BLOQ

Kino Günü doğulanlar...

Kino Günündə Xalq artisti Fəxrəddin Manafovun da ad günüdür

Kino Günü doğulanlar...
Fəxrəddin Manafov
  • Oxuma müddəti:

    4 dəqiqə

  • AZƏRBAYCANDA BU GÜN KİNO OLMASA DA, KİNO GÜNÜ, AĞSAQQAL REJİSSORLAR VƏ ƏN ƏSASI, GÖZƏL AKTYORLARIMIZ HƏLƏ Kİ VAR...
    Odur ki, heç kimi, elə özümü də Kino Günü münasibətilə təbrik etmirəm. İnşAllah, kinomuz olanda bu təbriklərin də yeri mümkündür...
    Azərbaycanın ən layiqli xüsusiyyətlərini özündə təcəssüm etdirən sevimli aktyorumuz Fəxrəddin Manafovun da bu gün – 2 Avqust – ad günüdür. Və mən düşünürəm ki, onun haqqında yazsam və bugünü məhz onun ad günü kimi qeyd etsək, daha yerinə düşər. Niyə? Son dərəcə nəcib, idealist, hətta ən çətin vəziyyətlərdə belə, üstünlük əldə etməyi bacaran obrazları ilə Fəxrəddin nəsildən-nəslə toparlanan kinosevərlər auditoriyasının məhəbbətini qazanmaqda davam edir.
    Hələ uzaq 1980-ci illərdə Fəxrəddin Manafovun Rasim Ocaqovun "Park" (1983) və Anarın “Qəm pəncərəsi" (1986) filmlərindəki Azərbaycan kinosuna tamamilə yeni avaz gətirən təravətləndirici, bənzərsiz ifası həm kinotənqidçiləri, həm də tamaşaçıları özünə cəlb etmişdi.

    İlk filmlərindən sonra sovet dönəmində inqilabçı hesab edilən Oqtay Mirqasımovun “Şeytan göz qabağında” (1987) filmində Fəxrəddin Manafov rejimə qarşı çıxan jurnalist, ədalət carçısı rolu ilə 1990-cı illərdə Azərbaycanda müstəqillik qazanmaq üçün ayağa qalxmış gənclərin kumiri və mərdlik simvoluna çevrilmişdi. Başqa bir nostalji favorit –  zamanında daha çox qiymətləndirilsə də, Fəxrəddinin bizi qoruyan əsgərin faciəsini evlərimizə gətirməsi, dostu Rasim Ocaqovun “Ölsəm… bağışla” (1989) adlı filmi ilə  müharibənin döyüş meydanında həyatları ilə vidalaşmış əsgərlərin sivil şəraitdə yaşayışları haqqında füsunkar fantaziyası idi. Bu filmin dərsləri Birinci və İkinci Qarabağ müharibələrindən qayıdan və qayıtmayan əsgərlərimizə qarşı cəmiyyətin məhəbbəti və mənəvi dəstəyinə təkan verən ideoloji baza yaratdı, millətin özünüdərketmə prinsiplərinə ciddi təkan oldu. Aktyorun dahiliyi onun hərtərəfli olması və üzərinə düşən rolu oynaması deyil, həmin obrazı yaşamasından ibarətdir. Sadalanan ciddi informativ personajlardan sonra, Manafovu 1993-cü ildə tamaşaçı “Təhminə” filmində sentimental və aşiq Zaur rolunda görür. Bu andan Fəxrəddin mərd və yenilməz kişi obrazlarından incə bir keçidlə bugünədək tamaşaçılarının zərif hissəsinin seks simvoluna çevrilir. Filmin adının “Təhminə” olmasına baxmayaraq, bugünədək bütün tamaşaçılar onu “Təhminə və Zaur” adlandırırlar. Bu, aktyorun gücündən irəli gələn kinematoqrafik paradoksdur. Bu, Manafovun Azərbaycan kinosuna gətirdiyi ali aktyorluq məktəbidir. Lakin Fəxrəddinin kino bioqrafiyasında ziddiyyətli rollar da eyni peşəkarlıqla ərsəyə gəlməklə, əsərlərin dramaturji daşıyıcılarının əsas düyünlərinə qüvvət verərək, ağla-qara, gündüzlə-gecə arasında ciddi fərqləri ürəkağrısı ilə qavranılan həddə gətirib çıxardı. Ramiz Fətəliyevin “Hökmdarın taleyi” (2008) bu aksiomanın bariz nümunəsidir. Sonralar da Fəxrəddin Manafov Azərbaycanın və dünyanın qabaqcıl rejissorları ilə əməkdaşlıq edərək, bir sıra kult səviyyəsindən enməyən rollara imza atır. Ali istedada malik olan aktyor və şübhəsiz, dürüst və alicənab bir insan olan Fəxrəddin şəxsi varlığının nadir nümunəsi ilə dünya kino mifologiyasına tam uyğun bir aktyor olduğunu dəfələrlə sübut edib və hələ uzun müddət bunu edəcək.

    Əzizim Fəxrəddin bəy, Səni ürəkdən təbrik edir və uzun ömür arzu edirəm!