BLOQ

Daşlar yığmaq vaxtıdır

Qarabağda yaşayan ermənilərin, sülhməramlıların və Azərbaycanlıların taleyi necə olacaq?

Daşlar yığmaq vaxtıdır
  • Oxuma müddəti:

    18 dəqiqə

  • Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. O gün isə Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri, Həsənov İsrail İbrahim oğlu və Həsənov Amid Hüseyn oğlu mina partlayışı nəticəsində həlak olublar.

    Ümumiyyətlə, 44 günlük müharibə qurtarandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları və basdırdıqları minaların partlaması nəticəsində ümumilikdə 1000-ə yaxın Azərbaycan vətəndaşının müxtəlif dərəcəli bədən xəsarətləri alması və ya həlak olma faktları şəxsən məndə və əhali arasında ciddi narazılığa səbəb oldu.

    ANS Pressin məlumatına görə, İsrail Həsənov və Amid Həsənov heyvan otararkən, hərbçilər Şəhriyar Əlibəyli ilə Eşqin Hüseynov isə xidməti vəzifələrini yerinə yetirərkən, Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətində olan ərazilərdə həlak olublar. Rusiya SM qüvvələri harada idilər və niyə bu cür təxribatların həyata keçməsinə imkan veriblər? Araşdırmalarımıza görə, səbəb inanılmaz səviyyədə trivial, amma eyni zamanda uzaqgörən məqsədlərə qulluq edir...

    Həmin ərəfədə sülməramlılar erməni uşaqlarına “Dağlarda yaralanana ilkin tibbi dəstək” təlimlərini keçirirmişlər. Bundan əlavə, 2020-ci ildən bəri Rusiya SM-ləri Qarabağda çiddi şəkildə yaşayış binalarının tikintisi və erməni uşaqları ilə şənliklər və təlim-tədris tədbirləri həyata keçirirlər. 

    Maraqlısı budur ki, 9 Noyabr 2020-ci il Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış Sazişdə buna oxşar bəndlər yoxdur, amma buna baxmayaraq, 1990-cı illərdə olduğu kimi, Qarabağ erməniləri sülhməramlılarla daim münasibətləri isti saxlayır və onları özlərinə dəridən yaxın edirlər. Nəticəni yəqin ki, hamı xatırlayır...

    Bu tədbirlər Rusiya SM-lərin üçtərəfli sazişdən kənar, yeni təşəbbüsləridirsə, bəs onda niyə təmas xəttinin bu tərəfində eyni təlimləri və ya şənlikləri azərbaycanlı uşaqlar üçün təşkil etmirlər?

    Bəli, Azərbaycan müharibəni udub! Azad olunmuş ərazilərdə yenidənqurma və abadlaşma işləri aparır, infrastruktur, yol, aeroportlar tikir. Azərbaycan regionda güclü ölkədir. Lakin Qarabağ münaqişəsi fonunda, etnik və sosial müstəvidə Azərbaycan özünü güclü göstərməklə düşməni fağır göstərir və sonuncu bu vəzifəni məmnuniyyətlə qəbul edib məzlum rolunu oynayaraq Rusiya SM-lərindən və ümumiyyətlə, bütün dünyadan mərhəmət və dəstək qazanır, birgə tədbirlər keçirir, yardım etmək istəyən mötəbər qonaqlar qəbul edir, onlarla şənlənir, isti münasibətlər və siyasi-iqtisadi körpülər yaradır. Biz isə ya minaya düşürük, ya da Əlibəyli Şəhriyar və Hüseynov Eşqin kimi düşmən gülləsinə tuş gəlirik.

