BLOQ

44 GÜNƏ SONA ÇATMAYAN MÜHARİBƏ HƏLƏ UZUN MÜDDƏT DAVAM EDƏCƏK

44 GÜNƏ SONA ÇATMAYAN MÜHARİBƏ HƏLƏ UZUN MÜDDƏT DAVAM EDƏCƏK
  • Oxuma müddəti:

    17 dəqiqə

  • Hər bir müharibədə dəfələrlə belə təsvirlə rastlaşmışam – nəfəsi qurğuşun və torpaqla dolduran topların gurultusu qulaqları batırır. Döyüş yatanda isə sakitlik hökm sürür və hər iki tərəfin meydanda qalan cəsədlərini ölüm kabusunun təcəssümü olan qarğalar dimdikləyib yeyir. Ağ və ya qara, yaxud ağ-qara qarğalar üçün müharibə və ən əsası, ölümlər ciddi şəkildə qazancdır və uzunmüddətli yem mənbəyidir. Odur ki, qarğalar əllərindən, daha doğrusu, dimdiklərindən gələni edəcəklər ki, müharibələr qurtarmasın, davam etsin və çoxalsın. Mən hələ savaşlar haqqında ulayaraq xəbər çatdıran çaqqal və arada quyruq bulayan “krısaları” demirəm…
    Ümumiyyətlə, Rusiyanın Ukraynada apardığı “xüsusi əməliyyat"ın nə qədər davam edəcəyi barədə mənə çox suallar verirlər və bu sorğulara cavab olaraq deyə bilərəm ki, yaxın zamanlarda savaşın dayanmasını şəxsən mən gözləmirəm.
    Axı bu, hələ heç kimə maraqlı deyildir. Rusiya Ukraynanı zəiflətdirmək məqsədilə onun təyyarə, gəmi, elektron, ağır və yüngül sənayesini sıradan çıxardığı halda, Qərb buna Avropada adıçəkilən sahələrdə lazımsız rəqibin bazardan çıxarılması kimi baxır. Baxır… və gözləyir. Gözləyir ki, Avropada böyük əraziyə və əhaliyə sahib olan bir ölkə müflisləşsin və heç bir sənayeyə malik olmayan bu bazar tam şəkildə onlardan asılı vəziyyətə düşsün.  Həmçinin inkişaf etmiş ölkələrin sənayesinin gəlir mənbələrinə ciddi əlavə və ya qoşma olsun. Müharibə qurtardıqdan sonra Qərb, sözsüz ki, Ukraynaya yardım əlini uzadacaq. Bu əllərin isə biri verəcəksə, digəri almaq məqsədilə uzadılacaq. Göstərilən dəstək isə yalnız cari xərcləri ödəmək üçün olacaq. Avropada yeni və güclü rəqib yarada biləcək Ukrayna sənayesinin bərpası üçün əsla yardım ayrılmayacaq.
    Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putin Sankt Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında Kremlin və özünün şəxsən mövqeyini tam şəkildə açıqladı: “1917-ci il bolşevik inqilabından əvvəl mövcud olan Rusiya İmperiyasının sərhədləri bərpa ediləcək! Bu ərazilərdə yerləşən və tarixi fürsətdən istifadə edərək özlərinə müstəqil dövlətlər yaradan xalqlar bizimlə dostluq etsə (yəni Rusiyanın siyasətini dəstəkləsə – müəllif) onları vurmaq Moskvada heç kimin ağlına belə gəlməyəcək! Yox, əgər işdi-şayəd, onlar da Ukrayna kimi dələduzluq etsələr, birmənalı şəkildə cəzalanacaqlar!”.
    Mən şəxsən bundan artıq və aydın şəkildə öz fikrini ifadə edən Prezident görməmişəm. Cənab Putinin daha bir xarakterik və səciyyəvi ifadəsini yadınıza salmaq istəyirəm: “Bizi küçə böyüdüb və döyüş qaçılmazdırsa, ilk zərbəni sən vuracaqsan öyrədib!”. Uzun məsafəyə vuran toplar və ya qaubitsaların istehsalatında istifadə olunan poladdan irəli gələn məntiq.
