Abituriyentlərin nəzərinə!

TQDK imtahan verəcək abituriyentlərə müraciət edib
"11 illik bazada kolleclərə (texnikumlara) qəbul olmaq istəyən və orta məktəbi bu il bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər".

ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, orta məktəbi əvvəlki illərdə bitirən və yalnız tam orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında iştirak edə və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər.

TQDK-dan bildirilib ki, həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər.

Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər orta ixtisas təhsil müəssisələri üzrə ixtisas seçimində iştirak edə bilərlər.

Qeyd edək ki, bu haqda daha ətraflı məlumat 1 saylı "Abituriyent" jurnalında təqdim olunacaq. Jurnalın gələn ilin əvvəlləri nəşr olunması nəzərdə tutulur.