BLOQ

İndi nə edəsən?!

“Vətən xaini”! İttihammı, böhtanmı, təhqirmi, ya ... nə? Düz bir il qabaq FB mühitimizdə təlatümə səbəb olmuş bir insident yaşanmışdı.

  • Oxuma müddəti:

    28 dəqiqə

  • “Vətən xaini” !
    İttihammı, böhtanmı, təhqirmi, ya ... nə?
    Düz bir il qabaq FB mühitimizdə təlatümə səbəb olmuş bir insident yaşanmışdı. AMEA Tarix institutunun əməkdaşı Vasif Qafarov 26 iyun 2020-ci il tarixində “Space” telekanalında “Sadə həqiqətlər” verilişində Cümhuriyyət tarixi, İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı verdiyi müsahibədə 4 tanınmış alimin – Solmaz Rüstəmova-Tohidi, Qulu Məhərrəmli, Firdovsiyə Əhmədova və Boran Əzizin ünvanına aşağıdakı ifadələri səsləndirmişdi: “bilikləri məktəb şagirdləri səviyyəsindədir”, “yarımçıq tarixçilər”, “savadları çatmır”, “Milli Şuranın ştatdankənar üzvləri”, “İrəvanı Azərbaycan torpaqları saymayan”, “onun ermənilərə verilməsinə haqq qazandıran”, “erməni tarixçilərinə dəstək verən”, “Azərbaycan dövlətinin, Vətənin mənafeyində durmayan”, “qonşu düşmən dövlətin başçısının (4 dəfə Paşinyanın adı çəkilir) yanında duran”, nəhayət “Vətənə, dövlətə xəyanət edən” və “Vətən xainləri” (!)
    Biz, adı çəkilən alimlər, 4 iyul tarixində FB statruslarımızda yayımladığımız “Bəyanat”da Vasif Qafarovun bu hədyanlarına görə üzr istəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyimizi bildirmişdik. Üzrxahlıq edilmədiyindən 9 oktyabr 2020-ci il tarixində Nəsimi rayon məhkəməsində V.Qafarov tərəfindən barəmizdə işlədilən ifadələrin böhtan, təhqir və işgüzar nüfuzu zədələyən məlumatlar kimi tanınması və cavabdehin üzərinə həmin fikirləri səsləndirdiyi kütləvi informasiya vasitəsində təkzib vermək və iddiaçılardan üzr istəmək öhdəliyini qoyulması haqda iddia qaldırdıq. Öz növbəsində V. Qafarov da “vicdansızcasına iddia tələbi irəli sürdüyümüz” (bütün sənədlərdə belə də göstərilir) üçün guya sosial şəbəkələrdə onu təhqir etdiyimiz ittihamı ilə qarşılıqlı iddia irəli sürdü.
    Məhkəmə prosesi başlanandan pandemiya ilə bağlı fasilələr yaranması, vəkilimiz Adil İsmayılovun dünyasını dəyişməsi, onun xatirəsinə hörmət olaraq yeni vəkildən imtina etmək qərarımız, iddia ərizəmizin Məhkəmə linqvistik ekspertizaya göndərilməsi, 3 məhkəmə iclası və d. hadisələr arxada qaldıqdan sonra nəhayət ki, Nəsimi rayon məhkəməsi bizə qarşı işlədilən bütün yuxarıdakı ifadələrin heç birini “böhtan, təhqir və işgüzar nüfuzu zədələyən, şərəf və ləyaqəti alçaldan məlumatlar” kimi tanımayaraq iddiamızı təmin etmədi. V.Qafarovun da qarşılıqlı iddiası rədd olundu.
    Məsələni burada bitirmək, nöqtə qoymaq, yaxud məhkəmənin öz qətnaməsini əsaslandırmaq üçün gətirdiyi müddəaların ziddiyyətli, öz-özünü təkzib, məntiqsiz və bir çox hallarda absurd xarakteri ilə razılaşmayaraq bu işin ardınca getmək? Yəqin ki, bu suala biz yaxınlarda açıqlayacağımız “Bəyanat”da cavab verəcəyik.
