BLOQ

AMEA müzakirəçilərinin diqqətinə bir məqam

AMEA-da vəziyyət və onunla bağlı qəbul edilən qərarlar gündəmi zəbt edib

AMEA müzakirəçilərinin diqqətinə bir məqam
Sovet İttifaqı bir İmperiya dövləti iddiası ilə tamamilə yeni əsaslarla Elmlər Akademiyası sistemi yaratdı
  • Oxuma müddəti:

    13 dəqiqə

  • AMEA müzakirəçilərinin diqqətinə bir məqam.
    Neçə vaxtdır, gündəmi AMEA-da vəziyyət və onunla bağlı qəbul edilən qərarlar zəbt edib. Bu, gözlənilən və əslində, zəruriliyi artıq çoxdan yetişmiş bir məsələ idi. Cəmiyyətin AMEA ilə bağlı müzakirələrə bu qədər diqqət yetirməsi nə qədər anlaşılandırsa, bu “diqqət"in məzmunu və səviyyəsi də xeyli düşündürücü, çox hallarda təəssüf və kədərdoğurucu haldır. Dünya elminin inkişaf etdiyi ölkələrdə tarixən yaradılmış akademiyaların (sadalanması çox vaxt aparar) nümunəsində Sovet İttifaqının bir imperiya dövləti iddiası ilə tamamilə yeni əsaslarla Elmlər Akademiyası sistemi yaratması, sonralar bütün müttəfiq respublikalarda bu sistemin filiallarını, daha sonra müstəqil qurumlarını təşkil etməsi  unikal addım idi. Yalnız özünəgüvənli bir dövlət öz inkişafında elmə son dərəcə yüksək dəyər verərək bu addımı atardı. Yəni elmlə məşğul olan insanlara bütün digər – hətta universitetlərdə dərs deməklə spesifik hazırlaşma və buna ayrılan vaxt kimi – qayğılarından uzaq, yalnız tədqiqatla məşğul olmaq və ilk növbədə, fundamental elmi irəli aparmaq şəraiti yarada bilərdi. SSRİ dağılandan sonra, bütün ölkə miqyasında elmlər akademiyalarının taleyi və onları saxlayıb-saxlamamaq məsələsi ayrıca mövzudur.  İstənilən halda, müstəqilliyini bərpa etmiş Azərbaycanın, hətta ağır müharibə və iqtisadi tənəzzül şəraitində belə öz Akademiyasını saxlaması, həqiqətən, böyük, məhz dövlətçilik anlamından irəli gələn məsələ idi.
    İndu bu son 30 ildə, xüsusilə dövlətin Akademiyaya ayırdığı vəsaitin həcmindən asılı olmayaraq, hər halda ona yaşamaq və yaratmaq şansını verdiyi bir şəraitdə Elmlər Akademiyasının, sözün əsl mənasında, dərin bir tənəzzül halına gəlməsi səbəblərini araşdırmaq, bu məsələdə, ilk növbədə, Akademiya rəhbərliyinin rolunu və məsuliyyətini müəyyən etmək və dilə gətirmək də ayrıca mövzudur. Axı Akademiyadakı vəziyyətin heç də ürəkaçan istiqamətdə getmədiyi, ciddi islahatlara ehtiyac olduğu söhbəti uzun illər idi  gedirdi. Mənim yaddaşımda bu zərurətin olduğu vurğulanan vaxtdan Akademiyada 4 prezident, AMEA rəyasət heyətləri, Elmi Katibliyi və bölmələri, institut direktorları və digər tərkiblərdə saysız dəyişikliklər olmuşdu. Ümid edək ki, nə vaxtsa bu qurumlarda təmsil olunan yüksək Akademiya camiəsi elmin həqiqi təəssübünü çəkən Azərbaycan cəmiyyətinin qaldırdığı suallara cavab verməyə özündə bir cəsarət tapacaqdır.
    Amma indi məqsədim heç bu məsələ də deyildir. Sözüm "ELMLƏR AKADEMİYASI və CAVANLAR” mövzusunu qaldıranlara, “Akademiyanı cavanlaşdırmaq”, “Akademiyada cavanların qarşısı alınır”, “Akademiyaya cavanları gətirmək” və digər belə şüarlar irəli sürən, bununla da Akademiya sistemi və akademik elm spesifiklikdən tamamilə bixəbər olduğunu nümayiş etdirən “müzakirəçilərədir”.
    AMEA-ya diqqət və həssaslığınıza görə sizlərə təşəkkürlə yanaşı, xahiş edərdim, lütfən bu söhbətləri yığışdırasınız.
