XƏBƏRLƏR / İqtisadiyyat

Rusiya ilə ticari dövriyyəmiz 9 milyard ABŞ dollarını ötüb

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Kazanda keçirilən "Rusiya - İslam dünyası: Kazanforum" 2023 sərgisində deyib

Rusiya ilə ticari dövriyyəmiz 9 milyard ABŞ dollarını ötüb
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Azərbaycan vətəndaşlarına Rusiyada işləmək üçün daha da geniş imkanlar yaradılacaq. Kazanda ezamiyyətdə olan ANS Press-in müxbiri bildirib ki, bunu XIV Beynəlxalq İqtisadi Forum çərçivəsində "Rusiya - İslam dünyası: Kazanforum" 2023 sərgisində Rusiya hökumətinin vitse-premyeri Aleksey Overçuk Rusiya-Azərbaycan münasibətlərindən danışarkən bəyan edib.

    Rusiyanın vitse-premyeri Aleksey Overçuk

    O, sıx qrafiklərə baxmayaraq, vaxt tapəb Kazana gəldikləri üçün Azərbaycan nümayəndə heyətinə təşəkkür edib. Overçuk bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 9 milyard ABS dollarını ötüb. Və bu məbləğ getdikcə artacaq. Belə ki, iki dövlət altı böyük layihə üzərində işləyir. Ən uğurlu layihələrdən olan Şimal-Cənub dəhlizidir. Regional inkişafa zəmin yaradan bu layihədən 200 milyon insan yararlanacaq.

    "May ayında Bakıda keçirilən Moskva günləri bir daha sübut etdi ki, bizim xalqlarımız dostdurlar və bu dostluğu heç kim poza bilməz". Overçuk belə deyib. 

    Daha sonra çıxış edən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib ki, regionlararası münasibətlər böyük əhəmiyyət kəsb edir. Şahin Mustafayev buna sübut kimi ölkələrarası keçirilən bir sıra forumları göstərib: "Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu münasibətləri daim qoruyur və əməkdaşlıq üçün bütün şərait yaradılır". 

     Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev

    Azərbaycanın vitse-premyeri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin Rusiyanın ən yüksək meydanlarında keçirdiyinə görə Rusiya rəhbərliyinə təşəkkür edib.

    Şahin Mustafayev iqtisadi əlaqələrdən danışarkən bildirib ki, 2022-ci ildə bu əlaqələr 22% artıb və bu il də artan dinamika ilə inkişaf edir: "Rusiya bu il Azərbaycanın müxtəlif layihələrinə 1 milyard ABŞ dollarından çox sərmayə qoyub. İki ölkə aqrar sahədə də əməkdaşlıq edir. Belə ki, Rusiya Azərbaycanı gübrə və digər məhsullarla təmin edir. Neft-qaz sahəsində də Rusiya Azərbaycanın ən böyük partnyorudur. Məsələn, “Lukoil” və “Qazprom”un Azərbaycanda inkişafını nümunə göstərmək olar. Bundan əlavə, 2022-ci ildə nəqliyyat logistikasi 50% çoxalıb". 

    Mədəni əlaqələrə toxunan azərbaycanlı vitse-premyer deyib ki, Azərbaycanda ödənişsiz fəaliyyət göstərən 300-dən çox rusdilli məktəb var. “Ali təhsil məktəblərində də rus bölmələri var. Bundan əlavə, Bakıda Moskva Dövlət Universitetinin və bəzi digər Rusiya universitetlərinin nümayəndəliyi var".

    Şahin Mustafayev “Şimal-Cənub” nəqliyyat dəhlizindən də danışıb: “Astaraçay uzərində körpünün tikintisi davam edir”.

    Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov forumda çıxışında bildirib ki, bu ilin ilk rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 796 milyon ABŞ dolları təşkil edib.

    Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov

    Nazir müavini Rusiya federasiyaları ilə əməkdaşlıqdan danışarkən “Tatarıstan-Azərbaycan” biznes-forumuna toxunub. Onun sözlərinə görə, Həştərxan vilayəti ilə də yüksək əməkdaşlıq var. “Bəzi Rusiya sahibkarları işğaldan azad edilmiş rayonların yenidən qurulması və  tikintisində iştirak etmək arzularını bildiriblər. Biz bu məramı alqışlayırıq". Sahib Ələkbərov belə deyib. "Rusiyanın 12 şəhəri ilə turizm əlaqəsi, o cümlədən hava yolları var. Həmçinin Azərbaycanın Naftalan və digər sanatoriyaları da Rusiya vətəndaşları üçün açıqdır. Yaxın zamanlarda nəqliyyat yolları da açılacaq". Azərbaycanın iqtisadiyyat nazirinin müavini bəyan edib.

    Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib ki, Həştərxanla Azərbaycanın mal dövriyyəsi 72 milyon ABŞ dolları təşkil edib. Qubernator hər zaman göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

    Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin

    “Azərbaycan və Həştərxan arasında bu günə qədər yalnız dəmiryolu əlaqəsi olub. Bu ildən biz dəniz yolunu inkişaf etdiririk”. Cənab Babuşkinə görə, bu il dənizlə mal daşınması dövriyyəsi 40% artıb: “Bu səbəbdən biz gəmi tikintisinə böyük diqqət yetirir və Azərbaycandan da gəmi tikintisinə sifarişlər gözləyirik”.

    Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev isə sahibkarları Azərbaycana dəvət edib, o cümlədən işğaldan azad edilən ərazilərə sərmayə qoymağa çağırıb: “Rusiyada ticarət nümayəndəliklərimiz var və hamını dəvət edirəm ki, gəlib Azərbaycana sərmayə qoysunlar”.

    AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev

    Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov da Rusiyanin orta ve kiçik biznes sahibkarlarını Azərbaycana dəvət edib. “Yerli əlaqəli təşkilatlarla, məsələn, “Delovaya Rossiya” və sair qurumlarla iriçapli layihələri həyata keçirir”.

    Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov

    “Əsas məqsədimiz Azərbaycanda iş adamlarına startap və digər səviyyələrdə inkişafı üçün maliyyə və təhsil dəstəyi verməkdir. Perspektivli startapların vergilərdən azad olunmasına dəstək oluruq". Orxan Məmmədov belə deyib.

    XIV Beynəlxalq İqtisadi Forum çərçivəsində "Rusiya - İslam dünyası: Kazanforum" 2023 sərgisi bu gün işinə başlayır. Azərbaycanı bu sərgidə ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki də təmsil edir. Sərgidə "Kazanforum"un dəvəti ilə VMF Saat Fabrikinin təsisçisi Vahid Mustafayev, fabrikin baş direktoru Orxan Məmmədov və digər şəxslər iştirak edir. O cümlədən, baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov, şeyxülsiam Hacı Allahşükür Paşazadə və digər vəzifəli şəxslər də sərgidə iştirak edir.

    “Rusiya-İslam Dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün 85 ölkədən və Rusiya Federasiyasının 84 regionundan 7210 nəfər qeydiyyatdan keçib. Ümumilikdə forum tədbirlərinin işində və dəstəyində 15 min nəfərin iştirakı gözlənilir. 

    Azərbaycan, İran, Malayziya, Tacikistan, Türkiyə və Özbəkistan kimi ölkələrdən 100-dən çox iştirakçı ilə ən böyük nümayəndə heyətləri gəlib. Ümumilikdə forumda 45 diplomatik nümayəndəlik, o cümlədən 37 fövqəladə və səlahiyyətli səfir iştirak edir.

    Rusiyanın təsis qurumlarından ən böyük nümayəndə heyətləri Moskva, Sankt-Peterburq, Başqırdıstan Respublikası, Mordoviya Respublikası, Çeçenistan Respublikası, Samara vilayəti, Orenburq vilayəti və Perm diyarından gəlib.

    Yüksək rütbəli qonaqlar arasında Rusiya Federasiyası Baş nazirinin müavinləri Andrey Belousov, Marat Xusnullin, Aleksey Overçuk, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də var. Forumda Rusiya Federasiyasının 17-dən çox subyektinin rəhbərləri də iştirak edəcək.

    “Yüksək səviyyəli qonaqların sayına və iştirakçı ölkələrin sayına görə rekord rəqəmlərə sahibik. Və bu yaxşı xəbərdir. Bu onu deməyə əsas verir ki, forum maraqlıdır, insanlar foruma gedirlər, forum bu qədər dostlar və tərəfdaşlar üçün cazibə mərkəzidir”, - İdman və Sosial Layihələr Direktorluğunun baş direktoru Maksim Denisov bildirib.

    “Rusiya - İslam Dünyası: KazanForum” 2023 Beynəlxalq İqtisadi Forumu çərçivəsində 200-ə yaxın müxtəlif tədbirin, o cümlədən strateji sessiyalar, konfranslar, dəyirmi masalar və s. keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, Kazan Forumu mayın 18-20 tarixlərində keçiriləcək.