    Amma burada mən Məhkəmə qətnaməsinin yalnız mənə aid hissəsinə öz münasibətimi bildirmək istəyirəm. Belə ki, V.Qafarovun qarşılıqlı iddia ərizəsində, eləcə də Ekspert rəyində və Məhkəmə qətnaməsində bütün yuxarıda göstərilən ifadələrin guya konkret olaraq bizlərə deyil, “ümumiyyətlə qeyri-müəyyən şəxslər dairəsinə” ünvanlandığı qeyd olunur. Ortada sübut kimi həmin verilişin videosu və onun yazılı mətni olduğu halda, V.Qafarov bütün bu dediklərini həyasızcasına dansa də, lakin şəxsən mənə qarşı irəli sürdüyü ittihamların sonadək üstündə durur.
    Mənim 1918-ci il mart hadisələrini “kütləvi qırğınlar” (poqrom) adlandırmaqla guya onları “soyqırımı” hesab etmədiyim kimi sərsəm bir fikir israrla məhkəmənin nəzərinə çatdırılır və mən bu səbəbdən inadla “Vətənə, dövlətə, xalqa xəyanətdə” ittiham olunurdum. Bu, çox ciddi məqamdır və ayrıca olaraq araşdırılmasına ehtiyac vardır.
    Burada yəqin ki, artıq V.Qafarovun mövqeyinin deyil, Məhkəmənin əsas götürdüyü Linqvistik ekspertiza rəyində və Məhkəmə qətnaməsində bu məsələyə aid yazılanlara diqqət yetirilməlidir.
    Əvvəlcədən qeyd edək ki, “Sadə həqiqətlər” verilişində işlədilmiş ifadələrin “böhtan və təhqir xarakteri daşıdığı, işgüzar nüfuza xələl gətirdiyi” kimi məqamları araşdırmaq üçün Məhkəməyə ekspert rəyi vermiş Hümmət Telman oğlu Vəliyev – AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin rəisi, ədliyyə müşaviridir. Bu şəxsin dövlət məmuru olduğu halda müstəqil ekspert qismində çıxış etməsinin doğurduğu sualı, eləcə də verdiyi rəyin sanki Vasif Qafarovun vəkili tərəfindən yazıldığı kimi ümumi təəssüratı hələ bir kənara qoyaraq rəyçinin aşağıdakı mühakiməsinə diqqət yetirək: “V.Qafarov Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən törədilmiş faciəni “soyqırım” termini ilə adlandırmadığı üçün Solmaz Tohidini Azərbaycana ən böyük xəyanət edən, İrəvanın ermənilərə verilməsi ilə bağlı tarixi faktları inkar edənləri isə “Vətən xainləri” adlandırmaqla tarixçinin mənəvi məsuliyyətinə istinad edir. Həmin sözlər müsahibənin ümumi kontekstində təhqir məqamında deyil, özlərinə olan etimaddan sui-istifadə edərək Vətəninə, xalqına dönüklük, etibarsızlıq etmək, aldadıcı mövqedə durmaq, bel bağlanıla bilməyən şəxslər kimi mənalarda işlənmişdir”.
    Bax Belə!
    Əgər Vasif Qafarovun nitqinə qulaq asan Ekspert ən azı bir vətəndaş kimi bu nəticəyə gəlibsə, demək bizim Cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün doğrudan da tam haqqımız vardır. Belə ki, bu yozum ən “yaxşı” halda bizim “işgüzar nüfuzumuza” xələl gətirilməsi, böhtan və təhqirə məruz qalmağımız haqda iddiamızın sübutu kimi qəbul edilməlidir, çünki bilirik ki, deyilələr yalandır.
    Yox əgər H.Vəliyev hər halda Ekspert qismində çıxış edib bu nəticəyə gəlirsə və bu zaman nə “soyqırımı” söhbətində, nə də bizlərin İrəvanla bağlı hər hansı “tarixi faktları inkar etməyimizə” aid onun əlində heç bir sübut yoxdursa və cavabdehin bu sözlərini də araşdırmayıbsa onda hansı əsaslarla deyilənləri təhqir və böhtan kimi qiymətləndirmir?
