BLOQ

Cinayətin izi ilə və ya inkişaf hərtərəfli olmalıdır

Nə etsəydik, "Bravo"da insan ölməzdi?..

Cinayətin izi ilə və ya inkişaf hərtərəfli olmalıdır
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Bakıda “Əhmədli” metrostansiyası yaxınlığında yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə “Unibank” inkassasiya heyətinə silahlı hücum və hadisə nəticəsində bir nəfərin ölməyi, iki nəfərin yaralanması şəhər əhalisi arasında ciddi narazılığa səbəb olub. Belə ki, vətəndaşların gündəlik istifadə etdiyi bankomatlara bu cür şiddətli, silahlı və “misilsiz” hücum Azərbaycanda bank sferasının bu sahəsində olan bir sıra problemləri üzə çıxarır.

    Ümumiyyətlə, hər bir ölkə inkişaf etmiş dövlətlər sırasına qalxdıqca bu yolun müsbət amilləri ilə yanaşı, mənfi tendensiyalarla da rastlaşır. Lakin Azərbaycan kimi inkişafda olan ölkələrin üstünlükləri ondan ibarətdir ki, artıq bu yolu keçmiş ölkələrin müsbət hallarını asanlıqla mənimsəyərək onları daim əhatə edən mənfi cərəyanlara da hazır ola bilər.

    Bankomatların fiziki qarəti və ya inkosasiya heyətinə hücum faktları Azərbaycanda yenilikdirsə, dünyada və əsasən, inkişaf etmiş ölkələrdə bu ildən-ilə çoxalan ciddi problemdir və daim araşdırmalar və nəzarət altındadır.

    Federal Təhqiqatlar Bürosunun (sonra mətn boyu FTB-əllif) məlumatına görə, ABŞ-da bankomat oğurluqlarının sayı əvvəlki illə nisbətdə 10% artıb. Belə ki, 2022-də 300-ə yaxın qarət olubsa, 2021-də - 254, 2018-də 74, 2016-da isə 45 qarət faktı qeydə alınıb. Sözsüz ki, müsbət dinamika deyil və Azərbaycanın bank sektoru və güc strukturları, sözsüz ki, dünyada gedən proseslərdən xəbərdar olmalı və privintiv (qabaqlayıcı-əllif) tədbirlər görməlidirlər.

    Qarətlərin statistikası artdıqca onlara qarşı tədbirlər də artır. Məsələn, bankomatlar daha da gücləndirilir, kameralarla təchiz olunur, ictimai yerlərdə quraşdırılır və s. Lakin bu hal cinayətkarları daha da cəsarətləndirir və əks tərəfin əlavə zəif nöqtələrnii axtarmağa sövq edir. Belə ki, cinayətkarlar artıq yalnız zirehli bankomatları texniki qarət etmək deyil, bankomatlara xidmət göstərən və onları nağd pulla dolduran inkassasiya heyətini hədəfə almağa başlayıblar. Bu isə tamam fərqli ssenaridir – ona görə ki, bu halda qarət edilən pul və avadanlıqdan əlavə insan həyatı da ciddi təhlükə altına düşür.

    Burada əsas rol oynayan iki ciddi faktor mövcuddur:

     

    1. Bankomatlara düzgün xidmət edilməsi;
    2. İnkassatorların təchizatı.

    BANKOMATLARA DÜZGÜN XİDMƏT EDİLMƏSİ

    Maraqlıdır ki, bankomat oğurluqlarının sayı artsa da, bank cinayətlərinin sayı ümumilikdə kəskin şəkildə azalıb, FTB statistikası göstərir ki, 2021-ci ildə ABŞ-da bank cinayətlərinin sayı 1788 olubsa, 2019-cu ildə 2440-dan, 2018-də isə 3033 olub. Təxminən, iki dəfə azalan bank qarətləri və əksinə, həmin dövr ərzində iki dəfə çoxalan bankomat qarətləri – sonuncunun daha əlverişli və asan olmasından danışır. Dünyada bir necə bankomat istehsalçısı var və onların istehsal etdiyi ATM-lərə, adətən, 40 000 AZN-dən  250 000 AZN-ə qədər pul yerləşdirmək olur. İnkişafda olan ölkələrdə bankomatları yerindəcə yarmağa cəhd ediirlərsə, artıq inkişaf etmiş ölkələrdə cihazı bağlandığı divardan çıxarmaq üçün qarmaq və zəncirdən istifadə edirək güclü yük maşını vasitəsi ilə yerli-dibli yerindən qoparıb yaxın bir ərazidə onu sakitcə qarət edirlər.

    Bunların qarşısını almaq üçün bankomatları qorumaq üçün beynəlxalq maliyyə institutları bu addımları atılmasını təklif edir:

    • Bankomatı həm döşəməyə, həm də binanın daşıyıcı kolonuna və ya divarlarına anker boltlarla bərkidin və ATM-ləri alarkən onların korpuslarının sərt materiallardan olmasına ciddi diqqət edin. Bu sahədə qənaət banklara, əsasən, sonralar daha baha başa gəlir.
    • Maşının ətrafında imkan qədər çox maneələr quraşdırın:

    hərəkət sensorları olan çoxsaylı müşahidə kameraları quraşdırın və təhlükəsizlik tədbirləri, kamera və sensorlar barədə xəbərdarlıq edən lövhələr asın.

