Daha bir metrostansiyanın giriş-çıxışı bağlanır

İyulun 1-dən 20 Yanvar stansiyasının I vestibülündən istifadə mümkün olmayacaq.
20 Yanvar stansiyası
20 Yanvar stansiyası

Bakı Metropoliteninin daha bir stansiyasının bir giriş-çıxışı bağlanır. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planına uyğun olaraq stansiyaların yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub. 

“20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. 

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “20 Yanvar” stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

20 Yanvar stansiyasının I vestibülü
20 Yanvar stansiyasının I vestibülü

II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

Hazırda Elmlər Akademiyası stansiyasının da I vestibülü bağlıdır və adıçəkilən ərazidə təmir işləri həyata keçirilir. 

 

Şərhlər