    “Azərbaycan dilinin izahlı lüğətinə istinadən “təhqir, böhtan, işgüzar nüfuz” sözlərinin açıqlamasını verən (“böhtan” – birini ləkələmək üçün nahaqdan ona pis bir şey istinad etmə, iftira və şər atma”; “təhqir” – heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət, alçaltma) Ekspert, özü V.Qafarovun ünvanımıza səsləndirdiyi “Vətən xaini”, “Dövlətə, xalqa xəyanət” kimi ittihamlarına “özlərinə olan etimaddan sui-istifadə edərək Vətəninə, xalqına dönüklük, etibarsızlıq etmək, aldadıcı mövqedə durmaq, bel bağlanıla bilməyən şəxslər” kimi izahlar verir və sonra bunları heç təhqir də saymır?! Bu nə məntiqdir? Bunu necə anlayaq?
    Bu ədliyyə müşaviri, “Səsin və şifahi nitqin tədqiqi” üzrə mütəxəssis H.Vəliyev öz “linqvistik təhlilinin” sonunda V.Qafarova az qala difiramblar qoşaraq onun bütün ittiham, təhqir və böhtanlarını “tənqid” adlandırır və bu halda da hesab edir ki: “Lakin onun tənqidi əxlaqi cəhətdən mənfi deyil, qarşılıqlı elmi müzakirə və diskussiya niyyətini hiss etdirən tənqiddir. V.Qafarovun qayəsi tarixi hadisələrə münasibətdə qarşıdakı insanların xətalarını arxiv sənədləri ilə təkzib etmək, xalqın tarixində müstəsna əhəmiyyət kəsb edən mövzuda həm vətəndaş, həm peşəkar alim kimi düzgün hesab etdiyi mövqeyi izah etməkdır”. Və bunu “müstəqil” sayılmalı olan Ekspert yazır!
    Lakin ciddi, qanuni və ədalətli məhkəmə araşdırması aparılacağı təqdirdə bu sıradan “ekspert” rəylərinin heç də həlledici rol oynamadığını bildiyimdən, V.Qafarovun mənim 1918-ci il hadisələrinə həsr olunmuş əsərlərim haqqında dediklərinin böhtan olduğunu və onun özü tərəfindən də heç bir dəlillə sübut edilmədiyini rahatlıqla əsaslandıracağımı, Məhkəmənin də bütün bu sübutları nəzərə alacağını düşünürdüm. Odur ki, məhkəmənin gedişində 1918-ci ildə “kütləvi qırğın” (poqrom) faktları sənədlər əsasında təsdiq olunmadan həmin hadisələrə “soyqırımı” kimi siyasi qiymət verməyin qeyri-mümkünlüyünü, özümün də bu hadisələrin “soyqırımı” olduğunu məhz “qırğınlar” faktına istinadən sübut etdiyimi, həmin mövzuda 4 dildə 14 kitab və monoqrafiya, onlarla məqaləmin çıxdığı, bu kitabların MTN və Heydər Əliyev fondu tərəfindən məhz “poqromı” adı ilə nəşr edildiyini hakimin nəzərinə çatdırdım, həmçinin əgər V.Qafarovun məntiqinə qalarsa həmin təşkilatların da mənimlə birgə “vətənə xəyanət” kimi məsuliyyət daşımalı olduğunu vurğuladım. 1918-ci il soyqırımı hadisələrinə dair bu gün bütün dünyanı, interneti, kitabları, muzeyləri dolaşan 100-dən artıq foto-sənədlərin məhz mənim tərəfimdən Fransada tapılıb Vətənə qaytarıldığını, Qubadakı “Azərbaycanlıların soyqırımı Memorial Kompleks - muzeyinin ekspozisiyasının yeganə müəllifi olduğumu və yəqin ki, məhz bu əsərlərimə və əməyimə görə dövlət başçısı tərəfindən “Əməkdar elm xadimi” adına layiq görüldüyüm kimi məsələlərə də diqqət çəkdim.
    Lakin bütün bu dediklərimlə bağlı sənəd və şəkilləri Məhkəməyə təqdim etdiyimə baxmayaraq hakim Natavan Tağıyeva tərəfindən hər hansı bir reaksiya görünmür, heç bir dəqiqləşdirici sual-filan da verilmirdi. Bəzən onun məni və həmkarlarımı dinlədiyinə, məhkəmənin gedişinin onu ümumiyyətlə maraqlandırdığına şübhəmiz yaranırdı, çünki məhkəmənin gedişində, çıxış etdiyimiz zaman Natəvan Tağıyeva köməkçisini çağıraraq onunla danışır, tapşırıqlar verir, harasa göndərir, qayıdandan sonra yenə nəyi isə müzakirə edirdi. Bu zaman bizim susduğumuzu gördükdə, “Siz davam edin”, yəni “mənə əhəmiyyət verməyin, danışın” deyirdi.
