XƏBƏRLƏR / Qayıdış

Britaniya parlamentinin nümayəndə heyəti Ağdama səfər edib

Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verilib

Britaniya parlamentinin nümayəndə heyəti Ağdama səfər edib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdama səfəri başlayıb. Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunan Ağdamda erməni vandalizmi ilə tanış olub. Onları Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və Milli Məclisin deputatı Soltan Məmmədov müşayiət edib.

    Ağdama gələn qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qarşılayıb. Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

    Ağdam Cümə məscidini ziyarət zamanı qeyd edilib ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan bu məscid də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Erməni işğalçıları məscidin minarələrindən müşahidə məntəqəsi kimi istifadə etdiklərinə görə, tarixi abidə dağıdılmayıb. Buna baxmayaraq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından heyvan saxlamaq üçün istifadə ediblər.

    Səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə də tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar.

    Qonaqlar Ağdam şəhər mərkəzində yerləşən Şəhidlər xiyabanında da olublar. Bildirilib ki, erməni vəhşiliyi zamanı Xocalıda qətlə yetirilən azərbaycanlıların bir çoxu vaxtı ilə burada dəfn edilib. Lakin Ağdam işğal olunduqdan sonra bu məzarlıq da erməni vəhşiliyinə məruz qalıb, qəbirlər qazılaraq cəsədlər çıxarılıb, cəsədlərdəki qızıl dişlər oğurlanıb.

    Nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

    Böyük Britaniya nümayəndə heyətinin üzvləri Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə də görüşüb, Xıdırlı kəndi ərazisində ərazinin minalarla çirkləndirilmiş olmasına şahidlik ediblər. Ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qismi zərərsizləşdirilib. Bu proses Bob Bləkmən tərəfindən həyata keçirilib. 9 ədəd tank əleyhinə, 2 ədəd piyada əleyhinə, 2 ədəd əldəqayırma hərbi sursat, 1 ədəd RPG7 raketi partladılma yolu ilə zərərsizləşdirilib.