Təhsil Nazirliyinin dərs ilini iyunun 14-dək uzatmaq qərarı etiraza səbəb olub

Azərbaycanda dərs ilinin 1 sentyabr-25 mayda olması üçün petisiya başladılıb.
Son zəng
Son zəng

Təhsil Nazirliyinin dərs ilini iyunun 14-nə qədər uzadılması ilə bağlı qərarı bir çox valideyn və şagirdlər, eləcə də bəzi müəllimlər arasında narazılıq yaradıb. ANS PRESS-in məlumatına görə, şikayətçilər dərslərin iyunun 14-nə kimi davam etməyindənsə, tədris ilinin başlanmasının sentyabrın 1-nə çəkilməyini daha effektiv sayırlar. Onların etirazlarına səbəb isə iyun ayında müşahidə edilən isti hava və uşaqların bu havada dərs oxumaq qabiliyyətlərinin düşməsi olub. 

"Dərs həftəsini uzatmaqdansa, proqramı yüngülləşdirsinlər"

Hətta nazirliyin bu qərarını ləğv etməsi üçün narazı valideynlər petisiya da yaradıblar. Onlar bu petisiyanı Azərbaycan prezidenti cənab İlham Əliyevə, təhsil naziri Mikayıl Cabbarova, Nazirlər Kabinetinə göndərmək fikrindədirlər. artıq minlərlə insan tərəfindən imzalanan petisiyada deyilir: 

“Hörmətli Dövlət rəsmiləri!

Əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar ki, dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik dərslər əvvəlki kimi 1 sentyabr-25 may arasında keçirilsin”.

Petisiyanı hazırlayan Araz Mustafa deyir ki, o, təhsilin müddətinin qısaldılmasını istəmir. Sadəcə tədris ilini iyunun 14-nə qədər uzatmaqdansa, 1 sentyabr-a geri çəkməyin daha məqsədəuyğun olduğunu hesab edir. 
“1-15 sentyabr ilə 1-14 iyun arası temperatur göstəricisi, demək olar ki, eynidir. Amma burada istidən əlavə şagirdlər üçün psixoloji faktorlar da çox rol oynayır. Yay ayları yaxınlaşdıqca şagirdlər daha çox tətilə meyilli olurlar. Sentyabr ayında isə şagirdlər daha çox dərs yönümlü olur”.

Narazıların bildirdiyinə görə, dərs ilinin iki həftə uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Valideyn Səbinə Tağırova deyir ki, oğlu İlkin ikinci sinifdə oxuyur. Onun sözlərinə görə, bir yandan dərslərin çoxluğu uşağın beynini onsuz da yorur, digər yandan da bu ildən tədris ilinin iki həftə uzaldılması uşaqlarda dərslərə sevgi deyil, əksinə çaşğınlıq və yorğunluq yaradır.

“Onsuz da uşaqları yay tətilinə buraxanda o qədər tapşırıqlar da verilir ki, uşaq bilmir yay haradan gəldi, harada qurtardı. İstirahət üçün vaxtları qalmır. İndi də tədris ilini iyunun 14-dək uzadıblar ki, dərs yükü azalsın. Ondansa, proqramı yüngülləşdirsinlər. Uşaqların beyni çox yorulur”.

Sabina Tağırova - valideyn
Sabina Tağırova - valideyn

Müəllimə Aygül Kərimova da hesab edir ki, heç may ayının ikinci ongünlüyündə məktəbdə oturmaq mümkün olmur, o ki qaldı iyuna. “Qapı və pəncərənin açılması da təsir etmir. Sinifdə nəfəs almaq mümkün olmur. Uşaqlara su çatdırmaq olmur. Görəsən, bu qərarı verənlər özləri 45 dəqiqə sinifdə otura bilərlərmi?”

Təhsil Nazirliyindən isə ANS PRESS-ə verilən açıqlamada tədris həftələrinin sayının 32 həftədən 34 həftəyə çatdırılmasının məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması olduğu deyilib. 

“Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır. Xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərir”.

Nazirlər Kabinetinin 2014-cü il qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb.

Nazirlik vurğulayır ki, əslində iyun ayının ilk iki həftəsi ilə sentyabr ayında müşahidə edilən temperatur göstəricilərində elə də böyük fərq yoxdur. "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilmiş məlumata görə, son 10 ildə aparılmış müşahidələrin nəticələri göstərir ki, respublika ərazisində iyun ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 22,40 C, mütləq maksimum temperaturu 38,30 C, mütləq minimum temperaturu 11,00 dərəcə C olur. Sentyabr ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu müvafiq olaraq 21,90, 38,00 və 9,40 dərəcə C olub.

Eyni zamanda 1-14 sentyabrın yay fəslinə, 1-14 iyun tarixlərinin isə yaz fəslinə təsadüf etdiyini nəzərə alsaq, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək".

Bir sıra ölkələr üzrə illik dərs həftələrinin sayı
Bir sıra ölkələr üzrə illik dərs həftələrinin sayı

Məlumat üçün bildiririk ki, inkişaf etmiş ölkələrin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır. 

Hətta Birləşmiş Ərəb Əmirliklərində də tədris ili iyunun sonunadək davam edir, amma uşaqların istirahəti üçün onlara qışda və yazda bir ay müddətinə tətil verirlər. 

Yaxşı olardı ki, təhsil ilinin uzadılması barədə qərar valideyn və müəllimlərlə razılaşdırılsın. Petisiyanın 5000-ə yaxın valideyn tərəfindən imzalaması və sürətlə yayılması da buna bariz nümunədir.

Hər halda, ümid edək ki, valideyn və müəllimlərin narazılıqları nəzərə alınar və bütün tərəflərin ortaq razılığına səbəb olacaq qərar verilər. 

 

Şərhlər