XƏBƏRLƏR / Siyasət

Azərbaycan aerodromlarından İrana qarşı istifadə edilməyəcək

Bunu İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov İsrailin İrana ola biləcək hücumu ilə bağlı bildirib

Azərbaycan aerodromlarından İrana qarşı istifadə edilməyəcək
Muxtar Məmmədov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək.

    Bunu Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib.  

    Səfir eyni zamanda bu ayın əvvəlində “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib. 

    “Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır”, - deyə səfir qeyd edib. Nəşr həmçinin vurğulayıb ki, səfir cümə axşamı Prezident İsaak Herzoqa etimadnaməsini təqdim etməli idi, ancaq görüş ölkədə baş verən hadisələrə görə qeyri-müəyyən tarixə təxirə salınıb.  

    Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də Muxtar Məmmədov İsrailə səfər edib.