    Ən əvvəl ona görə ki, fundamental elmlə məşğul olmaq funksiyası daşıyan ELMLƏR AKADEMİYASI gənclərin (oxu: yenicə təhsilini bitirmiş, elmi tədqiqat təcrübəsi olmayan, hələ yalnız bu sahədə işləməyə həvəs göstərən zümrənin) KÜTLƏVİ surətdə gələcəyi və təmsil olunacağı bir yer deyildir. Elmdə hər hansı nailiyyət qazanmaq, ən azı, müəyyən tədqiqatların nəticələrini ortaya qoymaq üçün İLLƏR tələb olunur... Dərin mütaliə, mütəxəssisi olacağın elmi istiqamətə yiyələnmək zərurəti və gərgin əməklə yanaşı, bunun üçün həm də ciddi elmi mühit tələb olunur. Bu mühiti isə istənilən elmi kollektivdə yaşlı və orta nəsil alimlər yaradır, məhz onlarla ünsiyyətdə, onların birbaşa dəstəyi, köməyi ilə gənc tədqiqatçı ya həqiqətən alim kimi yetişir, ya da müəyyən vaxt keçdikdən sonra bu insanın alim olub-olmayacağı aydınlaşır. Bu məsələdə dəqiq, texniki, təbiət elmləri ilə ictimai, hümanitar elm sahələri arasında fərqlər əlbəttə nəzərə alınmalıdır. İllərin birmənalı tələb olunduğu ikinci istaqamətlə müqayisədə, dəqiq, texniki elmlərdə gənclərin, hətta 30 yaşınadək ciddi açılışlar etməsi təbii sayılsa belə, sonraki dövrdə atrıq bu nailiyyətlərin dönə-dönə təsdiq edilməsi labüddür. Odur ki, savadlı bir gəncin tədqiqatçı və alim kimi yetişməsi üçün VAXT və ELMİ MÜHİT amilləri mühüm kateqoriyalardır. AMEA-nın yaşlı nəsli məhz bu mərhələləri keçmiş və elmdə qalmış insanlardır.
    Bu baxımdan, “Elmlər Akademiyasının qocalması və qocaları” istiqamətində aparılan istənilən söhbət onu qaldıran adamların ən yaxşı halda anlamadığı mövzuya girişməsi, ifadə tərzindən asılı olaraq isə primitiv düşüncə, ictimai əxlaqsızlıq və tərbiyə göstəricisidir. Onilliklərlə elmin müxtəlif sahələrində çalışmış, hər hansı nailiyyətlər qazanmış, elmi kadrlar yetişdirmiş yaşlı, qocaman alimləri yəqin ki, hansısa yığıncaqdan sonra Akademiyanın qapısından çıxdıqları bir mənzərədə ekrana gətirərək ələ salmaq, təhqir etmək, alçaltmaq bu işi görənlərin və bu mənzərəni təqdir edənlərin özlərinin plintusdan aşağı səviyyəsinin göstəricisidir.
    İkinci məqam: “Elmlər Akademiyası və cavanlar” mövzusunun səmimi tərəfdarlarının nəzərinə isə çatdırmaq istərdim ki, bu sahədə narahatlığınız əbəsdir. Belə ki, Akademiya sistemi mövcud olan vaxtdan daim gənclərin elm sahəsinə gəldiyi bir məkan olub və bu iş sistemli şəkildə görülüb. Hələ Sovet dövründən başlayaraq indiyə qədər hər il bütün AMEA institutlarına, müxtəlif elmi istiqamətlərdə aspiranturalar və doktoranturalar yolu ilə gənclər qəbul olunur, müvafiq imtahanlardan sonra onlara tədqiqat mövzuları verilir, elmi rəhbərlər təyin edilir, iş planları tutulur və beləliklə, “proses” başlayır. Bu prosesin necə gedəcəyi artıq subyektiv faktorlardan asılıdır və bu da ayrıca mövzudur. Beləliklə, AMEA elmə gəlmək üçün heç bir gəncin yolunu bağlamayıb, əksinə buna mümkün şərait yaradır, amma məsələ burada ayrı bir şəkil alır...
    Öz təcrübəmdən: Hər il öz sahəmiz üzrə aspiranturaya daxil olmaq istəyən gənclərdən imtahan götürən Komissiyanın üzvü kimi tam məsuliyyətlə bildirirəm ki, ixtisas üzrə qəbul imtahanı verən bu gənc “alimlik” iddiaçılarının əksəriyyəti tələb olunan 100 balın 50- həddini belə keçə bilmirlər! Onların ümumi bilik və elmi-ictimai anlayışlar səviyyəsini aydınlaşdırmaq üçün apardığımız müsahibələrdən alınan təəssüratlar isə olduqca üzücüdür. Kimdən yetişdirək bu alimləri? Şəxsən nəzərdə tutduğum elmi-tarixi mövzular var ki, onları tədqiq etməyə bir cavan “İddiaçı” tapmıram, çünki lazım olunan tələblərə cavab vermirlər. Savadlı, dilləri bilən, geniş mütaliəsi, sərbəst düşünmə tərzi olan cavanlar, bəli, indiki şəraitdə, alimlərin indiki maddi durumunda elmə gəlmirlər... Gələnlər, bir qayda olaraq, ali məktəblərə az balla daxil olmuş, az maaşa qane, təki iş yeri