BLOQ

Azərbaycan Laçın yolu üzərində SNB məntəqəsini qurdu

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi ABŞ-da Ceymstaun Fondunun Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalında çap edilmişdir

Azərbaycan Laçın yolu üzərində SNB məntəqəsini qurdu
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun “Azərbaycan Laçın yolu üzərində sərhəd nəzarət buraxılış məntəqəsini qurdu” adlı məqaləsi ABŞ-da Ceymstaun Fondunun Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalında çap edilmişdir.  

    Məqalədə qeyd edilir ki, Laçında NBM-in qurulması Bakının müharibədəki qələbədən sonra ən böyük taktiki uğurudur. Bu, Ermənistanın həm Qarabağ, həm də Zəngəzurdakı hərbi və taktiki fəaliyyətinə tam nəzarət etməyə imkan verəcəkdir. 

    Son çıxışlarının birində dövlət başçısı müharibəyə qədər vasitəçilərin Laçının qaytarılmasına fərqli münasibət bəslədiyini qeyd etdi. Ermənistan digər 5 rayondan fərqli olaraq Laçının qaytarılmasını qəbuledilməz hesab edirdi. Lakin 10 noyabr tarixli razılaşma əsasında Ermənistan 5 km-lik dəhliz üzərində nəzarəti sülhməramlı kontingentə ötürməklə Laçını Azərbaycana qaytarmalı oldu. 

    Tərəflər arasında bəyanatın IV (erməni silahlı qüvvələrinin çıxarılması), VI (Laçın dəhlizi) və IX bəndləri (Zəngəzur dəhlizi) mübahisə obyektinə çevrildi. Razılaşmada bu iki yolun necə işləyəcəyinə aid detallı məlumat, beynəlxalq hüquqi sənədlərdə isə “dəhliz”in və onun statusunun dəqiq tərifi olmadığına görə tərəflər arasında yaranan fikir ayrılıqları siyasi problemlərə çevrilirdi.

    Azərbaycan yolların iki prinsip əsasında idarə olunmasını təklif edir:

    1. Yolların hərbi və sabitliyi pozan məqsədlər üçün istifadə edilməməsi;
    2. Hər iki marşrutun eyni statusda (ya hər ikisi dəhliz, ya hər ikisi yol) fəaliyyət göstərməsini özündə ehtiva edən qarşılıqlıq prinsipi. 

    Bakı İrəvanı qoşunları Qarabağdan çıxarmamaqla yanaşı, Laçın vasitəsilə qoşunlara silah-sursat daşımaqda və hərbi şəxsi heyətinin rotasiyasını həyata keçirməkdə ittiham edirdi. Ötən il Beynəlxalq Böhran Qrupu Qarabağda 12 min hərbçinin olduğunu bildirmişdi. 

    Qarşılıqlılıq prinsipi ilk dəfə 14 dekabr 2021-ci ildə Ş.Mişel tərəfindən təklif edilmişdir. Ş.Mişel dərk edirdi ki, ölkələrin nəqliyyat kommunikasiyaları üzərində suverenliyi üçtərəfli sənədin oxunması zamanı yaranan bütün qeyri-müəyyənlikləri aradan qaldırmağın və Rusiyanın kommunikasiya infrastrukturuna nəzarət üzərində monopoliyasına son qoymağın yeganə yoludur. 

    Üçtərəfli sənədə görə, RSK-nın Qarabağda qalma müddəti 2025-ci illə yekunlaşdığına görə, Azərbaycan əvvəl-axır Laçında NBM quracaqdı. Laçından fərqli olaraq üçtərəfli bəyanatda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zəngəzurda qalma müddəti qeyd edilməyib. Beləliklə, kommunikasiyalar üzərində suverenlik Ermənistanın Zəngəzur yolu üzərində Rusiyanın nəzarətindən qurtulmasının yeganə yoludur. Ş.Mişelin təklifini Prezident Əliyev fevralda, Münhen Təhlükəsizlik Konfransında Ermənistana rəsmən təklif etdi. Buna baxmayaraq, Ermənistan qarşılıqlıq prinsipini rədd edib, Rusiya vasitəsilə Laçının eksterritoriallığa malik dəhliz kimi qalmasına çalışırdı. 

    Azərbaycanın mövqeyi ondan ibarətdir ki, dəhliz rejimləri ilə bağlı heç bir beynəlxalq hüquqi sənəd olmadığından və üçtərəfli sənəddə keçid məntəqəsi açıq şəkildə qadağan olunmadığından, Azərbaycan birtərəfli qaydada nəzarət-buraxılış məntəqəsi yaratmaq hüququna malikdir.

    Paralel olaraq, Ermənistan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən və ekstraterritorial statuslu yolun açılmasına mane olur və Zəngəzurda NBM-in qurulmasını tələb edir. Üçtərəfli bəyanatda Zəngəzurdan keçən yol “dəhliz” adlanmasa da, sənədə görə Ermənistan insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etməlidir.

    Azərbaycan birinci prinsipin (silah-sursat, hərbi şəxsi heyətdən tutmuş, Valeri Pekres, R.Vardanyan və İranlı diversantlara qədər) pozulmasına etiraz edib, dekabrın 12-də Laçın yolunda ekoloji aksiyaya başladı. Ekoaksiya əsas hərbi təchizat yolunu bağlandığından Ermənistan Qarabağa silah-sursat və şəxsi heyəti rus karvanının müşayiəti ilə torpaq yolları ilə daşıyırdı. Ermənistanın bütün bu təxribatçı addımları + üçtərəfli sənədin VI bəndinə əsasən, Azərbaycanın laçın dəhlizinin təhlükəsizliyini təmin etmə öhdəliyi Bakını Laçında sərhəd nəzarət buraxılış məntəqəsi qurmağa stimullaşdırdı.