XƏBƏRLƏR / İctimaiyyət

İrandan olan türk xalqları Berlində mitinq keçirəcək

Bu barədə "Azadlıq, Ədalət, Milli Hökumət" mitinqinin koordinasiya mərkəzinin bəyanatında deyilir

İrandan olan türk xalqları Berlində mitinq keçirəcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Mayın 20-də Berlində Avropada yaşayan Güney Azərbaycan, Qaşqayi, Xorasan və Türkmən Səhra türklərinin "Azadlıq, Ədalət, Milli Hökumət!" şüarı ilə ikinci mitinqi keçiriləcək.

    Bu barədə "Azadlıq, Ədalət, Milli Hökumət" mitinqinin koordinasiya mərkəzinin bəyanatında deyilir.

    "Millətimiz birinci Brüssel mitinqində böyük nailiyyət əldə edib. İrqçi İran İslam rejiminə qarşı milli mübarizə tarixində yeni səhifə açmışıq. Yalnız İrandakı qanlı diktatorluğun millətimizə qarşı hər cür zülm və basqıları davam edərkən, Berlin mitinqinin daha möhtəşəm keçəcəyinə inanırıq. Berlin mitinqi ilə millətimizin haqq tələblərini daha yüksək səslə dünyaya çatdıracağıq", deyə sənəddə qeyd edilir. 

    Mitinq mayın 20-də Berlin vaxtı ilə saat 14-də başlayacaq.

    "Bu vəsilə ilə Avropada yaşayan bütün Güney Azərbaycan, Qaşqay, Xorasan və Türkmən Səhra Türklərini, Quzey Azərbaycanlı və Türkiyəli bacı və qardaşlarımızı, eləcə də İran rejiminin zülmünə məruz qalan bütün millətlərin fərdlərini bu mitinqdə iştirak etməyə dəvət edirik", deyə bəyanatda qeyd edilir.

    Mitinqin koordinasiya mərkəzinin səlahiyyətli nümayəndəsi Saleh Kamrani deyib ki, 2006-cı ilin mayında keçirlən etiraz aksiyaları Güney Azərbaycanın milli hərəkatı tarixində əsaslı dönüş nöqtələrindən biri olub.

    "2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar. Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində azı 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

    Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər", deyə o qeyd edib.

    Xatırladaq ki, "Azadlıq, Ədalət, Milli Hökumət!" şüarı ilə birinci aksiya bu il martın 25-də Brüsseldə keçirilib.(Turan)