Nardaranın işıqsız qalmasının səbəbi - RƏSMİ

Abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.
Bu gün Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev ANS PRESS-ə açıqlama verib.

Onun sözlərinə görə, qəsəbədə elektrik enerjisinin verilişi dayandırılması məlum son hadisələrə heç bir aidiyyatı yoxdur. Qurum rəsmisi bildirib ki, noyabrın 20-də “Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdi.

“Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.

Tanrıverdi Mustafayev onu da qeyd etdi ki, abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.


Tanrıverdi Mustafayev - “Azərişıq” ASC-nin mətbuat katibi

“Azərişıq” ASC noyabrın 20-də xəbərdarlıq etmişdi ki, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 23 noyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.