    Odur ki, Məhkəmə Qətnaməsinin demək olar ki, cümlə-cümlə ekspert rəyinin əsasında yazıldığı aydınlaşanda daha heyrətə-təəccübə yer qalmadı. “Təhqir” və “böhtanla” bağlı yuxarıda gətirilən “müddəların” təkrarı və “Vətən xaini”, “Dövlətə, xalqa xəyanət” kimi ittihamların, sən demə sadəcə “elmi tənqid” olduğu kimi absurd məqamlarla yanaşı, hakim hələ Ekspertdən də irəli getdi. Məsələnin mahiyyətinə varmadan, görünür ki, məhz bizim “nəzərimizə çatdırmaq” məqsədi ilə bir sıra digər “tövsiyyə” xarakterli arqumentlər gətirdi. Məsələn, Qətnamədə İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə istinadlar edilir və bu zaman nədənsə biz 4 iddiaçının da həmin sənədə istinadən tələb etdiyimiz hallara heç bir münasibət bildirilmədən, “söz, fikir azadlığı” mövzusu ortaya gətirilir. Bu zaman demokratik cəmiyyətdə fərdi fikirlərə münasibətdə dözümlülük” amilinə diqqət çəkilir: “Bu baxımdan məhkəmə qeyd edir ki, ictimai vəzifələrin daşıyıcıları olan şəxslər digər şəxslərlə müqayisədə tənqidə münasibətdə daha dözümlü yanaşmalıdırlar və hətta bəzən belə tənqidin sərhədləri müəyyən həddə qədər aşıla bilər. Həmçinin nəzərə almaq lazımdır ki, ictimai əhəmiyyətli məsələlərin müzakirəsi zamanı tərəflərin cəmiyyətdə tanınmış şəxslər də olduqları nəzərə alındığından, onların ünvanına səsləndirdikləri tənqidin sərhədləri adi halda yol verilməsi mümkün olan həddən artıq ola bilər və bu zaman müəyyən dərəcəyədək şişirdilmiş mülahizələrdən də istifadə oluna bilər” !!! Vəssalam!!!
    Beləliklə, Vasif Qafarova hər vəchlə bəraət qazandırmaq məqsədilə istənilən qanunu və ya halı istədiyi kimi şərh edən hakim N.Tağıyeva ünvanımıza səsləndirilən ifadələrin “təhqir, böhtan, işgüzar nüfuzu zədələyən” xarakterini danaraq onları “fikir və söz azadlığı” kontekstində qiymətləndirir, onları sadəcə “tənqid” deyil, “elmi tənqid” sayaraq “həddini aşmasını və “şışırdilməsini” məqbul hesab edir. “Dözümlülük” haqda Məhkəmənin “tövsiyyəsi” də açıq-aydın bizə, yəni “tənqid” olunan 4 alimə ünvanlanıb. Lakin bu zaman hakimin gətirdiyi arqumentlərin artıq “işləmədiyi” aydın olur. Çünki istər ekspert rəyi, istərsə məhkəmə Qətnaməsində israrla V.Qafarovla bizim aramızdakı münaqişənin sırf “elmi” mahiyyət daşıdığı qeyd olunur, bizim də hər hansı “ictimai vəzifələrin daşıyıcıları” kimi deyil, məhz alim kimi elmi nəzərlərimizin “tənqid” olunduğu göstərilir. “Elmi tənqidin” isə nəinki təhqir və böhtana dözümlü olmağa, heç bir halda “şişirdilməyə”, “həddini aşmağa” yol vermədiyi elmdən az-çox xəbəri olan hər kəsə məlumdur. Amma bu məqam hakim Natavan Tağıyevanın müvafiq məzmunlu Qətnamə qəbul etməsinə qətiyyən mane olmur.
