Muğam Müsabiqəsinin finalı Şuşada keçiriləcək
Heydər Əliyev Fondu bu barədə məlumat yayıb
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin finalı avqustun 5-də Şuşada olacaq.
Fonddan verilən məlumata görə, avqustun 6-da isə Cıdır düzündə Müğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyədək keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb. Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla, Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.
Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqəyə azyaşlı iştirakçılar da qatılıblar. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.