Aİ “sərhəd komissiyası”nı oktyabrda Brüsseldə görüşdürəcək
Borrel Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın iclasını təşkil edir
Brüssel oktyabrın sonuna qədər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın iclasını hazırlayır. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell belə deyib.
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın bu ilin oktyabr ayının sonunadək Brüsseldə üçüncü iclasının keçirilməsi üzərində işləyir.
“Biz çalışırıq ki, “sərhəd komissiyası”nın iclası bu ayın sonuna qədər Brüsseldə keçirilsin”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi onun sözlərindən sitat gətirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 2-də Cenevrədə erməni həmkarı Ararat Mirzoyan ilə görüşündə dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasının əvvəlcədən nəzərdə tutulduğu kimi 2022-ci ilin noyabrında deyil, oktyabrda keçirilməsini təklif edib.
Razılaşmalara əsasən, komissiyanın iclası Brüsseldə keçirilməlidir.