    Burada bir haşiyə çıxaraq Hakim xanımın son – Məhkəmə qərarını oxuduğu iclasda biz 5 nəfərə - 4 iddiaçı və 1 cavabdehə qarşı açıq-aydın nümayiş etdirdiyi hörmətsizliyi vurğulamamaq isə mümkün deyil. İclasın gedişində Natavan Tağıyeva birdən-birə “5 dəqiqə fasilə elan edilir” deyib otaqdan çıxdı. Bu “5 dəqiqənin uzandığını görən və isti hava, kiçik, qapalı otaqdakı boğanaqlıq şəraitində hakimi gözləməkdən səbri tükənən Qulu Məhərrəmli 40 dəqiqədən sonra, susuzluğa dözmədiyini bildirərək getdi və daha məkəməyə qayıtmadı. Bizim hakim xanımın gözdən itdiyi inzibatı hissənin bağlı qapılarını dəfələrlə döyəcləməyimiz qarşısında səsə çıxan işçilər “indi gələr” deyib gedir, hakimdən isə bir xəbər çıxmırdı. Yalnız 1,5 saatdan sonra, artıq bizim də məhkəmənin qərarını gözləmədən getməyə hazırlaşdığımız vaxt hakim xanım zala qayıtdı, narazılığımızı eşidərkən, niyə gedib küçədə hava almadığımıza və su içmədiyimizə “təəccübləndi”, “beş dəqiqəlik fasilə elan etdiyini” ona xatırladanda isə təhrini belə pozmayaraq, hətta nəzakət xətrinə bizdən üzr istəməyi lazım bilmədi. Başqalarının ən azı vaxtına hörmət etməyin artıq tərbiyə məsələsi olduğu nəzərə alınarsa belə bir insanın Hakim qismində Şərəf və Ləyaqətin qorunması ilə bağlı HANSI qərar çıxaracağını əvvəlcədən təsəvvür etmək olardı. Ehtimalımız bizi aldatmadı.
    Hakim bir daha bizə “son söz” üçün 1-2 dəqiqə verdi, dediklərimizə açıq-aydın məhəl qoymadan yenə “qərar qəbul etmək” üçün fasilə elan edib getdi və qayıdandan sonra başını qaldırmadan tələsik Qətnamənin qərar hissəsini oxudu. Daha sonra hələ iclasın əvvəlində ekspertin məhkəməyə çağırılması haqda vəsatət qaldırmış Boran Əzizin etirazlarına əhəmiyyət vermədən hakim əbasının balaqlarını yığaraq az qala zaldan qaçdı. Düzü bu məqamda mərhum vəkilimiz Adil İsmayılovun məşhur sözlərini xatırladım: “...Axır vaxtlar hakimlərimiz yaman utancaq olublar. Çıxardıqları qanunsuz qərarları oxuduqları zaman başlarını aşağı salmalarından bu, açıq-aydın hiss olunur. İşləri bir qayda olaraq uduzsam da, hakimləri utandırmaqla bir az təskinlik tapıram...”
    Məhkəmələr görmüş, qərarlar eşitmiş peşəkar bir Vəkilin bu prosesdə bizimlə birgə olacağı təqdirdə bu acı etirafının daha bir təsdiqi kimi mənalı təbəssümünü təsəvvür etsəm də, hakim Natavan Tağıyevanın müstəqilmi, yaxud məsləhətləmi, qəbul etdiyi qərardan utanıb-utanmadığı barədə nə düşünmək, nə də “təskinlik tapmaq” istəmirəm. Çünki məhkəmənin gedişində biz - 4 iddiaçı bu prosesin və qəbul ediləcək qərarın ictimai-siyasi əhəmiyyətini nəzərə almağı, mütləq ictimailəşdiriləcəyi və cəmiyyətdə istər-istəməz reaksiya doğuracağı, bu baxımdan onun da adının hallanacağını dönə-dönə hakimin nəzərinə çatdırmışdıq.
    Bu Məhkəmə prosesindən hansı nəticələr çıxarıla bilər ?
    İlk və ən acı nəticə: minlərlə vətəndaşının, xüsusən gənclərinin Vətən uğrunda canından keçməyə hazır olduğu sübut edilmiş Məmləkətimizin məhkəmə-hüquq sistemində “Vətən xaini”, “Vətənə, Dövlətə, Xalqa xəyanət” kimi ittihamlar heç bir sübuta ehtiyac görülməyən, ən adi, ən ucuz, ən əhəmiyyətsiz ifadələrdir. Hər kim istəsə bu ittihamları hər kəsə - siyasətçidən süpürgəçiyə qədər – irəli sürə bilər və buna görə nəinki cəza, heç məsuliyyət də daşımaz, hətta üzr istəməli olmaz, əksinə yaxşı dəstək taparsa müdafiə və bəraət alar, hələ qarşı tərəfi borclu da çıxarar. Artıq presedent də var. Bizim işimizlə bağlı Məhkəmə qərarı.
