BLOQ

"Şuşa kimin əlindədirsə, Qarabağa o nəzarət edir

Biz gəldik, Şuşa!

"Şuşa kimin əlindədirsə, Qarabağa o nəzarət edir
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Erməni işğalçıları bir də heç zaman 8 may gününü "qələbə günü" kimi qeyd edə bilməyəcəklər. Ordumuz 27 il 6 ay sonra onların "erməni şəhəri Şuşi" ilə bağlı bütün arzularını gözündə qoydu. Amma biz - indiki və gələcək nəsil heç zaman 8 may tarixinin Şuşanın işğal günü olduğunu əsla unutmamalıyıq. Bu yazını 2021-ci ilin sentyabrında, azad Şuşaya ilk səfərdən sonra yazmışdım.
    BİZ GƏLDİK, ŞUŞA!
    29 avqust 2021-ci il. İşğaldan azad edilməsinin doqquzuncu ayında Şuşaya gedirik. Dövlət başçısı və birinci xanımın iştirakı ilə azad Şuşada keçirilən ilk Vaqif Poeziya Günlərinə və Vaqifin bərpadan sonrakı məqbərəsinin açılışına...
    44 günlük Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından az sonra Ali Baş Komandan, Prezident İlham Əliyev qətiyyətli şəkildə növbəti ildə Şuşada məşhur "Xarıbülbül" festivalının, ənənəvi Vaqif Poeziya Günlərinin keçiriləcəyini deyəndə tərəddüdsüz inanmışdım. Bilirdim ki, dövlət başçısıi sözünün ağasıdır. Şuşanın mütləq azad ediləcəyi xəbərini də əvvəlcədən vermiş və tezliklə möcüzənin həqiqətə çevrilməsinin şahidi olmuşduq.
    İndi budur, Azərbaycan əsgərinin Vətən uğrunda axıtdığı qan izləri ilə çəkilmiş "Zəfər yolunu" keçib 30 illik həsrətimizin, arzularımızın şəhərinə - Şuşaya gedirik.
    Yolboyu erməni vandallarının vəhşicəsinə dağıdıb viran qoyduqları kənd və qəsəbələrimizin acınacaqlı mənzərələrinə tamaşa etdikcə müdrik Süleyman peyğəmbər haqqındakı məşhur pritçanı xatırlayıram.
    ...Eyni körpəyə iddialı olan iki qadın mübahisəni həll etmək üçün Süleyman peyğəmbərin yanına gəlir. Hər ikisi and-aman edib özünün körpənin əsl anası olduğunu deyir. Peyğəmbər onları dinləyəndən sonra balacanı ortadan bölüb hər parçasını iddiaçılardan birinə verməyi buyurur. Qadınlardan biri dərhal razılaşır. O biri isə ağlayıb-yalvarır, uşaqdan imtina etdiyini bildirib digər qadına verilməsini xahiş edir.
    Peyğəmbər körpəni həmin qadına qaytarıb deyir:
    - Götür övladını. İndi həqiqi ananın kim olduğu bilindi.
    Bu müdrik pritçanı niyə xatırladım?
    Ermənilər guya öz tarixi əraziləri kimi biri-birindən əcaib Şuşi, Akna, Karvaçar, Berdzor, Varanda, Crakan və s. (Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl- V.Q.) adları qoyduqları şəhərlərimizin, yüzlərlə kəndimizin heç birinin həqiqi sahibi deyildilər, tarixən olmamışdılar. Əks təqdirdə, bu abad şəhər və kəndləri xarabazara çevirməzdilər. Bizim insanlar məcburiyyət qarşısında evlərini tərk edəndə bir ağac budağını qırmamış, bir pəncərə şüşəsini sındırmamışdılar. Çünki buralar Vətən idi, babaların ruhunun dolaşdığı doğma yurd idi. Ermənilər isə başqalarının torpağına soxulduqları üçün hər cür vəhşiliyi özlərinə rəva görmüşdülər. Çünki bu coğrafiyada tarixən gəlmə idilər. Məsum körpənin parçalanmasına razılıq verən yalançı, qəddar qadın kimi, onları da özlərinin olmayan hər şeyi yıxmaq, dağıtmaq maraqlandırmışdı.