    "Top" demişkən, yenə də cənab Vladimir Putinin növbəti ifadəsi yadıma düşdü: “Bizim artilleriyamız çox qüvvətlidir və bu sahədə çox böyük üstünlüyümüz var!”. Bütün gəncliyini müharibələrdə keçirən jurnalist və hərbi analitik olaraq mən bax, bu məqamda Rusiya Prezidenti ilə qəti razi deyiləm. Bu ifadə həqiqətəuyğun deyil. Artilleriya sahəsində Rusiyanın üstünlüyü böyük deyil – dəhşətli dərəcədə meqa iridir! İraq müharibəsinin iştirakçısı ABŞ-ın hərbi analitiki Skott Ritterin dediyinə görə, onlar bütün "Səhra fırtınası" müharibəsi dövründə cəmi 60 min top mərmisindən istifadə ediblər. Ukrayna xüsusi əməliyyatında isə Rusiya bir gündə rəqibinin başına 50 min top mərmisi yağdırıb. Bu, hələ Rusiyanın dediyinə görə, müharibə deyil, sadəcə xüsusi əməliyyatdır…
    Xatırlayıram ki, Rusiya–Ukrayna müharibəsinin və Moskvaya qarşı tədbiq olunan sanksiyaların ilk günlərində müxtəlif ölkələrdə yaşayan tanışlığımda olan bir sıra siyasətçi, politoloq və icmalçılar Rusiyanın və ələlxüsus, ölkə Prezidenti Vladimir Putinin, artıq uduzduğunu və hətta qısa müddət ərzində sükutunu proqnozlaşdırırdılar. Mənim onlarla razılaşmamağımı bir çoxu siyasi naşılıq və ən yaxşı halda miyopik analiz soyuducusu kimi qiymətləndirirdilər. Atalar isə deyib ki, cücələri payızda sayarlar. Məncə, elə cənab Putin də bu atalar sözünün davamçısıdır. Gəlin, məsələlərə diqqətlə yanaşaq və fikirləşdiyimizi deyil, gördüklərimizi analiz edək…
    Mən şəxsən düşünürəm ki, bu müharibə bu il Avropada ciddi kataklizmlərə səbəb olacaq – on-on beş milyon Ukrayna qaçqını çox böyük insan axınıdır və onların təşrif buyurduqları ölkələr, artıq humanitar böhranlarla rastlaşmaqdadırlar. Bu adamları yedizdirmək, içizdirmək, yaşayış yerləri, işlə təmin etmək, onların mövcud sosial problemlərini həll etmək lazımdır... Unutmayaq ki, bunlar gözüqırpıq suriyalı qaçqınlar deyil, özlərini Avropanın vacib və tarixi hissəsi kimi qəbul edən yüksək ambisiyalara malik olan Ukrayna vətəndaşlarıdır. Gündən-günə artan ukraynalıların sayı bir çox Avropa ölkələrinin əhalisini üstələyir və hətta ən varlı ölkələrin iqtisadiyyatı üçün onlar fəlakət həddini yaxınlaşdıra bilərlər. Ukrayna qaçqınlarının emosional və maddi-mənəvi durumu heç də adekvat olmayan şəraitdə rasional yaşamağa oyrənən Avropa əhalisinə, artıq böyük ərzaq, işsizlik, kriminal və digər ictimai problemlər yaradır.
    Eyni zamanda, Rusiyadan gələn bir sıra əsas ərzaq məhsullarının və enerjidaşıyıcılarının idxalının dayandırılması qocaman Avropanın ahıl yaşında gündəlik və illərlə əvvəl planlaşdırılmış həyatına taleyüklü problem yaratmağa başlayıb. Buna sübut isə bir sıra Avropa ölkələrində əhalinin mitinqlər keçirməsi və hökumətlərindən mövcud humanitar böhranın qarşısını dərhal almaq tələbləridir.
