Haqqımızda

          Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar.
          ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur.
          1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı. O ildə jurnalist Çingiz Mustafayev Azərbaycan Televiziyasında çıxış edərək Şuşanın işğal xəbərini çatdırmaq istəyirdi. Lakin Müdafiə Nazirliyinin əməkdaşları verilişin efirə çıxmaması üçün əllərindən gələni edirdilər. Çingiz çıxış yolunu ANS-də gördü və ANS-in efirinə çıxıb "nə qədər çətin də olsa bilməliyik ki, Şuşa mayın 8-dən ermənilərin əlindədir" deyərək xalqı Şuşanın işğalından xəbərdar etdi.
         1993-cü ildə, yəni AXCP hakimiyyəti dövründə kanalın yayımı dayansa da Vahid Mustafayev və Seyfulla Mustafayev işlərini davam etdirirdilər. Həmin ilin mart ayında (Kəlbəcərin işğalından təxminən 1 həftə əvvəl) ANS TV prezident Əbülfəz Elçibəydən müsahibə almışdı. Həmin müsahibə 21 il sonra yayımlandı. 6 aprel 2014-cü il tarixində "Hesabat" verilişində müsahibənin efirə getməmə səbəbini açıqlamışdı: "Əbülfəz Elçibəy müsahibədən sonra soruşdu ki, müsahibə nə vaxt yayımlanacaq, biz isə cavabımızda "cənab prezident, ANS-in fəaliyyətini bərpa edəcəyiniz vaxt, axı biz efirdə deyilik, telekanalı bağlamısız" deyə cavab verdik və ANS bir də 1993-cü ilin iyul ayında açıldı, onda da artıq gec idi, biz bir də Elçibəy ilə Kəlbəcər məsələsinə 2000-ci ildə toxunduq və o Kəlbəcəri qoruya bilmədiyinə görə xalqdan üzr istədi. 1993-cü ilin iyul ayında ANS-in fəaliyyətini Heydər Əliyev bərpa etdi.
         1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ilin oktyabr hadisələrini daha ətraflı şəkildə xalqa çatdırmışdı. Həmin ildə ANS televiziyası ilə AzTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və ANS ÇM radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İlham Əliyevin işə qarışmasından sonra ANS-in efiri bərpa edildi.
         1995-ci ildə Vahid Mustafayev OMON qüvvələri ilə olan atışmalarda çəkilişlər aparmışdı. Atışmalar zamanı OMON-çuların ağ bayraq qaldırdığı xəbərini təhlükəsizlik orqanlarına ANS-çilər çatdırdı. Çəkiliş vaxtı şirkətin 7 əməkdaşı güc strukturları tərəfindən saxlanılmış, 4 maşın əzilmiş və biri sradan çıxmışdı. Daha sonra Rövşən Cavadov haqqında "Heç kim və Heç Nə Unudulmayacaq" verilişinin buraxılışı hazırlandı. Həmin verilişdə "ANS Records"-da Rasim Müzəffərli və Gündüz Bakılı tərəfindən ifa edilən "Üzü Küləyə" mahnısı səsləndirildi.
         1996-cı ildə ANS-DX (Data Xchange) İnternet xidmətinin əməkdaşları teleşirkətin internet səhifəsini (www.ans-dx.com) hazırladılar. Eyni ildə ANS müəllif hüquqlarının qorunması ilə bağlı kampaniyaya başlamışdı. O illərdə ANS Çeçenistanın səhra komandiri Şamil Basayevdən müsahibəni almışdı.Lakin sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlıq məktubunu bir saat efirdə saxladı.
         1999-cu ildə isə ANS artıq ABA TV-yə qarşı təbliğata başladı. Tez-tez verilişlərində Rusiya telekanallarının yayımını gündəmə gətirir və bunun reklam büdcəsinə zərər vurduğunu deyirdilər. Məhz o vaxtdan ANS ilə ABA arasında mübahisə yarandı. Bu məsələ 2001-ci il iyul ayının 17-nə kimi, yəni ABA-nın bağlandığı günə kimi davam etdi. ABA bağlandıqdan sonra isə Mirşahin son dəfə ABA teleşirkətini və sahibi Faiq Zülfüqarovu tənqid etdi.
         2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziya tarixində ilk dəfə dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS-də yayımlandı. Yayım, UEFA-nın razılığı ilə, Avropada futbol oyunlarının Yayımlanması Şirkəti ilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilirdi. 2009-cu ildə bu hüquq Lider TV-yə keçdi.
         Həmin ilin noyabr ayının 25-də hazırlıqlar var idi. Çünki növbəti gün Azadlıq meydanında təşkil olunacaq konsertlə ANS 9 yaşını qeyd edəcəkdi. O axşam Bakıda zəlzələ baş verdi.
         2006-cı il noyabrın 24-də MTRŞ, ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması haqqında press-reliz yaydı. "Xəbərçi"nin 15:00 buraxılışında Afət Telmanqızı efirə çıxaraq ANS-in əvvəl analoq yayımının, sonra isə peyk yayımının dayandırıldığını bildirdi.ANS televiziyası və radiosu 17 gün efirdə olmadı. 29 noyabr 2006-cı ildə prezident İlham Əliyev təyyarəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Müsahibədə mətbuat azadlığından da danışmışdı. Və müsahibədə "ANS ilə bağlı yaranan məsələlər müzakirə mövzusudur, məsələyə siyasi nöqteyi nəzərindən yanaşmaq olmaz, mən həmişə ANS-in yanında olmuşam" dedi. Dekabrın 10-da Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Şirkətlər Qrupunun çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxardı. 1 il sonra isə Mirşahin bu barədə sənədli film hazırladı.
         5 oktyabr 2015-ci il tarixində ANS-in MTRŞ ilə arasında narazılıq baş verdi. "Salam, Azərbaycan!", "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni" və "Şokolad" verilişlərinə görə MTRŞ tərəfindən ANS TV 54.000 manat cərimə olundu.
         13 oktyabr 2015-ci il tarixində isə ANS yenə cərimə olundu. Həmin gün Milli Televiziya və Radio Şurasının iclasında "Televiziya və radio yayımı haqqında" qanunun 35.5-ci maddəsinin, "Reklam haqqında" qanunun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinin ANS televiziyasının efirində 25 oktyabr 2015-ci il tarixdə saat 23.32-də başlayan "Hobbit: Smauq xarabalığı" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 4 oktyabr 2015-ci il tarixdə saat 05.46-da başlayan "Saflaşma gecəsi" bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 9 oktyabr 2015-ci il tarixdə saat 22.54-də başlayan "Dünya müharibəsi" bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 2 oktyabr 2015-ci il tarixdə saat 23.00-da başlayan "Ulduzlar arası" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 10 oktyabr 2015-ci il tarixdə saat 14.17-də başlayan "Üç qardaş" bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, ümumilikdə 25000 AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edildi.
         Telekanala qarşı sərt sanksiyaların və cərimələrin tətbiq olunması ilə əlaqədar bir çox ziyalı ANS-in müdafiəsinə qalxdı. O tarixdə bəzi ekspertlərə görə isə kanalın fəaliyyəti yenidən dayandırıla bilərdi.
         16 fevral 2023-ci il tarixindən etibarən öz fəaliyyətini anspress.com olaraq davam etdirməyə başladı.