XƏBƏRLƏR / İdman

"Cica “Qarabağ” üçün uğurlu transferdir"

Bunu Ağdamın “Qarabağ” klubunun albaniyalı sabiq futbolçusu Ansi Aqolli deyib

"Cica “Qarabağ” üçün uğurlu transferdir"
Redon Cica
  • Oxuma müddəti:

    2 dəqiqə

  • "Redon Cica istedadlı oyunçudur. Albaniyanın “Tirana” klubunda baxımlı oyun göstərib, komandaya böyük töhfələr verib. Mən də vaxtilə “Tirana”da çıxış etmişəm. Həmin vaxt karyeramın yüksəlişini yaşadım. Hesab edirəm ki, Cica "Qarabağ" üçün uğurlu transferdir".

    Bunu Ağdamın “Qarabağ” klubunun albaniyalı sabiq futbolçusu Ansi Aqolli deyib.

    O, Cicanın “Qarabağ”ın heyətində üçüncü albaniyalı oyunçu kimi tarixə düşdüyünü bildirərək deyib: “Admir Teli ilə birlikdə “Qarabağ”da çıxış edən albaniyalı futbolçular olmuşuq. Bu komandanın heyətində 6 il birlikdə çıxış etmişik. “Qarabağ”ın bu transferindən məmnunam”.

    Cicaya “Qarabağ”da möhkəmlənmək üçün müəyyən məsləhətlər də verən Aqolli bildirib: "Qarabağ" öz üzərində işləyən komandadır. Heyətdə bacarıqlı oyunçular var. Məşqçilər də təcrübəlidir. Komanda bu çalışqanlıq hesabına formalaşıb. Cicaya məsləhətim odur ki, "Qarabağ"da çıxış etdiyi müddətdə öz üzərində işləsin, özünü yaxşı tərəfdən göstərsin”.

    Sabiq futbolçu “Qarabağ”a gəlişinin digər albaniyalı oyunçular üçün də düşərli olduğunu diqqətə çatdıraraq qeyd edib: “Məndən əvvəl “Qarabağ”a albaniyalı oyunçu gəlməmişdi. Heç kim Azərbaycanın bu klubu haqqında məlumatlı deyildi. Hazırda onlar “Qarabağ” və onun tarixi haqqında çox şeyi bilirlər. Albaniya əhalisi mənim kluba gəlişimlə Qarabağ haqqında da məlumatlı oldu. "Qarabağ"ı təkcə komanda adı kimi yox, həm də Azərbaycanın tarixi ərazisi kimi tanıdılar. Bu gün albaniyalı futbolçular Ağdam təmsilçisini həm də çiçəklənən, qalib ölkənin komandası kimi qəbul edirlər. Arzu edirəm ki, daha çox albaniyalı oyunçu "Qarabağ"a gəlsin. Azərbaycan futbolu inkişaf yolu ilə inamla irəliləyir. “Qarabağ” mənim təkcə sabiq komandam yox, həyatımın klubu, doğma hiss etdiyim kollektivdir”.