    Düşünürəm ki, Rusiya SM-ləri ilə Azərbaycan da bu sahədə kifayət qədər və yüksək keyfiyyətlə iş aparmalıdır. Yaranmaqda olan və Ermənistan tərəfindən dəstəklənən ayrıseçkilik, daha doğrusu, ermənipərəstlik siyasətinə son qoymaq lazımdır! Bu sahədə ciddi işlər görülməli və vəziyyət tam şəkildə bir mərkəzdən idarə olunmalıdır. Rus dilini və mədəniyyətini mükəmməl bilən müasir diplomatlarımız, ümid edirəm, bu vəzifəni asanlıqla icra edə bilərlər.

    Mən, ümumiyyətlə düşünürəm ki, ermənilərin və rusların Qarabağda mövcudluğunu artıq qəbul etmək və onlarla ciddi şəkildə iş birliyi qurmaq lazımdır.

    Yenə də gecikirik... Ermənistan 2022-ci ilin əvvəlindən Türkiyə mallarının ixracına qadağanı götürərək nə vaxtsa "cənub düşməni" ilə ticarət münasibətlərini bərpa edir və Ankaranın xarici işlər naziri Mövlud Çavuşoğlu deyir ki, Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə artıq təyin olunmuş xüsusi nümayəndələrin ilk görüşü 2022-ci ilin yanvarında Moskvada baş tuta bilər... Bundan əlavə, Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia” şirkətinə yanvarın 1-dən Yerevan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirməyə icazə verib. Eyni zamanda adı çəkilən komitə Türkiyənin “Pegasus” avia şirkətindən İstanbul-Yerevan uçuşlarını həyata keçirmək üçün icazə sorğusu məktubu alıb və sözsüz ki, bu icazəni “Pegasus”a verəcək.

    Bəli, iqtisadi nöqteyi nəzərdən 3 milyonluq bazar Qafqaz kimi balaca region üçün ciddi maraq kəsb edir. Lakin bir əsrdən çox davam edən erməni-müsəlman davasının sonuna çatmaq üçün yalnız Türkiyə-Ermənistan arasındakı siyasi-iqtisadi dirçəliş kifayət etməyəcək, Azərbaycanla onun erməni sakinləri arasında da münasibətlər formalaşmalıdır. Düzdür, biz də addım atdıq - ən yüksək səviyyədə Qarabağ erməniləri ilə danışmaq üçün onları Bakıya dəvət etdik. Amma “yox” cavabı aldıq. Onların Ermənistandan idarə olunduqlarını anlamaq çətin deyil. Amma onların bu “yox”u bizi həvəsdən salmamalı, erməniləri yola gətirmək üçün cidd-cəhdlə işləməliyik, axı ev yiyəsi bizik.

    Bu gün Qarabağ ərazisində yaşayan erməni azlığının arasında Azərbaycana qarşı “dözüm” nümayiş edənlər varsa da, nifrət edənlər çoxluq təşkil edir desəm, yanılmaram. Bu sırada orta mövqe tutan, hələ bu vurhavurda fikrini tam formalaşdırmayanlar və yeniyetmə ermənilər də var. Məncə, Azərbaycan məhz bu təbəqə uğrunda bu gün ciddi iş aparmalıdır. Məhz bunlara Azərbaycanın haqq yolunu və dinc yanaşı yaşamaq prinsiplərini aşılamaq lazımdır ki, bu münaqişə tədricən və əbədi söndürülsün. Azərbaycana hörməti, müəyyən inamı, ən azı, dözümü olan erməni sakinləri ilə mütəmadi şəkildə təmasda olmaq, onlarla əvvəl Qarabağda və müəyyən münasibətlər yaranandan sonra Bakıda görüşlər keçirmək lazımdır ki, əsrlərlə yığılan və birgə yaşayışı əngəlləyən problemlər həll istiqamətində inkişaf etsin. Problemlər az deyil:

    1. Millətçi və dini icmalar arasında gərginliyi azaltmaq;
    2. Millətlərarası dözümlülük strategiyasını formalaşdırmaq və həyata keçirmək;
    3. Zorakılıq irsi kimi tanınan məsələləri ilk mərhələlərdə müzakirə mövzuları siyahısından çıxarmaq.