    Əlbəttə, ölkənin hüquq müstəvisində “Vətən” anlayışının bu qədər qiymətdən düşməsi, onun əsgər və zabitindən tutmuş ziyalı və aliminə qədər rahatlıqla “Vətən xaini” damğası vurmağın, dövlətə, xalqa “xəyanətdə” ittiham etməyin getdikcə adi hal alması olduqca təhlükəli, yalnız dövlətçilik, qanunçuluq deyil, xalqın və cəmiyyətin də təməl dəyərlərinin, mənəviyyatının tənəzzülünü göstərən acınacaqlı bir mənzərədir. Əsl vətənpərvər, ölkəmizin, vətənimizin, gəncliyimizin uzaq gələcəyini deyil, artıq sabahını düşünən insanlarımız bu reallıqdan ən ciddi surətdə narahat olmalıdırlar. Hamımız narahat olmalıyıq!
    Bu məhkəmə prosesinin kökündə konkret insanların şərəf və ləyaqəti məsələsindən daha əvvəl, Dövlətin Şərəf və Ləyaqəti məsələsi durduğu barədə isə görünür ki, ölkəmizin Hüquq-Məhkəmə sisteminin bu adı çəkilən və bu işə aidiyyəti olan digər nümayəndələri deyəsən heç düşünməmişlər. Belə ki, bir ölkənin 4 nüfuzlu ziyalısı, tanınmış alimi qonşu düşmən dövlətin siyasi maraqlarına xidmət etməkdə və onun hökumət başçısını (Paşinyanın adı çəkilməklə) dəstəkləməkdə “günahlandırılırsa”, bu heç bir vəchlə “elmi tənqid” sayıla bilməz! Bu ən əvvəl siyasi məsələdir! “Dövlətə xəyanət” - dövlətin təhlükəsizliyi ilə bağlı cinayət məsuliyyətli və sübut edilməli ciddi ittihamdır. Sabah Nəsimi rayon məhkəmənin bu ədalətsiz qərarı ilə razılaşmayıb ondan şikayət etməyə və öz Şərəf-Ləyaqətimizi qorumaq üçün Avropa məhkəməsinə qədər gedib çıxmağa qərar verəriksə, bu prosesin artıq beynəlxalq miqyasda oyadacağı əks-sədanı həmin ekspert-hakim cütlüyü heç təsəvvürünə gətirirmi ?
    Etiraf edək ki, guya “demokratiya” prinsiplərinə, “söz azadlığı” və d. Avropa dəyərlərinə “söykənərək” yalnız “üzr istənilməsi” tələbi qoyulan bir iddianı rədd edən məsuliyyətsiz insanlardan fərqli olaraq biz – 4 alim-ziyalı verəcəyimiz qərarın Vətənimizin, Ölkəmizin və Dövlətimizin imicində necə əks olunacağı üzərində düşünürük və açıqlayacağımız “Bəyanat” da bu səbəbdən yubanır.
    İndi isə bu Məhkəmə Qətnaməsinə ayrıca münasibət bildirməyim haqda. Səbəbini artıq yuxarıda qeyd etmişdim. Aldığım ikinci nəticəni diqqətinizə çatdırıram.
    Bəzi dostların həmin Qətnaməni “Vasifin dediklərinin boş sözlər olduğu, onsuz da ciddi qəbul edilmədiyi və nüfuzumuza da heç bir xələl gətirmədiyinin” təsdiqi kimi anlamaq məsləhətləri məni qane etmir. Belə ki, özünün Məhkəmə Qətnaməsində “böhtan” – “yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları,... kütləvi informasiya vasitəsində ... yayma hesab olunur” kimi bir fikri vurğuladığı halda Nəsimi Rayon Məhkəməsi kütləvi informasiya vasitəsi – milyonların baxdığı “Spase” kanalında şəxsən mənim haqqımda yayılan hədyanların yalan olduğunu bilə-bilə onları “böhtan” kimi qiymətləndirmirsə, onları söyləyənin “üzr istəməsini” belə lazım bilməyərək, əksinə ona bəraət qazandırıb məni bu böhtan və iftiralara “dözümlü” olmağa çağırırsa, elə çıxmırmı ki, bu halı həmin ittihamın “təsdiqi” kimi də yozmaq olar ?!
