BLOQ

8 mart kişilərin bayramıdır

8 mart kişilərin bayramıdır
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Desəm ki, kişi olmaq ağır və məsuliyyətli işdir, səhv etmərəm, amma bu səviyyədən baxsaq, deməliyik ki, qadın olmaq ondan da məsuliyyətli və ağır vəzifədir! Qadın olmaq, ən azı, ona görə çətindir ki, onlar bizi - kişiləri ayağa qaldırıb kişi edirlər! Aslanın, doğrudan da, nə erkəyi, nə dişisi olur! Tarixdə qadınların qəhrəmanlığı barədə kifayət qədər fakt və rəvayətlər mövcuddur! Lakin qadın günü yalnız 8 martdır və bu gün də məhz Xanımlarımızın Kişiliyindən bəhs edən bir gündür. 

    Bilməyənlər üçün tarixi arayış: Qadınların hüquqları uğrunda apardığı mübarizənin başlanğıcı 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində minlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ qazanmaq üçün tətil və nümayiş etməsi günü qəbul edilib. O gün qadınların etirazı şalvarlı polislər tərəfindən qəddarcasına dağıdılır, 129 qadın yandırılaraq qətlə yetirilir. Qadınlar 8 mart 1908-ci ildə həmin yerdə, həmin tələblərlə bir daha nümayiş keçirir və ilk dəfə olaraq "Çörək və Gül" şüarı səslənir. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə rifah həyat tərzini ifadə edirdi.

    1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ildə ABŞ-da 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və onun bu təklifi qəbul edildi. 
    Belə… Bu cür qeyrətə heyran olmamaq çətindir. Bu sətirləri oxuyan kəslər deyəcək ki, XIX əsrdəki amerikanlı qadınlar niyə, bəyəm hələ VIII əsrdə Babəkin qalasını qoruyan, sona qədər əliqılınclı vuruşan və zirehlənmiş qadınlar azərbaycanlılar olmayıb? Tamamilə doğrudur, bizim də qadınlar tarix boyu misilsiz qeyrət nümayiş etdirib - amma biz nəyə görə isə onların bu qeyrətini təqvimə salmamışıq, onlara xüsusi bir zərifliklə bayram günü sovqat etməmişik.  

    Xülasə, mən ümumiyyətlə düşünürəm ki, ilk olaraq Qadın yaranıb, sonra vaxta qənaət etmək üçün həmın qəlib-bədəndə bəzi korrektələr edərək kişi yaradılıb. Buna sübut – Qadın bədəninin gözəl və hər bir orqanı tam funksional olan zaman, kişilərin eyni adlı, lakin forma nöqteyi nəzərdən qəddarcasına əzilmiş orqanları işlək deyil. Bəs onda kişilər nəyə görə yaranıb? Kişi bir balaca kobudlaşdırılmış formada, lakin eyni cisimdə, əlinə də bir taxta verilərək məhz zərif və gözəl qadını, Ananı qorumaq məqsədi ilə yaradılır, daha onu həmin taxta ilə döyüb, sonra yandırmaq üçün yox.  

    Düşünürəm ki, bu dünya özü də məhz qadınlar üçün yaranıb və Qadınlar olmasaydı, nə mədəniyyətin, nə incəsənətin, nə varın, nə də yoxun, nə malın, nə də dövlətin mənası olardı. Həyatımız boyu biz kişilər nailiyyətlər qazanırıq ki, əvvəlcə Anamızın xoşuna gələk, sonra məktəbdəki o qızın, sonra seçdiyimiz və gələcəkdə həyat yoldaşımız olacaq gözəlin, sonra qızlarımızın və sair və ilaxır. Və heç bir vaxt bu siyahıda kişilər olmur (mən əsl Kişilərdən danışıram!)! 

    Bəziləri deyir ki, qadınların başı çatmır, mən bununla tamamilə razıyam - ona görə ki, qadınlar bütövlüklə bir Ürəkdir, bizi ruhlandıran və bizə həyat verən Ürək! Digərləri deyir ki, qadın kişini cənnətdən mərhum edib, bu da həqiqətdir, amma onlar bunu etməsəydilər, biz kişilər cənnətin qədrini bilməzdik… Bir də ki, cənnətə bizi aparan da elə Qadın olur! 

    Yəqin ki, mübahisə etməzsiniz ki, biz ümumiyyətlə ona görə kişiyik ki, bu dünyada Qadın var. Burada “Adam Kişi olar!” misalını çəkmək olar. Yəqin hamı anlayır ki, bu misalın cinsə aidiyyəti yoxdur. Bəlkə məhz bu səbəbdən XX əsrin əvvəlində dil islahatları aparan türklər bacıya qız qardaşım deyirlər və ya insanları sayanda 10 kişi deyirlər, 5 qadın və 5 kişi yox… 

    Odur ki, 8 Mart daha çox Kişi bayramıdır. Əsl Kişi! Və şükür Allaha ki, ildə bir dəfə də olsa, bizə imkan verilir ki, lazımi səviyyədə Aslanlarımızı qiymətləndirək. Mən bu vəzifəyə şadam və bütün tanıdığım Qadınları ürəkdən təbrik edirəm. Onlara bizim həyatımızın tacı vəzifəsini bundan sonra da icra etməyi arzu edirəm!