    Bəlkə Rusiyanın planlarında məhz bu iki balaca məqam kifayət qədər böyük yer tutur və cənab Putin bizim atalarımızın sözü ilə ukraynalı qaçqın, ərzaq və enerjidaşıyıcılar məsələsini payıza qədər dəmdə saxlamaq niyyətindədir ki, Avropa və amerikalı toplumları bezdirərək üsyana qaldırsın?!
    Özlərini Putindən və qosqocaman Kreml administrasiyasından ağıllı hesab edən icmalçılar Rusiyada da vəziyyətin pis olduğunu və payıza qədər dözüm gətirməyəcəyini söyləyirlər. Bu gün bu beynəlxalq tərəzi daşlarının bir sualı var: durmadan artan sanksiyalar altında yaşayan Rusiya buna nə qədər tab gətirəcək? Rusiyanı və Avropanı yaxşı tanıyan birisi kimi, mənim üçün cavab çox asandır və onun açıqlamasını aşağıdakı sadə 2 misalla sizin də diqqətinizə çatdırmaq istəyirəm:
    1. Mənim isveçrəli dostum Hans Fuks sərin Alp dağlarında 21 dərəcəli may günündə "Saab" markalı avtomobilinin kondisioneri işləmədiyi səbəbindən işə getmədi. Avtomobil üç gün servisdə olan zaman da Hans işə getmədi. Şirkətin rəhbəri Hansın düşdüyü bu artıq dərəcədə acınacaqlı vəziyyəti anlayaraq, ona itirdiyi günlərə görə təzminat ödədi və tərəflər razı qaldılar. Heç nəyə baxmayaraq Hans ailəsini dolandırdı...
    2. Mənim Rusiya Sibirinin Çita şəhərində yaşayan dostum Valeri Nevzqodin isə yanvar ayında bir həftə ərzində işə ayaqla getməli oldu – ona görə ki, 58 dərəcə şaxtada onun "Lada" markalı avtomobili və ümumiyyətlə, ictimai nəqliyyat donaraq, sadəcə, işlək vəziyyətdə deyildi. Heç nəyə baxmayaraq Valeri də ailəsini dolandırdı...
    Bu iki misal başa düşənlər üçün dərin məna kəsb edir və bir çox qaranlıq məqamlara aydınlıq gətirir.
    Mənim növbəti düşüncəm: hələ ki, Moskva Qərbin üç ay əvvəl ona qarşı başlatdığı iqtisadi müharibədə də qalib gəlir.
    Vladimir Putinin Qərb ölkələrini Ukraynaya qarşı “xüsusi əməliyyat"a hərbi müdaxilə etdikləri təqdirdə, tarixlərində görmədiyi zərbə ilə hədələdikdən sonra, onu müharibədən çəkindirmək məqsədilə ABŞ başda olmaqla, Avropa və bir sıra digər ölkələr Rusiyaya qarşı ən yaxşı variant kimi iqtisadi sanksiyaların tətbiqinə başladılar. Bir neçə sanksiya dalğasından sonra isə məlum oldu ki, Moskvaya qarşı sanksiya və məhdudiyyətlər gözlənilən effekti vermir. Qərbin gözləntilərinin tam əksinə olaraq, Rusiyanın artan ticarət balansı sayəsində (yəni ixrac olunan malların dəyərinin idxal olunanların dəyərinə nisbəti – müəllif) ölkə “xüsusi əməliyyat"ı davam etdirmək üçün kifayət qədər maliyyə əldə edir.
