BLOQ

Gələcək üçün ən sərfəli sərmayə

Bu dəfə məşhur Mostar körpüsündən yazıram

Gələcək üçün ən sərfəli sərmayə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gələcək üçün ən sərfəli sərmayələrdən biri də nadir memarlıq abidələridir.
    Ölkəni məşhurlaşdırır, xalqı tanıdır, böyük qazanc gətirir, minlərlə iş yeri açır. Hələ turist mövsümünün başlanmasına ən azı bir ay qalsa da, məşhur Mostar körpüsünün həndəvərində indidən adan əlindən tərpənmək olmur. Titiz yapon turistləri az qala əyilib hər daşın şəklini çəkirlər. Dörd bir tərəfdə isə şıdırğı ticarət gedir. Boşnakların çevabçiçi dedikləri kababın iyi asimana bülənd olur. Memar Sinanın istedadlı tələbələrindən memar Hayrutdinin 1566-cı ildə inşa etdiyi nadir sənət əsəri bu gün tək Mostar şəhərinin deyil, Bosniyanın vizit kartına çevrilib.
    Maraqlıdır ki, ölkədə Osmanlı dövrünün daha bir nadir memarlıq abidəsi - adı Nobel mükafatı laureatı İvo Andriçin "Drina körpüsü" romanında əbədiləşdirilən eyni adlı körpü də var. Boşnak əsilli Osmanlı sədrəzmi Sokollu Mehmet Paşanın əmri ilə Memar Sinan tərəfindən 1577-ci ildə tikilən bu körpü də bizim Xudafərin kimi 11 tağlıdır. Amma bütün əzəmət və ehtişamına baxmayaraq kiçik Mostar körpüsünün kölgəsində görünməz olub. Hər ikisini görməyə dəyər.
    P.S. Ümid edək ki, zaman gələcək, vahid Azərbaycanda Xudafərin də Mostar körpüsünün, Eyfel qülləsinin, Biq Benin, Tac-Mahalın və s. malik olduğu statusu qazanacaq!