Salyanda iki qardaşı ölən körpə də öldü

Üçəmlərin sonuncusu Bakıda dünyasını dəyişib.
Yeni doğulan körpə
Yeni doğulan körpə

Salyanda doğulan və doğuşdan bir neçə saat sonra ikisi ölən üçəmlərin sonuncusu da Bakıda dünyasını dəyişib.

Bu barədə ANS PRESS-ə dünyasını dəyişən üçəmlərin yaxınları məlumat verib.

Salyan şəhər sakini Abdullayeva Mirzabitə İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra üçəmlərdən ikisi ölüb.

Sağ qalan körpə Bakıdakı Elmi Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. 

Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb.

Səhiyyə Nazirliyi doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyini, uşaqların çəkisinin çox az olduğunu açıqlayıb. Nazirlik küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatları təkzib edib.

Körpələrin ölüm faktı ilə bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İyunun 22-də ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ümumilikdə ekspert müayinələri davam edəcək, bu proses üç həftə ərzində yekunlaşacaq. Ölümün dəqiq səbəbi proses yekunlaşandan sonra məlum olacaq. Yekun nəticələr üç həftədən sonra Salyan rayon Prokurorluğuna təqdim olunacaq.

 İlkin nəticələr barədə hər hansı məlumat açıqlanmayıb.

 

Şərhlər