BLOQ

Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir?

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) araşdırması

Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Statistik rəqəmlərə görə 2022-ci ildə qondarma rejimin büdcə xərcləri $546,93 mln olmuşdur və 2023-cu ildə 1% artırılaraq $554,57 mln-a çatdırılacaqdır. Büdcə gəlirlərinin əsas hissəsini Ermənistanın verdiyi dövlətlərarası kredit təşkil edir. 2023-cü ildə $372 mln kredit veriləcəkdir (ümumi gəlirlərin 77%-i). Bu vəsaitlər kredit kimi verilsə də sonradan Ermənistan tərəfindən bağışlanılır.

    Ən çox xərc sosial müdafiəyə ayrılır. 2022-ci ildə bu istiqamətə $133.23 mln ayrılmışdır (ümumi xərclərin 24%-i), 2023-cü ildə artrılaraq $187.99 mln-a çatdırılacaqdır (ümumi xərclərin 34%-i). Bu istiqamətə böyük diqqətin ayrılması onu göstərir ki, qondarma rejim sosial müdafiə xərclərini artırmaqla əhalinin Qarabağda qalmasını təmin etməyə çalışır. Bunu son 3 ildə sosial müdafiə xərclərinin kəskin artırılması da sübut edir. Belə ki, 2020-ci ildə qondarma rejim sosial müdafiə üçün 2023-cü ilə planlaşdırılandan 3.4 dəfə az vəsait ayırmışdı.  

    Eyni zamanda, Laçın dəhlizində ekoaksiyalara görə qondarma rejimin sosial vəziyyətinin pisləşməsi və 1300 işçisi olan Base Metals şirkətinə məxsus mis-molibden yatağının fəaliyyətinin dayanması da 2023-cü ildə sosial müdafiə xərclərinin artırılmasına təsir etmişdir. Gəlirlərinin böyük hissəsinin Ermənistandan köçürülməsi onu deməyə əsas verir ki, əhalinin Qarabağda qalmasında Ermənistan hökuməti birbaşa iştirak edir.

    2022-ci ildə qondarma rejim büdcə xərclərinin 8.6%-ni təhlükəsizliyə ayırmışdır. Cari ildə isə bu istiqamətə $58.36 mln ayrılacaqdır (büdcə xərclərinin 10.5%-i). Təhlükəsizliyə böyük həcmdə xərclərin ayrılması da əhalinin Qarabağda saxlanılmasına xidmət edir. Çünki, əhalinin saxlanılmasını təmin etmək üçün onların sosial müdafiəsi ilə yanaşı təhlükəsizliyi də təmin edilməlidir. 

    2023-ci ildə iqtisadiyyat, enerji və nəqliyyat istiqamətində isə xərclər azaldılacaqdır və ümumi xərclərdə payı 10.2%-dən 7.8%-ə düşəcəkdir. Demək, qondarma rejim iqtisadiyyatın inkişafı hesabına deyil, süni şəkildə, yəni təhlükəsizliyin və sosial müdafiənin Ermənistandan alınan vəsaitlər ilə təmin edilməsi hesabına əhalinin Qarabağda saxlanılmasına çalışır. Həm də səhiyyə, təhsil, tikinti və kommunal xərclər də azaldılacaqdır. 

    Maraqlıdır ki, müdafiə xərcləri çox az göstərilir. 2023-cü ildə müdafiə xərcləri əvvəlki il ilə eyni səviyyədə, yəni $5.07 mln səviyyəsində (ümumi xərclərin 0,9%-i) olacaqdır. Hazırda Qarabağda ən azı 10 min erməni hərbçisinin olduğu ehtimal edilir. Ermənistanda müqavilə ilə işləyən hərbçilərə isə ayda $1082 maaş  verilir. Əgər 10 min hərbçinin yarısı ayda $1000 maaş alsa təkcə onların əmək haqqı $5 mln edir. Digər xərcləri də nəzərə aldıqda hərbi xərclərin $5.07 mln olmasının qeyri-mümkün olduğu aydın olur. 

    Eyni zamanda digər xərclərin həcmi çox böyükdür. Bu xərclər 2022-ci ildə $107 mln (ümumi xərclərin 19.6%-i) olmuş, 2023-cü ildə isə $76.4 mln-a endiriləcəkdir (ümumi xərclərin 13.8%-i). Bu xərclərin ümumi xərclərdə payına görə 2-ci ən böyük kateqoriya olması onların təyinatı ilə bağlı suallar yaradır. Hərbi xərclərin çox az göstərilməsi əlavə xərclərin tərkibində hərbi xərclərin çox olduğunu deməyə əsas verir. Müdafiə qondarma rejimin ən çox korrupsiyalaşmış sektoru olduğundan yeyintilərin izini itirmək üçün hərbi xərclərinin böyük hissəsinin digər xərclərə daxil edilməsi mümkündür. Tikinti sektoru da korrupsiyanın geniş yayıldığı sektordur və yəqin ki, qondarma rejim tikintidəki yeyintilərin izini itirmək üçün də bu sahədəki xərcləri digər xərclərə aid edir.  

    Beləliklə, qondarma rejimin 2 əsas məqsədi vardır. 1-ci məqsəd separatçı siyasəti davam etdirmək üçün əhalinin Qarabağda saxlanılmasını təmin etməkdir. Ona görə də maliyyə resurslarının böyük hissəsi bu istiqamətdə səfərbər edilir. 2-ci məqsəd isə korrupsiya yolu ilə Ermənistandan köçürülən vəsaitləri mənimsəməkdir. Buna görə də ən çox yeyintinin olduğu sektorların xərcləri digər xərclərə daxil edilərək gizli şəkildə mənimsənilir.