    • Bankomat oğurlansa, onu aşkar etmək üçün siqnalizasiya sistemləri quraşdırıın:

    GPS izləmə sistemlərini təkmilləşdirin (bir deyil, iki və ya üçünü quraşdırırn) və pul qutularına yuyulmayan və qarət olunarsa, partlayan boya paketlərini daxil edin.

    • Bankomatları ictimaiyyət tərəfindən asanlıqla müşahidə edilən ərazilərdə yerləşdirin, binaların içərisindəki qapı girişlərindən və ya xarici divarlardan uzağa yerləşdirin ki, cinayətkarlara onları qarət edib asanlıqla aradan çıxmaq olmasın.

    “Bravo” hipermarketinin hadisə ilə bağlı verdiyi rəsmi məlumata diqqət yetirək:

    “04.03.23 tarixində Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub”.

    Gördüyünüz kimi, hipermarketin məhz girəcəyində yerləşdirilən bankomatlar bir sıra müasir beynəlxalq tələbləri pozaraq cinayətkarlara oğurluq üçün əlverişli imkan yaradıb və nəticədə faciə baş verib.

    İNKASSATORLARIN TƏCHİZATI

    Hamıya məliumdur ki, müxtəlif növ mühafizəçilər insanları və əmlakı qorumaq üçün odlu silah daşıyırlar, lakin çoxdan sübut edilib ki, silah mühafizəçilərə daha çox hücum niyyəti olanları qorxutmaq üçün lazımdır. Bunu anlayan hər bir şəxs onu da anlamalıdır ki, silahlı mühafizəçiyə və ya onun qoruduğu əmlaka qarşı hər hansı əməl törətmək istəyən cinayətkar daha da zirehli və güclü silahla təchiz olunaraq hücum planı quracaq. Onu da unutmaq lazım deyil ki, bank cinayətləri zamanı mühafizəçilər silahlıdırsa, onlara qarşı olan hücum zamanı ətrafda olan mülki insanların xəsarət almaq imkanı yüksəlir. Məsələn, ABŞ Mülki Təhlükəsizlik Mərkəzi və İstintaq Hesabatları Mərkəzinin yaydığı məlumata görə, bank mühafizəçiləri silahlı olduqda hər 1000 hadisə üçün 64 mühafizəçi yaralanır, silahsız olduqda isə hər 1000 hadisədə cəmi 1 mühafizəçi yaralanır.

    Lakin bu məsələ hər bir ölkədə indiyə qədər fərqli həll olunmaqdadır. Bir çox hallarda məsələ insan həyatı və ya onun qoruduğu əmlakın dəyəri ilə bağlıdır. Bu məsələni cəmiyyət özü, ona xas olan dəyərlər çərçivəsində həll etməlidir və bu dövlət qanunları ilə tənzimlənməlidir.

    Daha vacib və taleyüklü məsələ bankomatların pulla doldurulmasının vaxtı ilə bağlıdır. Heç kim üçün sir deyil ki, bankomata pul yükləmə mərasimi iş vaxtı olmasa, yəni ATM-in yerləşdiyi qurum bağlı olanda həyata keçirilsə, proses daha təhlükəsiz olar. İş vaxtı, insan kütlələrinin gözü qarşısında külli miqdarda pulun bankomata yerləşdirilməsi ərazidə olan hər bir kəsi təhlükə altına salır.

    Sual oluna bilər ki, bəs iş vaxtı bankomatda pul vəsaiti qurtarsa, nə edilməlidir?

    Yuxarıda göstərdiyim kimi, müxtəlif pul kütləsi daşıyan bankomatlar mövcuddur – insanların çoxluq təşkil edən ticarət mərkəzlərində daha çox vəsait saxlaya bilən ATM-lər qoyulmalıdır.

    Sözsüz ki, günün günorta çağında bankomatları pulla dolduraraq cinayətkarların mərhəmətinə və ya adamların gözü qarşısında cürət edib oğurluq etməyəcəyinə inanmaq sadəlöhvlükdür. Yeri gəlmişkən, cinayətkarlar uyuşdurucuların təsiri altında və ya peşəkar qatı residivist və ya ümumiyyətlə, qarətçi deyil, ara qarışdırmaq məqsədi ilə düşmən bir ölkənin göndərdiyi peşəkar casus ola bilər. Yuxarıda sadalanan adamların hissləri olmur, onlar nəyinsə müqabilində kəfənlərini bellərinə bağlayaraq günlərlə hazırlanmış tapşırığı yerinə yetirirlər və onların heç nə vecinə deyil.

    “Bravo” hipermarketində baş verən hadisənin videosunun sıçrayışla paylaşılması da məxfiliyə ciddi zərər vurdu – bu amansız və qəddar kadrları görən adi vətəndaşlar təşvişə düşdüsə, cinayətkarlar onlar üçün vacib olan videonu əldə edərək gələcək hərəkətlərini tənzimləməyə imkan tapdılar. Bu cür video yalnız polisin əməliyyat dosyesində işlənməli və yalnız onlara lazım olan hissələr yayımlanmalıdır. Düşünürəm, bu sahədə də ciddi nəzarətə ehtiyac var.

    Bir sözlə, bu sahə ciddi islahatlara məruz qalmalıdır! Azərbaycan Konstitusiyası və mənim şəxsi düşüncəmə görə, Vətəndaşın həyatı hər bir şeydən artıqdır! Deyilənlərə görə, “Bravo” hipermarketində baş vermis hadisə zamanı həlak olmuş Rüfət Rahib oğlu Həşimov Qarabağ döyüşlərinin iştirakçısı olub…

    Allah rəhmət eləsin ona da, bizə də!