BLOQ

Avtobioqrafiyam

Tam asosialam

Avtobioqrafiyam
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Mütləq əksəriyyət ÖZGƏBAŞINADIR, mən isə vallah ÖZBAŞINA birisiyəm.

    Tam asosialam.

    İctimai fikrim, təyinatım yoxdur.

    Cəmiyyətdə yox, tam TƏKİYYƏTdə yaşayıram.

    Telefonsuz həyat sürürəm.

    Həm də saatsız.

    Daxilimdəki saata, telefona etibar edərəm.

    Zahirdəkilərə əsla yox.

    Başqası-filan heç tanımaram. Başqasına heç vaxt qulaq asmaram. Heç özümü dinləyirəm ki, başqasını dinləyim, vallah?.. Başqa səslərə qulaq asıram, başqa...

    Musiqim də özümünküdür - addım səslərim.

    Əzizlərimin - atamın, anamın, Heydər Camalın, Orxanın, Sabir Əhmədlinin səsində eşidərəm Qeybə verdiyim sualların cavabını.

    Musiqim də elə budur.

    TV də, telefonum da, videokameram da.

    İki fincana çay süzərəm adətən - biri özümə, digəri kölgəmə.

    Kölgəmə hörmətim sonsuzdur.

    Kölgəmlə münasibətlərim daha yaxşıdır, nəinki özümlə.

    Etibarlı bildiyim yalnız O-dur.

    Xəbərləri, sizin kimi, TV-lərdən yox... öz daxilimdən eşidərəm.

    Çox təhlükəliyəm... hətta özüm üçün belə...

    Divarları maneə bilmərəm.

    Nadir hallarda göz qapaqlarımı qaldırıb bir başqasına tərəf baxaram.

    Futbol topumu kimsəyə etibar etmərəm. Kor divarlardan savayı. Həəə... divarlar vurduğum topa həmişə düzgün, adekvat trayektoriya verib. Bəndənizə hörmətlə yanaşıb, nəinki insanlar.

    Canlıları cansız bilərəm.

    Qüruru ən ciddi günah sayaram.

    "İnsanların 99 faizi etibarsızdır" deyənlərə qarşı sonsuz lal sükütum var.

    Məncə, insanların 100 faizi etibarsızdır və bu qara siyahımda birinci elə özüməm.

    İctimai statistikasını "99 faiz"lə yuvarlayanlara qarşı istehzam sonsuzdur.

    Bilirəm ki, həmin yazılmamış 1 faizdə statistika müəllifi özünə, öz əclaflığına ehtiyat skamyası saxlayır.

    Futbolda olduğu kimi.

    Yox... Həyatda ehtiyat skamyası yoxdur... Orda özünüzə siyasi, mənəvi sığınacaq axtarmağınız aldadıcıdır.

    Özümü aldatmıram.

    Heç vaxt.

    Sərt söhbətlərə meylliyəm.

    Təbriz fədailəri kimi sağa etibarım sıfırdır. Sol əllə salamlaşaram ədətən. Özü də təkcə solaxay deyiləm. Heç sağaxay da deyiləm.

    İkiəlliyəm. Sağ biləyim də, sol biləyim də, fərqi yoxdur, eyni dərəcədə tam işləkdir. Qaşığı, qələmi, tapançanı çox asanlıqla hər iki əlimdə oynadıram.

    Sizin, tutaq ki, həəə, yalnız adətən bir tərəfiniz diri olur - sağ tərəfiniz, yaxud sol. Mənim isə hər iki tərəfim də diridir. Yox… Bəlkə də ölüdür hətta...

    Hərdən elə bilirəm ki, tam cansızam, özü də çox xoşbəxt oluram belə hallarımda...

    Elə bilirəm çoxdan ölmüşəm.

    Belələrinə elmdə AMBİDEKSTR deyilir. Yəni, ikiəlli.

    Nadir tumdur.

    İkincisini axtarsanız, tapmazsınız.

    Özümə qarşı ironiya ilə baxıram... Həmişə ifşa edərəm özümü.

    Bu lyuksumu yadlara bağışlamaram.

    Bahalı hədiyyədir... Özümə qalsın.

    Ölənləri, mərhumları günahsız, diriləri isə vallah ucdantutma günahkar bilərəm.

    Təbriz fədailəri kimi havanı ovcuma yığıb qulağa yedirtsəm... Hə...

    Ardını day özünüz düşünün...

    İlham gəldi, yazacağam.

    Rusca, türkcə... Bir də gördün tam yad dillərdə də nəsə yazdım.

    İlham, bəyinat, nida, vəch, mələk pıçıltıları...

    Qısası, bunların adı böyük hərflərlə qısadır.

    İnsanlara, insanlığa aid nə varsa, mənə yaddır, vallah.

    Özümü heç vaxt diri bilmiməşəm. Özü də lap uşaqlığımdan. Gözümü açandan.

    Heydər Camal rəhmətlik mənə latınca "viqilant", yaxud "revenant" deyərdi gülə-gülə həmişə. Açmasını, day özünüz düşünün...

    İnsanları istisnasız yad bilərəm. Doğru sözümdür. Hətta özümü ÖZÜMƏ qarşı yad birisi sayaram. Səmimi etirafımdır.

    Bircə, atam rəhmətlik, bir də o, dilimi bilərdi, həəə... Onlar bilirdi mənim dilimi. Mənimlə mənim dilimdə danışmağı öyrənmişdilər.

    Məndən öyrənmişdilər bu dili...

    Həəə... Az qala unutmuşdum... yumorum hədsizdir. Özü də ancaq özümə qarşıdır bu yumor hissim.

    Özümə həmişə kənarda durub baxaram...

    Vallah...

    Tam özümə qarşıyam, qısası... qalsın siz...