    Səfərimizin məqsədi işğaldan azad edilmiş Şuşada keçirilən ilk Vaqif Poeziya Günləri olduğundan mərhum Prezident Heydər Əliyevin bir an da olsun səngiməyən Şuşa qayğısı, narahatlığı ilə bağlı ibrətamiz bir tarixi epizodu da xatırladım.
    2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlüyə qəbulu ilə əlaqədar Prezident Heydər Əliyev və Robert Koçaryan Strasburqa səfər etmişdilər. Səfər çərçivəsində AŞ-nın çətiri altında, əslində, formal xarakter daşıyan və münaqişənin həllinə heç bir töhfə verməyən görüş keçirildi.
    Rəsmi hissə başa çatandan sonra Heydər Əliyev vidalaşmaq üçün yaxınlaşan Koçaryanı saxlayaraq dedi:
    - Yəqin xəbərsiz deyilsiniz - mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir. Qarabağ xanlığının vəziri olub. İndi məqbərə nə vəziyyətdədir? Yoxsa onu da yerlə yeksan etmisiniz?
    - Başımız açılana qədər mərmər üzlükləri, alüminium şəbəkələri söküb aparıblar. Amma karkası yerindədir, - deyə Koçaryan saxta təbəssümlə cavab verdi.
    - Ümidvaram ki, şəxsən özün bu işə əl bulamamısan, - deyə Heydər Əliyev qəsdən diplomatik etiketdən kənara çıxıb istehzalı şəkildə "sizdən" "sənə" keçdi.
    - Nə danışırsınız, Heydər Əliyeviç, - deyə özünü heyrətlənmiş kimi göstərən Koçaryan Prezidentin əlini tələsik sıxıb uzaqlaşdı.
    Heydər Əliyev onun arxasınca baxaraq sanki öz-özü ilə danışırmış kimi "Gözünün içinə qədər yalan danışır. Quldurbaşının böyüyü özüdür", - dedi.
    Quldurlardan təmizlənmiş, quldurbaşının fatehlik xülyasına həmişəlik son qoyulmuş Şuşa bu gün xalqımız üçün təkcə qələbə deyil, həm də məsuliyyət rəmzidir, gələcək üçün imtahan meydanıdır. Biz qalib millətik, dövlət başçısının iradəsi, ordumuzun gücü sayəsində tarixi ədaləti bərpa etməyi bacarmış millətik. Bu qələbənin addım-addım bütün Qarabağa yayılacağı gün o qədər də uzaqda deyil!
    Şuşa təəssüratını hisslərimin dəqiq tərcümanı kimi çıxış edən litvalı dostumuz, jurnalist Riçardas Lapaitisin sözləri ilə bitirmək istəyirəm:
    "Fikirlərimi cilovlaya bilmirdim və düşünürdüm ki, bu otuz ili Şuşa bizsiz necə yaşayıb? Özünün həqiqi sahibləri olmadan! Məhəbbətsiz və nəvazişsiz? Necə??? Şuşa açıq hava altında muzey-şəhərdir. Burada hər addımda mədəniyyət abidələri, məscidlər, məzarlıqlar - bir sözlə, bütün Azərbaycanın tarixi var. Dağların uca zirvəsində bayraq gördüm - Azərbaycanın bayrağı! Bu o deməkdir ki, şəhər bütün insanların üzünə açıqdır. Bu o deməkdir ki, işğalçının çəkdiyi tikanlı məftillər dəmir pərdə kimi qoparılıb bir tərəfə atılıb. Mən Şuşaya Azərbaycan əsgərinin izi ilə gəldim. O əsgərlə, hər bir azərbaycanlı ilə birlikdə əzab çəkərək və sevinərək gəldim".
    Əski müdriklər deyirdilər ki, "Şuşa kimin əlindədirsə, Qarabağa o, nəzarət edir". Biz gəldik, Şuşa! Qarabağ bizimdir.
    Şuşa sonsuza qədər bizimdir! Bizim olacaq!