XƏBƏRLƏR / Nəqliyyat

İlham Əliyev “Boeing”in vitse-prezidentini qəbul edib

Bu barədə Prezidentin mətbuat xidməti xəbər verib

İlham Əliyev “Boeing”in vitse-prezidentini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

    Görüşdə Azərbaycan ilə “Boeing” şirkəti arasında 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirilib. Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

    Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olunub, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edilib.

    Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulanıb, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

    Görüşdə Formula 1 yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, ölkəmizə xeyli sayda turistin gəlməsinin önəmi vurğulanıb. Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyi və ölkəmizin beynəlxalq əməkdaşlıq işlərinə töhfə verdiyi qeyd edilib.