arzulayan, vaxtını bu yolla keçirən və ən yaxşı halda öz “plan işinə” uyğun 1-2 məqalə ilə “canını qurtaran” gənclərdir. Bu sırada xüsusi vurğulamalıyam ki, bir neçə il əvvəl AMEA RH-in “elmi cavanlaşdırmaq” şüarı əsasında Akademiya institutlarına rəsmən, aspiranturadan kənar gənc “kadrların” gətirilməsi prosesi də bu gün həmin mənzərənin acı göstəricisidir. Akademiya institutlarının ştat cədvəllərindəki işçilərin yaş hədlərinə baxın və cavanların bu cədvəllərdə kifayət qədər yüksək yer tutduğunu görərsiniz. Elmi bu yolla “cavanlaşdırmaq”, “kütləviləşdirmək” ilk növbədə elmin özünə zərərdir və elmimizin sabahını heç də “işıqlı” etmir.
    Ali Attestasiya Komissiyasında Tarix üzrə Ekspert Şurasını üzvü kimi elmə müxtəlif yollarla bu “gənclər axını"nın ən ağır fəsadlarından tam məsuliyyətlə danışa bilərəm. Hər 3 ekspert rəyimin ikisinin mənfi, üçüncüsünün “şərti” olması səbəblərini də izah edə bilərəm. Amma bu da ayrıca mövzudur.
    Bəs nə edək? Alimlərimiz özləri çoxdan bu təbili çalmalı idilər... Vaxtı əldən verdik. Yəqin ki, akademik camənin bu “susqunluğu"ndan, ictimaiyyətin isə bir çox hallarda sifarişli narahatlığından “cana doymuş” dövlət öz qərarını verdi. Çünki həqiqətən həlli vaxtı çoxdan yetişmiş, əslində ötmüş bir durumdayıq. Qərar verilib, çox məsələlər hələ ki, qeyri-dəqiq olaraq qalır, narahatlıq doğuran suallar var.
    Etiraf edim ki, yarandığı vaxtdan Azərbaycan Elmlər Akademiyasının özəyini – əsas bazasını təşkil etmiş, Akademiya Prezidentlərinin məhz bu sahələri təmsil etdiyi dəqiq, texniki, təbiət elmləri institutlarının Akademik statuslarının ləğv edilməsi, onların Nazirlik strukturlarına tabe edilməsi mənim üçün ağır bir yenilik oldu. Belə ki, Azərbaycan elminin əsas nailiyyətləri, o çümlədən tətbiqi sahələrdə də, elə bu gün də məhz bu institutlarla bağlı idi. Son onilliklərdə bu institutlardan xaricə getmiş və orada çalışan azərbaycanlı mütəxəssislərlə yanaşı indi də həmin sahələrdə neçə-neçə xarici elm mərkəzləri ilə sıx əlaqədə işləyən yaşlı və orta nəsil alimlər çalışır. Ümid edək ki, yeni strukturlarda onlar öz elmi fəaliyyətləri üçün həqiqətən yeni, üstün şərtlər əldə edəcəklər.
    AMEA-nın tərkibində qalmış ictmai və humanitar elmlərlə məşğul olan alimlər də sözün əsl mənasında ciddi islahatlar gözləyir və düzü, rəsmən səslənən “heç nə dəyişməyəcək” kimi bəyənatlar anlaşılan deyildir.
    Sonda bu “cavanlar” məsələsinə qayıdaraq, sizi əmin edirəm ki, akademik elm, bütün ağır durumuna baxmayaraq, yəqin ki, hələ Sovetlərdən qalma bir müsbət “inersiyası” ilə yaşayır. Elmdə “kütləvilik” proqramını heç vaxt qəbul etmədiyim üçün bir istedadlı, ümidverici aspirant-doktorantım olanda hədsiz sevinirəm, onların hər biri mənim üçün 5 orta səviyyəli, məcburən elmi rəhbəri olduğum digər tələbələrimi də ən sərt şəkildə işlətmək stimulu yaradır, çünki sabah bu sonuncular o birincinin elmi taleyini həll etməli ola bilərlər.
    Gənclərimiz də yetişir. Bu son aylarda tarixçilər arasında bizim uzun illər “ gənc alim” dediyimiz tədqiqatçılar hazırda ard-arda çox uğurla doktorluq dissertasiyalarını müdafiə edirlər. Hələ “yaşlı” olmasa da “möhkəm orta” elmlər doktorları nəsli sıralarına keçirlər. Dalı da gəlir, növbədə illərlə çalışıb, indi ortaya tədqiqatlar qoymuş neçə-neçə keçmiş “gənclər” var. Adlarını çəkmirəm, tarix elminin son illər inkişafından və nailiyyətlərindən danışmaq üçün kifayət qədərdirlər. Belə ki, elmi proses davam edir. Süni surətdə “cavanlaşdırmadan”, öz təbii axarı ilə...