BLOQ

Müharibə niyə yenidən alovlanıb?

Yeni qanlı münaqişənin səbəbləri nədir?

Müharibə niyə yenidən alovlanıb?
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin 44 günlük müharibədən bəri ən qanlı döyüşlər gedib. Döyüşlər Azərbaycan-Ermənistan sərhədi - Kəlbəcər-Cermuk, Laçın-Gorus və Qubadlı-Qafan istiqamətlərində bu günədək davam edir. Döyüşlərdə, ən azı, 150 erməni və 70-dən çox azərbaycanlı əsgər həlak olub. 
     
    Yeni qanlı münaqişənin səbəbləri nədir? TV və İnternetdən gələn xəbərləri sizə təkrarlamaqdan uzağam – bunları hər iki tərəfdən hamı eşidib və çayxana tipli məclislərdə kifayət qədər müzakirə ediblər. 
    Bu qalmaqallı dünyada yaşayan və yaşı artıq 35-i keçən hər bir savadlı vətəndaş bilir ki, münaqişələrin heç bir tərəfi aralarında baş tutmuş müharibənin doğru və əsas səbəblərini demir. Niyə? Ona görə ki, dəstək qazanmaq üçün münaqişədə haqlı tərəf olmaq və ya haqlı görünmək istəyir. Bunun üçün beynəlxalq ictimaiyyətə sivil dünyada qəbul olunan ədalətli səbəblər hazırlayır və mövcud kütləvi informasiya vasitələri ilə çatdırmağa çalışır. Yəni “Mən sakit durmuşdum, mənə gəlib sillə vurdu” kimi bəyanatlər hələ də seriallar qurbanı olan və daha çox məişət çimərliyində üzən, lakin dünya ictimaiyyətinin çoxluğunu təşkil edən kütləyə yeridilməklə insan qırğınına bəraət qazandırmaq və qanlı münaqişələrin əsas və məkrli səbəblərini gizlətmək mümkündür. Lakin döyüşlər ərəfəsində və ondan sonra baş verən hadisələrə diqqət yetirilsə, əsas səbəblər və bu xalının ipləri kimlərin əlindədir, tam aydın görünəcək. Sadəcə, diqqətli olmaq lazımdır.  
     
    Gəlin, birlikdə Ermənistanın baş naziri Nikol Paşinyanın bu ərəfədə ölkə parlamenti qarşısında çıxışından parçalara diqqət yetirək: 
     
    “Döyüşlər başlayandan bəri Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinin 10 kvadrat kilometrini (4 kvadrat mil) işğal edib.”  
     
    “Bizim müttəfiqlərimiz Rusiya və KTMT-dir”.
     
    “Azərbaycan hərbi qüvvələrinin zəbt etdiyi Ermənistan ərazilərindən çıxmaq şərti ilə Ermənistan gələcək sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımağa hazırdır”… 
     
    … və nəticə olaraq 15 Sentyabr 2022-ci il, döyüşlərdən cəmi iki gün sonra minlərlə etirazçı Ermənistanın paytaxtı İrəvanda küçələrə çıxaraq baş nazir Nikol Paşinyanı Azərbaycanı sakitləşdirməyə çalışaraq ölkəsini satmaqda və vətənə xəyanətdə ittiham edərək onun istefasını tələb ediblər. 
     
    Döyüşlərin başlamasının səbəblərindən biri də Ermənistan hakimiyyətinin 2020-ci il Azərbaycanın-Rusiya-Ermənistan sülh sazişinin 6-cı (“Laçın rayonunu 1 dekabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytaracaqdır”.) və 9-cu (“Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”- müəllif) bəndinin indiyədək yerinə yetirilməməsidir. Belə ki, 2020-ci ilin noyabrında iki ölkə arasında atəşkəs sazişi imzalanmasa idi, bu gün Zəngəzur dəhlizi, Laçın və Kəlbəcər rayonları tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altında idi. Odur ki, Azərbaycan Ordusunun dayanmasını rica edən Ermənistan bu gün öz öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir, əks halda bu qədim Azərbaycan torpaqları 2020-də olduğu kimi, güc yolu ilə alına bilər! Bunu yaxşı anlayan Ermənistan tərəfi həmin əraziləri hərbi nöqteyi nəzərdən möhkəmləndirir və bununla bölgədə üstünlüyə malik olmaq istəyir. 
     
