Həkimlərin reseptlərinə nəzarət ediləcək

Səhiyyə Nazirliyi bununla bağlı müvafiq tapşırıqlar verib.
Bu gün Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilib.

Məlum olduğu kimi, Səhiyyə Nazirliyində 14 iyun tarixində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmazlıqların aradan qaldırılmasına dair verilən tapşırıqların icrası məqsədilə səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə geniş toplantı keçirilmişdi. Toplantıda dərman vasitələri ilə təchizat sahəsində problemlərin aradan qaldırılması məqsədilə geniş tədbirlərin həyata keçirilməsi, müvafiq planların hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək məqsədilə sosial sahədə tarixi nailiyyət kimi qiymətləndirilə biləcək addım atılıb. Ölkə başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif (qiymət) Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib və nəticədə baxılmaq üçün təqdim olunmuş dərmanların qiyməti nəzərəçarpacaq dərəcədə aşağı salınıb. Sentyabrın 15-dən etibarən artıq bu qərar tətbiq olunmağa başlanılacaq.

Qeyd olunanları əhalinin dərman təminatının yaxşılaşdırılması sahəsində olduqca mühüm addım kimi qiymətləndirmək olar.

Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq. Bu isə öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək. Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək.

Bundan başqa, müşavirədə qeyd edilib ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır.

Tədbirlər planında, həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər öz əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Eyni zamanda, tədbirlər planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt”, əhalidən daxil olan məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

Həmçinin oxuyun: Tarif Şurasından dərmanların qiyməti ilə bağlı açıqlama