XƏBƏRLƏR / Siyasət

Moskva Ermənistana Aİ missiyasının göndərilməsini istəmir

"Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri erməni və azərbaycanlıların köklü maraqlarına zərər vura bilər"

Moskva Ermənistana Aİ missiyasının göndərilməsini istəmir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Rusiya XİN yanvarın 26-da yaydığı bəyanatda Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə Monitorinq missiyası göndərmək qərarını kəskin şəkildə tənqid edib. Bu sənədin mətninin dili diplomatiyadan uzaqdır və təhdid kimi görünür.

    "Rusiyanın Zaqafqaziyada regiondankənar amilin möhkəmlənməsi ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Avropa "ekspertlərinin" Ermənistan-Azərbaycan sərhədindəki hadisələrə nəzarət etməsinin heç bir "əlavə dəyərini" görmürük. Brüssel Zaqafqaziyada sülhdə həqiqətən maraqlı olsaydı, öz missiyasının iş şərtlərini Azərbaycanla razılaşdırardı.

    ABŞ və NATO-nun əlavəsi kimi ortaya çıxan və MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhəd rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud fikir ayrılıqlarını daha da gücləndirə bilər", deyə sənəddə bildirilir.

     "Aİ missiyasının bəyan edilmiş mülki xarakteri də yanıltmamalıdır - o, bütün sonrakı nəticələri ilə birlikdə Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində Ümumi Siyasəti çərçivəsində formalaşır.

     Avropa İttifaqının nə bahasına olursa olsun, Ermənistanda möhkəmlənmə, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri regionun dinci inkişaf yoluna qaytarılması səylərində ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərər vura bilər.

    Əminik ki, regionda yaxın gələcəkdə əsas sabitlik və təhlükəsizlik amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, habelə Ermənistan sərhədlərində xidmət çəkən Rusiya sərhədçiləridir. Onlar Aİ müşahidəçilərinin davranışına "yerdə" vəziyyətin inkişafını nəzərə almaqla reaksiya verəcəklər", deyə sənəddə vurğulanır.

     "Qeyd edirik ki, Yerevan KTMT missiyasının göndərilməsi işini məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib. Erməni müttəfiqlərimizin KTMT-nin potensialının cəlb edilməsinə marağı qalırsa, onun missiyası operativ olaraq Ermənistana yerləşdirilə bilər. 

     Əvvəllər də olduğu kimi, hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının və bütünlükdə regionda vəziyyətin düzəlməsinin ən dayanıqlı və uzunmüddətli əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar, 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının, o cümlədən bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında sülh sazişinin parametrlərinin razılaşdırılması, ictimaiyyət, ekspert dairələri və parlamentarilərin xətti ilə üçtərəfli əlaqələrin inkişafı haqqında razılaşmaların ciddi və ardıcıl şəkildə həyata keçirilməsi təşkil edir", - deyə Rusiya XİN-in şərhində qeyd edilir. 

    Xatırladaq ki, yanvarın 23-də Aİ Şurası Ermənistanda 2 illik yeni mülki missiyanın təsis edilməsi haqqında qərar qəbul edib.