BLOQ

Riçard Kozlariç: “Vaşinqtonda görüş “Putinə mesajdır”

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda görüşəcəklər

Riçard Kozlariç: “Vaşinqtonda görüş “Putinə mesajdır”
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan gələn həftə dövlət katibi Antoni Blinkenlə görüşmək üçün Vaşinqtona gedəcəklər. ABŞ Dövlət Departamenti qarşıdakı üçtərəfli görüşün təfərrüatlarını açıqlamır.

    Bundan əvvəl agentliyin mətbuat katibi Ned Prays "Turan"ın müxbirinə bildirib ki, Vaşinqton iki ölkə arasında sülhə nail olmaq üçün Ermənistan-Azərbaycan danışıqlarını dəstəkləməyə sadiqdir.

    "Biz Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ən faydalı hesab etdiyimiz işi edəcəyik”, - Prays dövlət katibilə iki ölkənin xarici işlər nazirləri arasında ünsiyyətin mümkünlüyü barədə sualın cavabında deyib.

    Blinken artıq Bayramov və Mirzoyanla şəxsən (sentyabrın 19-da Nyu-Yorkda) və telefonla (oktyabrın 4-də) üçtərəfli formatda görüşüb.

    Qarşıdakı nazirlər görüşü isə Vladimir Putinin Soçidə Ermənistan və Azərbaycan liderlərilə görüşündən bir neçə gün sonra baş tutacaq. Lakin görüşdə heç bir irəliləyiş əldə olunmayıb.

    ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) kimi Cənubi Qafqaz üzrə ekspertlər üçün Vaşinqtonda gözlənilən görüş “ABŞ-ın əvvəlkitək Cənubi Qafqaz məsələlərinə daxil olması barədə Putinə mesajdır”.

    Onun fikrincə, Vaşinqton Ermənistan və Azərbaycanın cəlb edildiyi sonsuz forumlar “karuselini” dayandırmaq və onları bir-birilə birbaşa danışmağa məcbur etmək istəyir.

    “ABŞ-ın Moskvaya siqnal verməkdən və tərəfləri bu karuseldən çıxaraq sülh sazişinə aparan birbaşa danışıqları bərpa etməyə sövq etməkdən başqa məqsədinin olmasından əmin deyiləm”, - o, Turan-ın müxbirinin “ABŞ nazirləri Vaşinqtona dəvət etməklə nəyə nail olmaq istəyir?” sualının cavabında deyib.

    Onun fikrincə, prezidentlərin yox, xarici işlər nazirlərinin dəvət edilməsi Vaşinqtonun Soçi görüşünün nəticələrini qiymətləndirmək istəyindən xəbər verir.

    "Soçi danışıqlarının nəticəsi bəlli deyil, lakin aydındır ki, Putin hər iki tərəfdən istədiyini ala bilməyib. Düşünmürəm ki, Vaşinqtondakı görüş nəyisə dəyişəcək, lakin qarşıdakı danışıqlar noyabrın 16-da Konqresdə keçiriləcək dinləmələr ərəfəsində Bayden administrasiyasının səylərini və liderliyini nümayiş etdirəcək. Dinləmələr zamanı Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi Filip Riker və dövlət katibinin köməkçisi Karen Donfrid açıq debatlarda çıxış edəcəklər”, – Riçard Kozlariç bildirib.