XƏBƏRLƏR / Hərbi

ABŞ FHN-ə 4 milyon dollarlıq avadanlıq verib

Avropa Komandanlığının direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycanda səfərdədir

ABŞ FHN-ə 4 milyon dollarlıq avadanlıq verib
  • Oxuma müddəti:

    2 dəqiqə

  •  ABŞ Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan Azərbaycana səfəri çərçivəsində ötən gün Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovla görüşüb.

    Fövqəladə Hallar Nazirliyi bildirib ki, görüş zamanı Heydərov Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına verilən avadanlığa və təlimə görə ABŞ Müdafiə Nazirliyinə təşəkkür edib.

    O, prioritet sahələrdə gələcək ikitərəfli əməkdaşlığın perspektivlərinin vacibliyini vurğulayıb.

    Nüvə təhlükəsizliyi məsələsinə toxunan Heydərov Ermənistanda mənəvi və fiziki cəhətdən köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük təhlükədən danışıb, - məlumatda deyilir.

    Briqada generalı Voqan iki ölkənin müvafiq qurumları arasında çevik reaksiya münasibətlərinin inkişafının qarşılıqlı faydalı olduğunu vurğulayıb. Bu kontekstdə o, ABŞ Təhlükənin Azaldılması üzrə Müdafiə   Agentliyilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.

    Bundan əlavə, ABŞ dənizdə neft dağılmaları ilə mübarizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

    Bu gün gün Voqan Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi İdarəsinə gedib, orada Xəzər dənizində infrastrukturun qorunması və narkotik maddələrin qanunsuz daşınmasının qarşısının alınması üçün ABŞ-ın verdiyi avadanlıqdan istifadə ilə tanış olub.

    Öz növbəsində ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, briqada generalı Voqan martın 15-də xidməti avadanlığın Azərbaycan hökumətinə təhvil verilməsi mərasimində iştirak edib.

    "Sözügedən avadanlığın, habelə fövqaladə vəziyyətə cavab tədbirləri üçün materiaların və təqdim olunan aidiyyatı təlimin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Avadanlıq fövqaladə hallar sahəsində çalışanların fövqaladə vəziyyətlərin yarada biləcəyi fəsadları azaltmasına yardım edəcək", -məlumatda deyilir.