    Rusiyanın əsas gəlir mənbəyi olan qaz və neft ixracının qiyməti getdikcə artır. Bundan əlavə, Avropa İttifaqının elan etdiyi Rusiya neftinin idxalına qismən qadağa qoyulması ilə dünya bazarında neft məhsullarının maya dəyəri artaraq, Kremli daha bir maliyyə uğuru ilə təmin edib. Küstərici Qərb Rusiyadan dönən kimi, rəsmi Moskva öz mallarına başqa alıcı tapmaqda heç çətinlik də çəkmədi. Məsələn, Çin və Hindistanın bu ilin aprel ayında Rusiyadan neft ixracı ötən illə müqayisədə 50%-dən çox artıb. O ki qaldı Avropa ölkələrinə, Rusiyaya qarşı sanksiya və nifrətdolu çıxışlarına baxmayaraq, Rusiyadan qaz və neft ixracını cəmi 10% azaldıb (təsvir 1). Dünya bazarında enerjidaşıyıcılarına qiymətlərin kəskin qalxdığını nəzərə alsaq, Avropa Rusiyadan neft ixracını 10% azaltsa belə, əvvəlkindən bir neçə qat çox pul ödəyir – özü də Rusiya Rublu ilə…
    Rus Rublu demişkən... ABŞ Prezidenti C. Bayden çıxışlarının birində 1 ABŞ Dollarının sanksiyalar nəticəsində 200 rubl xəttini keçəcəyini vəd etmişdi… Biz isə Rusiya və dünya birjalarında tamamilə fərqli vəziyyətlə qarşılaşırıq. Bu gün Rusiya Rublu ABŞ Dolları ilə müqayisədə Ukrayna ilə müharibədən əvvəlki məzənnəsindən də aşağı düşüb və düşməkdə davam edir (təsvir 2). Buna səbəb isə Rusiyanın ixrac etdiyi əsas məhsullar olan qaz, neft və buğdanı Rusiya Rubluna satması oldu. İş o yerə çatıb ki, dünya valyuta bazarlarında Rusiya Rublu ən möhkəm valyuta kimi qərar tutur.
    Rusiyaya ən sərt sanksiyaların tətbiqinin bayraqdarı sayılan Böyük Britaniyada isə inflyasiya rekordları qıraraq 9-10%-ə çatıb ki, bu da son 40 ilin ən yüksək göstəricisidir. Eyni amil benzin qiymətlərinə də aiddir. Ümumiyyətlə, "The Guardian" agentliyinin məlumatına görə, bu gün Qərb ölkələri iqtisadiyyatları 1970-ci illərin vəziyyətinə bənzər həm durğunluğun, kredit faizlərinin yüksəlməsi və işsizliyin artması, həm də inflyasiyanın qurbanı olaraq yavaş-yavaş mənfi inkişaf dövrünə qədəm qoyublar.
    Deməli, Rusiya bunların hamısını əvvəldən planlaşdırmışdı və bu üfüqlər – ani iqtisadi və maliyyə islahatları yalnız real müharibə şəraitində bu cür sıçrayışla yeni fazaya keçə bilərdi...
    Belə ki, müharibə başlananda Rusiya Prezidentinin reytinqi 63% düşmüşdüsə, iyun ayında ona olan inam səviyyəsi, "İzvestiya" agentliyinin verdiyi məlumata görə, 81,3%-ə qalxıb və qalxmaqda davam edir.
    Bəs Rusiyaya qarşı çıxış edən ölkələr sanksiyalar siyasətinə start verəndə hər şeyi planlaşdırmışdılarmı? Məncə, yox.
    1. İlk növbədə, Rusiya qoşunlarının fevral və mart aylarında Kiyev istiqamətində hücumu məhz Kreml generallarının hərbi taktikası idi. Kiyevi almaq və dayanmadan digər Avropa ölkələrinə hücum çəkmək xofu ilə ABŞ və Avropa ölkələrini qorxudub başlarını qataraq, reallıqda isə Ukraynanın strateji vacib cənub dənizkənarında yerləşən limanlarını ələ keçirmək idi. Bu sırada Ukraynanın nəhəng sənaye infrastrukturunu ya ələ keçirmək, yaxud məhv etmək bu planın bölünməz hissəsi idi. Cənubda məqsədlərinə tam nail olan Rusiyanın hərbi komandanlığı Kiyev istiqamətindən geri çəkilərək, rusların daha çox məskunlaşmış vacib iqtisadi ərazilərində mövqelərini möhkəmləndirdi.