    Mən həyatını vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş, əqidə və şərəfini hər şeydən üstün tutmuş bir inqilabçı övladı olmaqla özümü dərk edəndən “Vətən” və “Şərəf” anlayışlarını ehtiva etdikləri mahiyiyyətə görə yaşam prinsipləri kimi qəbul etmişəm. İndi, ömrümün artıq 7-ci onilliyini yaşadığım bir zamanda, heç bir vəzifə, mənsəb, sərvət və s. iddialarında olmadan, yalnız məqbul bildiyim və bacardığım bir işə - elmi fəaliyyətə üstünlük verib, tarix üzrə elmlər doktoru, professor, 25 kitabın, 300-dən artıq elmi və publisistik əsərin müəllifi, bir sıra beynəlxalq elmi layihələrin iştirakçısı olduğum, 40 ildən artıq xarici ölkələrdə Azərbaycan elmini təmsil etdiyim, bir çox tədqiqatçılara elmdə yol açdığım və bu sıradan digər dürüst və xeyirxah əməllərimlə Vətənimə, Dövlətimə və Xalqıma xidmət etdiyimi, təmiz ad və qınanmaz nüfuzumla Şərəf və Ləyaqətimi qoruduğumu düşündüyüm halda indi birdən-birə məlum olur ki, Azərbaycan məhkəməsi üçün bütün bunların heç bir əhəmiyyəti yoxdur! Çünki Azərbaycan məhkəməsi hansısa bir tədqiqatçının sərsəm ittihamı, hansısa bir ekspertin birtərəfli rəyi və hansısa bir hakimin heç bir məhkəmə araşdırması aparmadan qəbul etdiyi qərarı ilə mənim bu xidmətimi “Vətənimə, Dövlətimə, Xalqıma xəyanət” kimi qiymətləndirə, bu qədər həssaslıqla qoruduğum Şərəf və Ləyaqətimi isə çox asanlıqla alçalda bilər. Belə ki, Azərbaycan məhkəməsi bu anlayışların açıq-aydın və qərəzli şəkildə ən azı təhrif edilməsini, “Vətən xaini” kimi cinayət tərkibli bir ifadənin isə heç bir sübut olmadan, bilərəkdən konkret şəxsə – mənə qarşı, özü də məhz elmi fəaliyyətim, kitablarımla bağlı – yönəldilməsini nəinki qanun pozuntusu, heç “təhqir” də saymır !
    İndi nə edəsən?
    Təbii ki, nə Vasif Qafarov, nə Hümmət Vəliyev, nə də Natavan Tağıyevanın bu “ittiham-rəy-qərarı” məni öz həyat prinsiplərimdən döndərə bilməz. Bu “üçlüyün” və onların hansısa maraqlar müstəvisində birgə “düzüb-qoşduğu” Məhkəmə qərarının əslində bu günkü Azərbaycan gerçəkliyinin güzgüsü olduğu kimi acı bir həqiqəti anlasam belə! Və bu anlam qarşısında Azərbaycan məhkəmə sisteminin yuxarı instansiyalarında “ədalət” tapacağım kimi bir ümidlə özümü aldatmaq səviyyəsində sadəlövh də deyiləm.
    Amma özümə, şəxsiyyətimə və heysiyyətimə qarşı hər hansı təhqiri və hörmətsizliyi qəbul etmədiyim və cavabsız qoymadığım kimi daha bir həyat prinsipimə əməl edərək hər halda bu “üçlüyə” özlərinin məqbul saydığı və layiq olduqları bir səviyyədə, rusların “сам дурак» formuluna uyğun cavab verməyi lazım bilirəm:
    Vasif Qafarov, vətən xaini sən özünsən!
    Hümmət Vəliyev, vətən xaini sən özünsən!
    Natavan Tağıyeva, vətən xaini sən özünsən!