Lavrov Türkiyəyə, sonra isə Ermənistana gedəcək
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov türkiyəli həmkarı ilə görüşəcək və görüşdə ikitərəfli münasibətlər, Rusiyaya qarşı tətbiq olunan Qərbin qeyri-qanuni sanksiyaları şəraitində iqtisadi əməkdaşlıq müzakirə olunacaq.
Zaxarova danışıqlarda regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını diqqətə çatdırıb: “İlk növbədə, Ukraynadakı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı durum müzakirə olunacaq”.
Mariya Zaxarova, həmçının bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana da səfər edəcək.Onun sözlərinə görə, Lavrov iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçıları Şurasının iclasında iştirak edəcək.
İclas iştirakçıları Ermənistanın təşkilata rəhbərlik etdiyi dövrdə KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığa yekun vuracaqlar və gələcək əməkdaşlığı müzakirə edəcəklər.