    Yalnız bu yolla Azərbaycanda yaşayan erməni icmalarını Ermənistanın təsir dairəsindən uzaqlaşdırıb, rəsmi Yerevanın siyasi alət statusundan çıxararaq Azərbaycan vətəndaşları etmək olar. 

    Ən vacib şərt 

    Qarabağ və ətraf rayonlar Ermənistan ordusunun nəzarəti altında olanda rəsmi Bakı qondarma “Artsax” hakimiyyəti ilə yox, onların arxasında dayanan Ermənistan rəhbərliyi ilə danışıqlar aparmaq tələbi ilə çıxış edirdi. O zaman tamamilə rasional sayılan bu tələb bu gün torpaqlar azad ediləndən və Azərbaycan ermənilərinin kompakt yaşadığı əraziləri tam dairəyə alaraq Ermənistandan qoparandan sonra danışıqlar prinsipi təftiş olunsa, biz görərik ki, bu gün rəsmi Bakıya yerli erməni icmaları ilə danışmaq daha sərfəlidir. Mənim düşüncəmlə, Azərbaycan indi məhz Qarabağda yaşayan ermənilərlə onların müqəddəratını müzakirə etməlidir, Ermənistanla yox. Bunun üçün Azərbaycanda ideoloji müstəvi hazırlanmalı, media və iqtisadi-siyasi potensial bu yola köklənməlidir.

    Amma bu yolun bircə şərti var - Qarabağ ərazisindən Ermənistanın bütün silah-sursatı çıxarılmalıdır, silahlı birləşmələrin şəxsi heyəti isə buraxılmalıdır.

    Ermənistan siyasi çəkişmələrində silah kimi istifadə etdiyi Qarabağ ermənilərini heç bir zaman Azərbaycanın vətəndaşları statusunda görmək istəməyəcək. Qarabağ erməniləri tək Ermənistanın yox, eyni zamanda Rusiyanın da regional gərginlikdən faydalanmaq, Azərbaycan və Türkiyənin siyasi asılılığını davam etdirmək üçün vacib vasitədir. Bu səbəbdən Qarabağ ermənilərinin müqəddəratını Ermənistan və ya Rusiya ilə müzakirə etmək utopiyadır. Azərbaycan özü vətəndaşlarının qayğısına qalmalı və ən azı, onların vacib hissəsini könüllü şəkildə Azərbaycan vətəndaşı olmağa maraqlandırmalıdır.

    Nümunə isə göz qabağındadır. Rusiya sülhməramlılarının Qarabağdakı bu günkü fəaliyyəti, erməni icmalarını ələ alma cəhdləri və münasibətləri istiləşdirməyi, düşünürəm, məhz bu siyasətə tuşlanıb ki, lazım olan anda bütün əhali, Abxaziyada olduğu kimi, Rusiyanın tərkibinə daxil olmağı könüllü istəsin. Amma onların Azərbaycan tərkibində qalmaq istəyi şansını biz hələ itirməmişik... Rusiya SM qoşunları hələ 2 il yarım burada qalacaq. Lakin Azərbaycan bu gün aktiv münasibətləri bərpa edərək, ən yaxşı halda, millətlər və dinlərarası aqressiyanı azaldaraq dözümlülük siyasətinə start verməsə, 2 ilə bir neçə ay qalmış Qarabağ erməniləri Rusiya kəşfiyyatçıları ilə birlikdə bir sıra təxribatlar törədərək ən yaxşı halda sülhməramlıların daha 10 il müddətinə qalmaq tələbini irəli sürəcək, ən pis halda isə, ümumiyyətlə Azərbaycandan ayrılıb Rusiya Federasiyasının tərkibinə daxil olmalarını tələb edəcəklər və buna onların qonaqları olan dünya siyasətçilərini cəlb edəcəklər. Sadəcə olaraq, son hadisələri nəzərdən keçirsəniz, görərsiniz ki, Qarabağın erməni icmaları və Rusiya SM-ləri tərəfindən bu istiqamətdə artıq işlər gedir.

