"Qara göz boy-boy"...

Və ya boy-boy dirçələn Özbəkistan nağılı

  • Oxuma müddəti:

    5 dəqiqə

  • Cəmi beş il əvvəl Özbəkistan iqtisadiyyatı sərmayələr üçün tam bağlı idi... Səbəb - 2016-cı ilədək ölkənin maliyyəsini məxfilik pərdəsi altında saxlayan prezident İslam Kərimov idi. Yadımdadır ki, o vaxtlar bir ABŞ dollarının rəsmi kursu 2800 Som təşkil edirdisə, “qara bazar”da həmin 1 dolları 6000 Soma satmaq mümkün idi…

    Lakin İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev Özbəkistanda vəziyyəti tam şəkildə dəyişdi və nəticə olaraq, bu gün ölkənin iqtisadi artımı Əmir Teymurun diyarına dünyanın hər yerindən sərmayədarları cəlb edir.

    Mirziyoyevin valyuta liberallaşdırılması iqtisadiyyatın açılması, şəffaflığın artırılması və biznesin inkişafı gələcək islahatlara yol açdı desəm, yanılmaram. Qısa mddətə Özbəkistan Dünya Bankının 2015-ci ildə Biznesin Asanlığı reytinqində (Doing Business) 141-ci yerdən 2020-ci ildə 69-cu yerə yüksəldi (https://archive.doingbusiness.org/ru/doingbusiness).

    Yeni Prezident həmin dövrdə dövlət vergilərini azaltdı, büdcə məlumatlarını açıqladı, qonşularla ticarəti açdı, ipoteka verməyə başladı, beynəlxalq suveren reytinqləri təmin etdi, üç avrobond buraxdı və özəlləşdirmə proqramına başladı – bu proseslərə ciddi dəstək və təkan verən Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oldu desək, yanılmarıq. Belə ki, AYİB-in ölkəyə ümumi sərmayəsi bu günədək artıq 3 milyard ABŞ dolları təşkil edir.

    Lakin Prezident Mirziyoyev maliyyə islahatları ilə yanaşı kadr islahatları da etdi. Bütün bu islahatları beynəlxalq səviyyədə aparmaq və ölkəyə ciddi sərmayədarları cəlb etmək üçün o, Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş prezidenti Suma Çakrabartini özünün maliyyə müşaviri olmağa dəvət etdi, AYİB-in Özbəkistan üzrə keçmiş rəhbəri Sardor Umurzakovu isə Baş nazirin birinci müavini vəzifəsinə təyin etdi. Düşünürəm, qohumbazlığın ləğvi və kölələrə nazir portfellərinin paylanmaması, əksinə, bütün vəzifələrə yüksək, beynəlxalq səviyyəli peşəkarların təyin edilməsi də xarici investorlarların Özbəkistana axınına böyük dəstək oldu.

    Bu gün adambaşına düşən ÜDM-in (Ümum Daxili Məhsul) aşağı olması Özbəkistan iqtisadiyyatının ən kəskin problemlərindən biridir. Rəsmi hesablamalara görə, Özbəkistanda adambaşına düşən ÜDM bu il 1900 ABŞ dolları, 2026-cı ildə isə 2800 ABŞ dolları olacaq. Müqayisə üçün deyək ki, Azərbaycanda bu göstərici 4000 ABŞ dollarından çoxdur.

    Şəxsən mənim fikrimcə, sürətlə böyüyən 35 milyonluq Özbəkistanın gəlirləri daha da sürətlə artmağa məhkumdur. Burada, Azərbaycandan fərqli olaraq, daha çox pul xərcləyən böyük istehlakçı bazası var. Unutmayaq ki, Özbəkistan vətəndaşları Dünyanın sahibi olan Əmir Teymurun nəticələridir, yüksək intellekt sahibi və hədsiz işgüzardırlar. Nəzərə alsaq ki, Prezident Mirziyoyevin iqtisadi islahatlarının arxasında məhz özbək xalqı, korrupsiya ilə ciddi mübarizə və beynəlxalq maliyyə institutları durub, bu sıraya mis və uran hasilatı, təbii qaz, pambıqçılıq, toxuculuq və digər milli istehsalı əlavə etsək, deməli. bu ölkədə yaşayan 35 milyon insan yaxın gələcəkdə ancaq daha çox qazanmağa və firəvan həyat sürməyə məhkumdur və regional iqtisadi lider olmaq üçün onların bütün vasitələri var.

    Bir neçə il bundan əvvəl Özbəkistana, qədim və etibarlı dostum Rovşanın yanına getmişdim. Çox ağıllı və peşəkar biznesmendir, amma İslam Kərimov zamanı əlləri və cibləri bağlı olduğundan öz ölkəsində ciddi bizneslə məşğul ola bilmirdi. Lakin indi vəziyyət dəyişib. Dedi ki, “Ölkədə qtisadiyyat köklü şəkildə liberallaşıb. Sahibkarlar artıq ölkədə biznes qurmaqdan qorxmurlar. Siz azərbaycanlılar da bizim bu inkişafa qoşulun və bizdə olmayan texnologiyaları ölkəmizə gətirin". Düşünmədən bu riskə getdim və 2020-ci ildə Daşkənddə VMF Saat Fabrikinin nümayəndəliyini açdım və… Heyifslənmədim. Bu ilin avqustunda - Çingizin ad günü və Özbəkistanın Müstəqillik günü ərəfəsində Daşkənddə artıq 4-cü salonumuzu açdıq. Bü müddət ərzində hər şeydən yalnız məmnunluq ifadə edə bilərik. Mükəmməl MDB ölkələri arasında analoqu olmayan sadə otel qeydiyyatı ilə hesab açan və 20-26 faizlik depozit dərəcələri təqdim edən Bank sistemi, yüksək peşəkar və əli təmiz kadrlar, dövlət təşkilatlarının dəstəyi və “0” dərəcə korrupsiya Özbəkistanı Azərbaycan iş adamları üçün daha da maraqlı edir.

    Fürsətdən istifadə edərək, Özbəkistan ərazisində ANS Şirkətlər Qrupuna inkişaf etməkdə daim dəstək olan, başda səfirimiz Hüseyn Quliyev olmaqla, Azərbaycan səfirliyinin bütün əməkdaşlarına və VMF-çilərə dərin təşəkkürümü bildirirəm.