    Əsas suallardan biri - niyə döyüşlər ənənəvi olaraq Qarabağ ərazisində yox, məhz Qubadlı-Qafan, Laçın-Gorus və Kəlbəcər-Cermuk istiqamətlərində baş verir. Bu istiqamətlərin hər birində Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh və demarkasiya müqavilələrinə aid həll olunmamış məsələlər var və görünür, Ermənistan tərəfi mövcud vəziyyətə korrektələr etmək naminə sərhədlərdə hərbi qüvvə toplayır və Azərbaycan ərazilərinə daxil olaraq ərazisini genişləndirmək istəyir. Sözsüz ki, rəsmi İrəvan bunu etiraf etmir və əksinə, münaqişənin səbəbkarı kimi Azərbaycan tərəfini günahlandırır. Amma, xanımlar və cənablar, axı biz XXI əsrdə yaşayırıq və sadəcə, hamının əli çatan resursa, "Google Maps"ə müraciət etsək, Ermənistanın bu cür əməllərinin şahidi olarıq. Məsələn, Qafan rayonunun David Bek kəndinin ətrafına (şəkil 1 və 2 – müəllif) diqqət yetirsək, görərik ki,

    erməni silahlı qüvvələri nəinki Azərbaycanla sərhəddə istehkamlar, artilleriya və minamyot heyətləri qurur, hətta bir neçə kilometr Azərbaycan ərazisinə daxil olaraq orada da hərbi səngərlər və hücum platsdarmları yaradır.  
     
    Lakin bunların hamısı artıq tarixdir, desək, yanılmarıq. 13 Sentyabr Xüsusi Əməliyyatı zamanı Azərbaycan ordusu Ermənistanın qurduğu hərbi istehkamların bir çoxunu dağıdaraq status-kvonu bərpa etdi. Məsələni çətinləşdirən amillərdən biri də bu idi ki, Azərbaycan Xüsusi Əməliyyatını daxilində yox, məhz Ermənistanın, qonşu dövlətin, KTMT üzvünün ərazisində aparırdı. Lakin bu məsələ də rəsmi Bakı tərəfindən əvvəlcədən bicilmiş və proqnozlaşdırılmışdı.  
     
    Belə ki, ukraynalıların əks-hücumundan sonra Rusiyanın Ukraynanın şimal-şərqindəki ərazilərindən geri çəkildiyi vaxta təsadüf (və ya yox – müəllif) edən Azərbaycanın Xüsusi Əməliyyatı, Ermənistanın yardım istəməsi Rusiya və Belarusu çətin vəziyyətə saldı. Dünyada cüzi sayda müttəfiqi olan Rusiya bu vəziyyətdə Azərbaycan və onun müttəfiqi olan Türkiyəyə qarşı çıxış etməsi avto-edam effekti verə bilərdi. O ki qaldı Qazaxıstan və digər Orta Asiya ölkələrinə - onlarla da məsələləri Azərbaycan Prezidenti İlham Əliyev yaxın keçmişdə olan təşriflərdə həll etmişdi. Odur ki, Putin və KTMT-nin digər üzvlərinin liderləri vəziyyəti müzakirə edib və təhlükəsizlik alyansının yüksək vəzifəli şəxslərindən ibarət missiyasını bölgəyə göndərilməsi qərarı ilə məsələyə əncam çəkiblər. 
     
    Daha bir maraqlı fakt ondan ibarətdir ki, cümə günü, yəni sabah, Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Rusiya və Çinin üstünlük təşkil etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyə hazırlaşır. Ermənistan hökuməti  və şəxsən baş nazir Nikol Paşinyan ölkəsindəki vəziyyətə görə bu zirvə görüşündə iştirakdan imtina edib. Şah və Mat! 
     
    Xülasə… Bu iki günlük münaqişənin mövcud nəticələri ilə yanaşı, Azərbaycan Xalqının ciddi ürək ağrısı da var – Vətən 70-dən çox igid oğlunu itirdi - ən yaxşılarını, ən ləyaqətlilərini!   

    Məkanınız cənnət olsun, qardaşlar! Allah Sizə rəhmət eləsin!

    İn şa Allah, görüşərik...