Azərbaycan əmtəəlik qaz hasilatını 18,5% artırıb
Əmtəəlik neft hasilatı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,4 mlrd manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 2,2% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 13 894,1 min ton, əmtəəlik təbii qaz hasilatı isə 14 874 mln kubmetr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb, əmtəəlik qaz hasilatı isə 18,5% artıb”, – məlumatda qeyd olunub.
Hesabat dövründə 13 933,6 min ton neft və 19 639,8 mln kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 2,6% azalma və 15,5% artım deməkdir.