XƏBƏRLƏR / İqtisadiyyat

Aİ iqtisadi inkişaf üçün Azərbaycana 2 mlrd avro ayırır

Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib

Aİ iqtisadi inkişaf üçün Azərbaycana 2 mlrd avro ayırır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Avropa İttifaqı iqtisadiyyatın gələcək şaxələndirilməsi, iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi üçün Azərbaycana 2 milyard avroya qədər vəsait ayıracaq. Bu barədə Turan-a Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib.

    "Bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Avropa İttifaqının İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndirici orqan Avropa İnvestisiya Bankı  Avropa Yenidənqurma və İnkişaf Bankı,  habelə Avropa İttifaqına üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə “Avropa komandası” ruhunda investisiyaları istiqamətləndirəcək və prioritetləşdirəcək. Bu, ölkəyə 2 milyard avroya qədər investisiya cəlb etmək üçün Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək”, - məlumatda deyilir.

    İşçi qrupu prioritet investisiya layihələrinin müəyyən edilməsi və birgə həyata keçirilməsi üçün Avropa Komissiyası, Azərbaycan hökuməti və Avropa maliyyə institutları ilə müntəzəm görüşlər keçirəcək, bərpa olunan enerji, kommunikasiya, kiçik və orta biznes, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiya imkanlarını araşdıracaq.

    Avropa Komissiyasının Şərq qonşuluğu və institusional quruculuq üzrə direktoru Lourens Meredit deyib ki, iqtisadi və investisiya planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığın daha bir bariz göstəricisidir.

    “İqtisadi- investisiya planı artıq Azərbaycan xalqına nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb. Bura Gəncədə küçə işıqlandırmasınınyaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. İşçi qrupunun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının İqtisadi İnvestisiya Planında nəzərdə tutulan investisiya potensialından daha çox faydalanmasını təmin edə bilərik”- məlumatda deyilir.