BLOQ

Ən böyük yalan ən Böyüyün adına deyilən yalandır

Ən böyük yalan ən Böyüyün adına deyilən yalandır
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Günlərin biri Məşədi Qəzənfər baqqal dükanı açır. Orada ölçüyə və çəkiyə gələcək mallar satacaqdı. Özünə bir uzunluq ölçən, bir də tərəzi və tərəzi daşları alır. “Bismillah” deyib işə başlayır. Amma xəbəri də olmur ki, aldığı tərəzi də, uzunluq ölçən də standartdan az imiş. İllərlə yüz minlərlə insana mal satır. Hər işini düz bilsə də, əskik satır. Yəni satan da, alanlar da aldanırlar.

    Günlərin bir günü bir nəfər məsələnin fərqinə varır, əvvəl Qəzənfəri, sonra da alıcıları məsələdən agah etməyə başlayır. Amma artıq iş-işdən keçmişdi.

    Əksəriyyət nəinki ibrət almır, bəlkə onları aydınladanı topa tutub özlərindən uzaqlaşdırmağa başlayırlar. 15 əsr bundan əvvəl Allah tərəfindən insanlığa “Quran” adlı bir tərəzi göndərildi. Mətninə toxuna  bilməsələr də, mənasını istədikləri kimi yozmağa başladılar. Bu da yetmədi, hərə özünə bir məzhəb dükanı açdı. Kaş bununla dura biləydilər...

    Hər məzhəb özünü cənnətlik, digərlərini çox rahatlıqla cəhənnəmlik elan etdi. Bu da yetmədi, özü üçün cənnətlər yaradıb başqalarına cəhənnəm yaşatdılar. İş o yerə çatdı ki, bu gün - XXI əsrdə kimsə bir ruhaniyə sual versə, ruhaninin ilk sualı "Hansı məzhəbdənsən?" olur. Vay o gündən ki, şəxs məzhəbin nə olduğunu bilməyə. Məzhəbini bilənlərin də işi asan olmur. Növbəti sual "hansı alimə təqlid edirsən?" olur. Bütün bu sorğu-sualdan sonra verilən cavabların 90%-i “Quran”la heç bir əlaqəsi olmur. Onlardan "Bəs bunların qaynağı nədir? deyə soruşduqda... əlbəttə ki, hədislər! O hədislər ki, ən tezi Peyğəmbərdən 250 il sonra yazılmağa başlanır, vahid kitab halına isə orta əsrlərdən bu yana yığılmağa başlanır. Ümmət olaraq ilk əmri "Oxu!" (düşünən beyin ol) alsaq da, düşünmədik heç, düşünənlərə qənim kəsildik. İbn Sina kimi dahiləri kafir elan edəcək qədər cahil olduq. “Quran”da düşünmək üçün beş dərinməlı kəlmələrdən istifadə olunur.

    1. Təfəkkur - fikir yürüdərək düşünmək.

    2.Təzəkkur - keçmişi xatırlayaraq düşünmək, nəticə çıxarmaq.

    3.Tədəbbur - davamlı olaraq düşünmək və hər dövrə, şəraitə uyğun qərarlar qəbul etmək.

    4.Təəqqul - qarşılaşdığımız mövzular barədə əlaqəli düşünmək, hadisə və varlıqlar arasında əlaqələri kəşf etmək.

    5.Təfəqquh - hər mövzu və məsələni tədqiq edərək, araşdıraraq üzərində düşünmək.

    Amma ən maraqlısı budur ki, düşüncəyə bu qədər yer verən bir kitabda 30 bədən üzvünün adı çəkilsə də, düşünən beynin (ərəb dilində “mux”) adı çəkilmir və onu "qəlb" (ürək) adlı başqa bir orqan əvəz edir. Nə üçün qəlb? Qəlb ərəb dilində "dəyişmək"-"əvəz etmək" mənasını verir. Ürəyə də belə bir ad iki əsas səbəbdən verilir. 1. Qan dövranını dəyişdiyi üçün. 2. Orqanizmdəki yerinin əhəmiyyətini göstərmək üçün.  Belə ki, beynin özü də ürəkdən keçən qan dövranı sayəsində aktiv hala gələ bilir. Düşüncə və fikirlərin hər zaman qan dövranı kimi dəyişdiyini nəzərə alaraq ona "qəlb" adının verilməsi heç də səbəbsiz deyil. Beynin düşünmə qabiliyyəti bizi belə bir suala cavab tapmağa vadar edir.

    1. Bizi idarə edən beyindir, yoxsa biz beynimizi idarə edirik.

    2. Əgər o bizi idarə edirsə, o zaman biz nə üçün və hansı məntiqlə əməllərimizə görə sorğuluyuq? “Beynim hökm etdi, mən də etdim!” - deyib məsuliyyətdən çox rahat yaxa qurtara bilərik.

    3. Yox, əgər biz beynimizi idarə ediriksə, onda nə üçün istədiyimiz zaman istədiklərimizi xatırlaya bilmirik? Və nə üçün yatdıqda qeyri-ixtiyari yuxular görür və onları idarə edə bilmirik?

    Bəs “Quran” bu mövzuya toxunurmu? İnsan ağlına gələn hər suala cavab tapmalıdırmı? Bütün bunlar barədə növbəti yazımızda.