    Nə etməli?

    Siyasi müstəvidə, düşünürəm, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev artıq Xankəndiyə böyük bir nümayəndə heyəti ilə səfər hazırlasa və yerlərdə təmas xəttində yerləşən rayonların icra hakimiyyətləri erməni qonşularla ictimai-təsərrüfat əlaqələri yaratmağa start versə, buz çatlamağa başlayar. Ən azı, elə bu cür təşəbbüsləri irəli sürmək qurbağa gölünə daş atmaq effektini yaradacaq. Başda Z.Nağdəliyev olmaqla, rəsmi Bakının nümayəndə heyəti erməni icmasına Qarabağda siyasi, sosial-iqtisadi və təsərrüfat məsələlərinin həlli üçün, 1990-cı ildə olduğu kimi, Xüsusi Komitə təşkil etməyi təklif edə bilər. Amma 1990-cı ildə SSRİ rəhbərləri tərəfindən yaradılan bu Komitənin vəzifəsi Qarabağı Azərbaycanın tərkibindən çıxarmaq idisə, bu dəfə onun vəzifələri 180 dərəcə fərqli olmalıdır. Yeni yaradılan komitənin əsas vəzifəsi Qarabağda yerli sakinlərin şəraitin yaxşılaşdırılması, məcburi köçkünlərin dədə-baba yurdlarına qaytarılması, vətəndaşların təhlükəsizliyinin təmin olunması, əhalinin işlə təmin edilməsi, millətlərarası münasibətlərin, o cümlədən ticarət, məişət-kommunal, təhsil, tibbi və ümumiyyətlə sosial-iqtisadi əlaqələrin qaydaya salınmasından ibarət ola bilər. Bu təkliflərə rəsmi Xankəndi tərəfindən, ən azı, cavab gəlməlidir və bu cavabın özü də siyasi və geri dönməz müsbət münasibət quruculuğunda ilk addım olacaq.

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların da bu cərəyanda vacib rolu ola bilər. Belə ki, Qarabağ erməniləri ilə konstruktiv rabitə yaradaraq partiya üzvlərinin sayını çoxaltmaqdan tutmuş, adı çəkilən ərazilərdə görüşlər təşkil edərək analoji partiya mənsubları ilə iş birliyi yaradaraq, ən azı millətlərarası dözümlülük prinsiplərini inkişaf etdirmək olar və bu barədə beynəlxalq insan hüquqları və digər əlaqəli qurumlara hesabatlar vermək də işin xeyrinə olar.

    İnteqrasiya prosesləri ikitərəfli fayda verməyə başlayanda Azərbaycanın erməni azlıqlarının nümayəndələri üçün Milli Məclisdə yerlər də təklif oluna bilər.

    Eyni zamanda, yuxarıda qeyd edilən körpüləri yaratmaq naminə qeyri-hökumət təşkilatları yaradılaraq yerlərdə, yəni Xankəndi, Ağdərə, Xocavənd rayonlarında görüşlər, konfrans və sammitlər təşkil edə bilər. Adı çəkilən QHT-lər mərkəz Bakıda deyil, Ağdərə istiqamətində Tərtərdə, Xocavənd istiqaməti üçün Füzulidə, Əsgəran üçün Ağdamda və Xankəndi istiqaməti üçün Şuşada yaransa, daha effektiv olar. Çox güman ki, müxtəlif istiqamətlərdə fərqli nəticələr olacaq və bu faktın özü də vacib müzakirələr və təcrübə mübadiləsi üçün əvəzolunmaz məlumat toplusu olacaq.