    2. Qərbin sanksiyaları nəticəsində dünyada enerjidaşıyıcıları böhranının yaranması, qaz və neft qiymətlərinin ən rekord qiymətlərə çatdırılması (təsvir 3) və artıq heç bir beynəlxalq təşkilatların kvota tənzimlənmələrinə məhəl qoymayaraq, Rusiya ixracının çoxaldılması və əvvəlkindən daha artıq qiymətə istədiyi həcmlərdə satması və qazanc əldə etməsi.
    3. Qərbin sanksiyaları nəticəsində Rusiyanın bütün beynəlxalq bank sistemlərindən kənarlaşdırılması Moskvanı çıxılmaz vəziyyətdə qoyaraq, bütün ixracını rublla aparmağa məcbur etdi. Nəticə olaraq dünyanın heç bir birjasında katirovkalarda işlənməyən  Rusiya Rublu beynəlxalq bazarda mövqeyini ciddi möhkəmləndirərək, əsas valyutalar sırasına daxil oldu.
    4. Rus Rublu tam möhkəmlənəndən sonra, Qərbin sanksiyaları nəticəsində Rusiyaya məxsus 300 milyard dollar əmanətinin dondurulması nəticəsində rəsmi Moskva həmin məbləğdə Rusiya Rublu istehsal etməklə dünya valyuta bazarlarında böyük bir maliyyə böhranı yaratdı. Rusiya ona məxsus vəsaitləri Rubl çap etməklə, demək olar ki, maliyyə böhranından məharətlə çıxdı və mövqelərini bərkidərək, yerli istehsalın inkişafını stimullaşdıraraq, xaricdən gələn malların gəlirliliyini şübhə altına qoydu.
    5. İcmalçıların fikirincə, müharibədə Rusiya qoşunlarının çox ləng irəliləmələri Kremlin gücünün tükənməsi kimi qələmə verilir. Mən isə tamamilə başqa fikirdəyəm. Rusiya tərəfindən vəziyyətin ləngidilməsi irəlidən gələn "payız cücələri" və "qışın oğlan çağı"nın gözlənilməsi ilə bağlıdır. Soyuq fəsillərə çatan dünyada, artıq taxıl və enerjidaşıyıcılar çatışmazlığı tuğyan edən zaman və sadə Avropa vətəndaşlarının evlərində istiliyin olmaması ilə nəticələnən sanksiyalar insanların qəzəbinin öz hökumətlərinə qarşı çevrilməsi halları başlanacaq.
    6. Rusiya texnoloqlarının digər planlarına görə, soyuq fəsillərə qədəm basan Avropa, artıq sayı 10 milyona çatan Ukrayna qaçqınlarından bezərək, onları rəsmi şəkildə öz ölkələrindən çıxarılması ilə nəticələnməlidir.
    Müharibəyə baxmayaraq, Moskvada keçmiş Ukrayna Prezidenti cənab Poroşenkonun istehsal etdiyi "Roşes" konfetləri, Kiyev isə Rusiya qazından istifadə etməkdə davam edir…
    Qərb Putin ilə Zelenskinin görüşünü və müharibənin sonunu təşkil etmək əvəzinə, Ukraynaya silah yollamaqda davam edir. Bu arada isə BMT Ukraynada hər iki tərəfdən həlak olanlarla bağlı son məlumatları dərc edib – 280-i uşaq olmaqla, ümumilikdə, 4 452 mülki şəxsin ölümü təsdiqlənib.
    Təəssüf ki, bu gün müharibəni dayandırmaq heç bir tərəfin hələlik marağında və ixtiyarında deyil. O ki qaldı qarğalara, bu münaqişədə iştirak edən hər tərəfin ağ, qara və ya ağ-qara qarğalar üçün öz qozları var.