Prezident İlham Əliyevin Şuşadan müraciəti VİDEO

Azərbaycan Prezidenti Qarabağdadır

  • Oxuma müddəti:

    10 dəqiqə

  • Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.

    Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

    Dövlətimizin başçısı imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu vurğulayaraq bildirib ki, ilin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcək.

    "Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi".

    Azərbaycan xalqının faciələrinin Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

    Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.

    Heydər Əliyev xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, eyni zamanda, qürurverici bir gün idi. Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı.

    Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Naxçıvan demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı.

    Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası - ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.

    Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır".

    Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər”.

    Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlətimizin başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: “Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı.

    Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi".

    Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.

    Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var".

    Sabitlik üçün güclü liderin lazım olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir”.

    "Daxili və xarici düşmənlər də başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər".

    “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildiyini bildirən dövlətimizin başçısı deyib: “Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular”.

    Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır.

    Bu fikirləri də Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.

    Dövlətimizin başçısı deyib ki, Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. "Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir".

    "Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən.

    Bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

    Prezident deyib: “Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır”.

    "Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.