    Bu arada Azərbaycanın iqtisadi blokunun da vacib müdaxilələri ola bilər. Söhbət həm dövlət iqtisadi qurumları, həm də özəl biznes strukturlarından gedir. Axi niyə Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və digər viran qalmış yaşayış məntəqələrimizin bərpasında Qarabağ ermənilərinə məxsus şirkətlər kompakt şəkildə tenderlərdə iştirak edərək fəaliyyət göstərməsin? Niyə Azərbaycan firmaları ermənilər yaşayan ərazilərdə şirkətlərinin nümayəndəliklərinin və ya ticarət obyektlərinin açılışı və yerli əhaliyə xidmət göstərmək kimi təkliflərlə yerli hakimiyyətə müraciət etməsinlər? Bu cərəyanda da, yuxarıda qeyd olunduğu kimi, Qarabağ erməni təşkilatlarının cavabları böyük maraq kəsb edəcək. Bu cavablar sabah bütün beynalxalq təşkilatlarda Azərbaycanın tək siyasi rəhbərliyi deyil, eyni zamanda bütün xalqın tolerantlığı və sülhməramlı olmasının bariz nümunəsi olacaq.

    Digər tərəfdən analoji təkliflərin erməni icmaları tərəfindən gəlməsinə də Azərbaycanın yerli strukturları hazır olmalıdır. Bu sıradan birgə layihələr, məktəb və bağçaların tikintisi, Azərbaycan sahibkarlarına xas olan mesenat addımlar da “həm ziyarət, həm ticarət” funksiyalarını tam həcmdə həyata keçirə bilər.    

    Dəyərli izləyicilərim bu məqaləni oxuyub, bir sıra suallarla dolaraq yuxarıda səslənən fikirlərlə razı olmaya bilər: “Axı onlar bizim düşmənizdir, onları necə bağışlamaq olar?”, “Axı əsrlərlə onlar azərbaycalılara divan tutublar. XX və XXI əsrlərdə 100 minə yaxın azərbaycanlı öldürüblər – bunu necə unudaq?”, “Bəs bizim Şəhidlər?”. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı və həlak olan Şəhid dostları həyatda qalıb yaşayanlardan iki dəfə çox olan insan kimi, səslənəcək bu kimi fikirlərə hörmətlə yanaşıram və onların yaranacağını bilərək bu məqaləni yazdım. Bu ağır suallara əks sual olaraq yalnız bunları soruşa bilərəm: Bəs nə edək? Daha neçə əsr düşmən kimi yaşayaq və ətrafımızda yerləşən yırtıcı dövlətlərin geosiyasi problemlərinin həlli üçün poliqon olaq? XXI, XXII və gələcək əsrlərdə daha nə qədər qurban verək, daha nə qədər Rəhimli Anarların həyatının qırılmasının şahidi olaq? Bəs bizim gələcək nəsillərimiz? Axı hər dəfə müharibə olanda Azərbaycan özünün ən qeyrətli, vətənpərvər, intellektual və pozitiv qüvvələrini itirir və onların cəmiyyətdə boşalmış yerlərini, sosiologiya qanunlarına görə, qeyrət, vətənpərvərlik, intellekti daha az olan neqativ qüvvələr tutur… və cəmiyyətimiz cılızlaşır, millətin özünüdərketmə prinsipləri dağılır, savadsızlıq, nadanlıq və korrupsiya inkişaf etməyə başlayır. Onsuz da yaxın gələcəkdə olmasa da, bu həqiqətlər Azərbaycanın həyatında yer alacaq, sadəcə, söhbət bu yolda nə qədər qurbanlar verməyimizdən gedir…

    P.S. Qarşıdan qardaşım, Milli Qəhrəman Çingiz Mustafayevin həlak olduğu gün gəlir. Mən də, qardaşım Seyfulla Mustafayev də istəyirik ki, iyunun 15-də Çingiz Mustafayevin şəhid olduğu yeri - Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlükdə, Naxçıvaniki ziyarət edək...