkəzi Rayon Polis Şöbəsinə heç kim gətirilməyib.