Heç kim və heç nə unudulmayacaq: Mart hadisələri VİDEO
1995-ci il mart hadisələrindən 28 il ötür. Vahid Mustafayev 1995-ci ildə bu hadisələrdən SƏNƏDLİ FİLM çəkmişdi
1990-cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
Rövşən Cavadov Heydər Əliyevin hakimiyyətə gəlməsində çox böyük rol oynamışdı, üstəlik bir müddət şəxsən özü XTPD üzvləri ilə birlikdə H.Əliyevi qoruyurdu. Lakin sonradan onların arasındakı ziddiyyətlər artmağa başladı. 1995-ci il martın 13-də xarici səfərdən qayıdan H.Əliyev Pakistana səfərə hazırlaşsa da, Türkiyə prezidenti Süleyman Dəmirəl ona Azərbaycanda Cavadov qardaşlarının çevriliş etməyə hazırlaşdığı xəbərini ötürməsindən sonra səfərini ləğv etdi.
12 mart 1995-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanlarına Tovuz bölgəsinin ərazisində, Gürcüstana doğru gedən yolda Dövlət Yol Polisi (DYP) işçilərinin dayanma tələblərinə baxmayaraq, içərisində silahlı adamlar olan 4 avtomobilin DYP postunun yanından keçməsi barədə məlumat daxil oldu. Hüquq-mühafizə orqanları XTPD zabitlərinin müşayiəti ilə içərisində 150 ton mis daşınan avtomobilləri saxlaya bilib. Buna cavab olaraq Qazax rayonu XTPD üzvləri və onlara qoşulmuş silahlı mülki şəxslər Qazax şəhər polis idarəsini və bir hərbi hissəni ələ keçirdilər, burada bir neçə zirehli texnikanı ələ keçirərək Ağstafa rayonuna doğru hərəkət etdi. Onlar səhər saat 4:40-da, Ağstafa yaxınlığında yol polisi postuna atəş açdılar, sonra onu tutaraq tərksilah etdilər. Şəhər istiqamətində hərəkətə davam edən qiyamçılar saat 5:20-də şəhər polis idarəsinə hücuma keçdilər və səhər 6.30-da XTPD üzvləri Ağstafa Polis Şöbəsini ələ keçirərək tərksilah etdilər. Daha sonra onlar Tovuz bölgəsindəki hərbçilərə hücum etmək istəsələr də, məğlub olaraq geri çəkildilər. Martın 15-də hökumət qüvvələri Ağstafa bölgəsindəki OPON mövqelərinə hücum etdilər və qiyamçıları Ağstafa rayonundan çıxardılar.
Martın 14 -də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun XTPD-nin ləğv edilməsi ilə bağlı əmri televiziyada elan etdi. Bu qərar XTPD-nin "demək olar ki, idarə olunmayan bir vahid halına gəlməsi, nazirliyin tabeliyindən tamamilə çıxması və kriminal aləmlə işbirliyi qurması" səbəbiylə qəbul edilmişdi. XTPD komandiri Rövşən Cavadova və döyüşçülərinə, 17 Mart 00:00-a qədər üç gün ərzində dəstədəki bütün texniki vasitələri və silahları təhvil vermə əmri verildi. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular. Ertəsi gün Prezident Heydər Əliyev XTPD komandiri Rövşən Cavadovu daxili işlər nazirinin müavini vəzifəsindən azad etdi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu güllələdi.
1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla iki nəfər türk saxlanmışdı. Onlardan biri Türkiyə, digəri isə Avstriya vətəndaşı idi.