Azərbaycanla yeni saziş üzərində işi tezliklə tamamlayacağıq
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda deyib
"Enerji sahəsində əməkdaşlıqdan əlavə, biz Prezident İlham Əliyevlə Aİ ilə Azərbaycan arasında genişmiqyaslı əməkdaşlığı müzakirə etdik. Sabah Brüsseldə Aİ–Azərbaycan Əməkdaşlıq Şurasının iclası baş tutacaq və burada ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq".
Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.
“Biz hazırda yeni ikitərəfli saziş üzərində işləyirik və ümid edirəm ki, onu tezliklə tamamlayacağıq. Məqsəd odur ki, mövcud olan güclü əməkdaşlığımızı daha da möhkəmləndirək. Azərbaycanın ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır. Həmçinin Aİ Azərbaycana ən çox investisiya qoyan aktordur və biz bunu genişləndirmək istəyirik”, – o vurğulayıb.
Ursula Fon der Lyayen daha sonra qeyd edib ki, İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro Azərbaycana cəlb olunur: “İyirmi beş min azərbaycanlı kiçik və orta sahibkara dəstək, Bakı Limanının dayanıqlı haba çevrilməsi istiqamətində işlər görülür ki, bu bizim üçün vacibdir, çünki bu, əlaqələnmə ilə bağlıdır. Biz, həmçinin xalqlarımızı bir-birinə necə yaxınlaşdırmağı müzakirə etdik. Aİ Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq üçün Azərbaycanla işləmək istəyir. Ona görə də Trans-Xəzər əlaqələnməsi ilə bağlı müzakirələri yaxından izləyirik və maraqlanırıq.
Eyni zamanda, ortaq Aviasiya sahəsi ilə bağlı sazişi tamamlamaq istəyirik. Bu, turizm, biznes və ticarətə təkan verəcək. Azərbaycanın öz potensialından tam istifadəsi üçün onun etimad mühiti yaratması vacibdir ki, burada da vətəndaş cəmiyyətinin fəal iştirakı, azad və müstəqil medianın təminatı əsas elementlərdir. Aİ inkişaf edən və stabil Cənubi Qafqazın yaradılmasına sadiqdir. Biz minalardan təmizlənməyə maliyyə dəstəyində ən böyük donoruq. Bu sahəyə yeni maliyyə dəstəyini bu günlərdə elan etdik. Mexaniki avadanlıq və lazımi bacarıqların artırılmasına da dəstək verməyə hazırıq. Biz Azərbaycanla əməkdaşlığımız dəyərləndiririk və zamanla bu tərəfdaşlıq davamlı şəkildə dərinləşəcək və inkişaf edəcək”.