Cahangir Hacıyevin şirkətində maaş davası (FOTO)

Aylardır maaş ala bilməyən “Azərinşaatservis”in işçiləri yürüşə başladılar.
Paytaxtda aylardır maaş ala bilməyənlər etiraz aksiyasına başlayıblar. ANS PRESS-in məlumatına görə, aksiya keçirənlər “Azərinşaatservis” MMC-nin işçiləridir. Etirazçılar beş aydır ki, maaş ala bilmədiklərini deyirlər.

Onlardan biri olan Məhəmməd Əmirovun sözlərinə görə, aprel ayından əmək haqqını ala bilməyənlər var. "Şirkət bizi işlətdi, sentyabr ayının sonunda bizi öz hesabımıza məzuniyyətə göndərdilər. İndi isə ailəmizi saxlamağa pulumuz yoxdur. Hazırda 250 nəfərə yaxın iş yoldaşımla Dərnəgül yolu istiqamətindən aksiyaya başlamışıq. Biz Dərnəgül yolundan keçməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü keçiririk".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, işçilər Dövlət Əmək müfəttişliyi tərəfindən qəbul ediliblər. Onlara bildirilib ki, bu məsələ araşdırılacaq. E.Babayev bu görüşdən sonra aksiya iştirakçılarının nazirliyin qarşısından ayrıldığını deyib.

Məsələ ilə bağlı “Azərinşaatservis” MMC şirkəti ilə əlaqə saxlamaq istəsək də, şirkətin telefonları borca görə bağlı olduğu üçün şirkətin mövqeyini öyrənə bilmədik.

Fəhələlər adı çəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.




Aksiyadan fotolar




Fotolar Müsavat-a məxsusdur


Xatırladaq ki, adıçəkilən qurumun işçiləri ötən gün də aksiya keçiriblər. 30 nəfər işçi bir araya toplaşaraq məvaciblərini ala bilməmələrindən narazılıq edib. İşçilərin sözlərinə görə, maaşlarının verilmədiyi azmış kimi qeyri-qanuni işlədilirlər.

Belə ki, işə girərkən şirkətlə əmək müqaviləsində hər gün 8 saatlıq iş rejimi nəzərdə tutulsa da, onlar 12 saatdan çox, bəzən bazar günləri də daxil fəaliyyət göstəriməli olublar. İş rejiminə işçilər narazılıq edəndə isə rəhbərlikdən bildirirmişlər ki, “xoşun gəlmir, çıx hara istəyirsən get”.